Paşinyanın Qarabağ qərarsızlığının arxasında nə dayanır? - ŞƏRH

Arzu Nağıyev: İqtisadiyyatı inkişaf etməyən bir dövlət işğal olunmuş rayonları əldə saxlaya bilməz

“Ermənistan hökuməti hələ də hansı prinsiplər əsasında danışıqlar aparacağını bəyan etmir. Bununla bağlı müəyyən təhlükələr var. Xüsusilə ehtiyat edirik ki, erməni hökumətinin bu siyasətini beynəlxalq ictimaiyyət qeyri-konstruktiv adlandırsın. Bu isə döyüş fəaliyyətlərinin yenilənməsinə gətirib çıxara bilər. Bu, arzuolunmaz ssenaridir. Ümid edirəm ki, ən yaxın zamanda erməni tərəfi özünün prinsiplərini elan edəcək”.

Bunu Rusiyanın Federal Xəbərlər Agentliyinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryanın mətbuat katibi Viktor Soqomonyan deyib.

Onun bu açıqlaması aprel ayında bir ili tamam olan Paşinyan hakimiyyəti barədə bir sıra suallar doğrurur. Yeni hökumət bu bir il ərzində, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində öz prinsiplərini ortaya qoya bilməyibsə, ondan daha nə gözləmək olar? Və ya Paşinyanın Qarabağ qərarsızlığının arxasında nə dayanır?

Məsələ barədə politoloq Arzu Nağıyevlə həmsöhbət olduq. O, AzNews.az-a bildirdi ki, Azərbaycan hər zaman münaqişənin Madrid prinsipləri əsasında həllini tələb edir. Ermənistan tərəfi isə qlobal müstəvidə iki variant irəli sürür. Birincisi, status məsələsi, ikincisi də təhlükəsizliyə qarant. Azərbaycan tərəfi həm statusu, həm də təhlükəsizliyə qarantı tam şəkildə verməyə hazırdır. Lakin ilk növbədə işğalçılar işğal olunmuş ərazilərdən çıxarılmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtarılmalıdır. Məhz bundan sonra, status və dgər məsələlərin həllinə nail olmaq olar:

“Amma Ermənistan hər dəfə müxəlif bəhanələr irəli sürməklə çalışır ki, status-kvonu uzatsın. Status-kvo uzandıqca münaqişə də həll olunmur. İlk vaxtlar Paşinyan çalışırdı ki, danışıqların fomatını dəyişdirsin. Onun bu niyyəti alınmadı. Çünki heç vaxt, hətta BMT-nin tanıdığı ərazi bütövlüyü çərçivəsində belə separatçılar öz bayraqları altında danışıqlarda iştirak edə bilməz. Paşinyan bu istiqamətdə müxtəlif addımlar atdı, hətta Dağlıq Qarabağda Təhlükəsizlik şurasının iclasını da keçirdi. Eyni zamanda, bir sıra güc strukturları oraya səfər edib separatçılarla görüşdü, hətta bu səfərləri protokollaşdırdılar. Guya ki, onlar separatçıları bir dövlət nümayədəsi kimi tanıyırlar. Digər məsələ isə separatçıların lideri Bako Saakyanın Ermənistan parlamentində hesabat verməsidir. Yəni bunlar tam şəkildə çalşırılar ki, nəyin bahasına olur-olsun, Dağlıq Qarabağ separatçılarını bir qurum, qondarma bir dövlət nümayəndəsi kimi üzə çıxarsınlar, Dağlıq Qarabağı ayrıca bir dövlət kimi tanıtsınlar”.

Politoloq vurğuladı ki, erməniləri birləşdirən üç məfhum var. Birincisi, qondarma soyqırımı, ikincisi Dağlıq Qarabağ məsələsi, üçüncüsü də kilsə. Bunların hər birində də ermənilər eyni nöqtəyə vurmağa çalışırlar. Lakin bunlar həm diaspora səviyyəsində, həm də müxtəlif hüquqi müstəvidə alınmadığı üçün çalışırlar ki, status-kvonu uzatsınlar:

“Eyni zamanda, ortada Rusiya faktoru var. Ruslar tam şəkildə nüfuzu ələ almağa çalışırlar. Bu da təbii ki, ABŞ-ı razı sala bilməz. Bu gün ABŞ Rusiyanın regiondakı nüfuzunu aşağı salmaqdan ötrü lazımi addımları atır. Bütün bu poseslərə görə, belə fikirlər var ki, guya Paşinyan bu münaqişəni beynəlxalq statuslara uyğun həll etməyə çalışır. Lakin özü-özlüyündə gözəl bilir ki, iqtisadiyyatı inkişaf etməyən bir dövlət işğal olunmuş rayonları əldə saxlaya bilməz. Bu nə iqtisadi, nə də hərbi cəhətdən mümkündür. Ona görə də əvvəl-axır bu münaqişəni həll etmək lazımdır”.

Elgün
AzNews.az