"Daxili narazılıqlar Paşinyanı Çinə qaçmağa məcbur etdi"

Çinin Ermənistanda heç bir uzunmüddətli marağı yoxdur

"Nikol Paşinyana qarşı tənqidi yanaşmalar çox oldu. Erməni cəmiyyəti, ictimaiyyət öz narazılığını bildirdi ki, regionda və dünyada mühüm layihələr həyata keçirilir, Ermənistan isə bütün bunlardan kənarda qalır. Məhz bu boşluğu doldurmaq üçün Paşinyan dərhal Çinə nəinki səfər etdi, hətta qaçdı".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Çinə iki günlük işgüzar səfərini AzNews.az-a şərh edən politoloq İlqar Vəlizadə dedi.

Onun sözlərinə görə, əslində, Paşinyanın Çinə səfərini gecikmiş bir səfər adlandırmaq olar. Çünki ötən ay Çində “Bir Kəmər-bir yol” layihəsi çərçivəsində zirvə toplantısı keçirildi. Toplantıda layihənin fəal iştirakçısı olan ölkələr, onların rəhbərləri təmsil olunurdu. O cümlədən də Azərbaycan Prezidenti ilham Əliyev də o tədbirdə iştirak etdi və bir sıra səmərəli görüşlər keçirdi. Bu görüşlərdə bir daha bəyan edildi ki, Çin Azərbaycanla münasibətlərə böyük önəm verir və onun regionda bir nömrəli tərəfdaşı məhz Azəraycandır. Çünki “Bir Kəmər-bir yol” layihəsinin tərkib hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Azərbaycandan keçir, Azərbaycan bunun təşəbbüskarı və operatorlarından biridir:

"Təbii olaraq, Ermənistan rəhbərliyi bu mühüm toplantıda iştirak etmədi. Ona görə də ölkə daxilində Nikol Paşinyana qarşı tənqidi yanaşmalar çox oldu. Erməni cəmiyyəti, ictimaiyyət öz narazılığını bildirdi ki, regionda və dünyada mühüm layihələr həyata keçirilir, Ermənistan isə bütün bunlardan kənarda qalır. Məhz bu boşluğu doldurmaq üçün Paşinyan dərhal Çinə nəinki səfər edib, hətta qaçıb. Ümumiyyətlə, bütün rəsmi səfərlər uzunmüddətli hazırlıq işlərindən sonra reallaşır. Amma bu səfər ölkəsindəki tənqidi münasibətlərdən dərhal sonra başlayıb. Bu da o deməkdir ki, tələsik və qaçaraq hazırlanan bir səfərdir və daxili narazılıqlara cavab məqsədi ilə həyata keçirilib".

Politoloq vurğuladı ki, Paşinyan Çindən pul, investisiya umur. Amma Çində də yaxşı başa düşürlər ki, Ermənistanın daxili bazarı çox acınacaqlı durumdadır. Ölkənin kommunikasiyaları ancaq şimala və cənuba işləyir, bunlar da, əslində, yaxşı işləmir. Çünki ara-sıra Gürcüstan və İranla problemlər yaşanır. Ona görə də Emənistan Çin üçün maraqlı ölkə deyil:

"O ki qaldı, Paşinyanın Çində səsləndirdiyi böhtan xarakterli bəyanatlara, dünya liderləri, əslində, bu bəyanatlara alışıblar və heç bir əhəmiyyət vermirlər. Çünki burada daha əhəmiyyətli olan uzunmüddətli maraqlardır. Çinin isə uzunmüddətli maraqları məhz Azərbaycanla bağlıdır".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən Çinə iki günlük işgüzar səfərə gedib. Erməni lider Pekindən böyük maliyyə dəstəyi, iqtisadiyyatı üçün sərmayə umsa da heç nə qopara bilməyib. Demək olar ki, səfərin heç bir real nəticəsi olmayıb.

Bununla yanaşı, erməni lideri Çində deyib ki, Ermənistan ayrıcı xətlərə, süni maneələrə və qapalı sərhədlərə qarşı çıxır. "XXI əsrdə bu anlayışlar absurddur, lakin bizim qonşularımız ayırıcı xətlər, maneələr və qapalı sərhədlər saxlamağa davam edirlər. Bununla da təhlükəsizliyimiz üçün problemlər yaradırlar" - deyə, o qeyd edib.

Elgün
AzNews.az