İşğalçı ölkə 2020-ci ildə işğal altındakı ərazilərə üçüncü yolu çəkəcəyini anons etdi İşğalçı ölkə 2020-ci ildə işğal altındakı ərazilərə üçüncü yolu çəkəcəyini anons etdi

Ermənistan Qarabağa yol çəkir - Bakıdan sərt xəbərdarlıq

İşğalçı ölkə 2020-ci ildə işğal altındakı ərazilərə üçüncü yolu çəkəcəyini anons etdi

İşğalçı Ermənistan nə beynəlxalq qanunlara, nə də sülh danışıqlarının davam etdirilməsi zərurəti barədə çağırışlara məhəl qoymayaraq növbəti həyasız addım atmaqdadır. Belə ki, Ermənistan Qarabağa üçüncü yolun çəkilişinə hazırlaşır. Bununla bağlı erməni mediasına istinadən xəbər veririk.

Ermənistan mətbuatı yazır ki, ölkə hökuməti 2020-ci ildə Dağlıq Qarabağla Ermənistan arasında 150 km-lik yeni yolun çəkilişinə hazırlaşır. Bu haqda Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan açıqlama verib. O deyib ki, artıq məsələ ilə bağlı qərar verilib. “Mən inanıram ki, ilin sonunadək yekun müzakirələr aparacağıq və əlimizdə bu yolun çəkilişi ilə bağlı yol xəritəsi olacaq” - baş katib deyib. A.Qriqoryan Azərbaycan ərazilərinə uzanacaq bu yolun çəkilişi üçün maliyyə imkanlarının olduğunu da iddia edib. Xatırladaq ki, başa çatdırılacağı halda, bu, Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistandan çəkilən sayca üçüncü magistral yol olacaq. Üstəlik, Ermənistan hökuməti Qərbdən, erməni diasporundan maliyyə diləndiyi halda, Azərbaycan torpaqlarına yol çəkilməsi üçün vəsait ayırırsa, bu, rəsmi İrəvanın həyasızlığının son həddi sayılmalıdır. Bu, həm də ondan xəbər verir ki, Ermənistan danışıqlarda iştirak etməklə, sadəcə, status-kvonun uzanmasına, fürsətdən yararlanıb ərazilərimizdə məskunlaşdırma, mühəndis-istehkam qurğularını qurmağa çalışır, həmçinin müharibə başlayacağı halda, bölgəyə əlavə qüvvələrin asan daşınması üçün alternativ yollar çəkilməsi üçün istifadə edir.

Bu yol Ermənistanın Qafan şəhərini işğal altındakı Hadrut rayonuna (Xocavənd) birləşdirəcək, uzunluğu 150 kilometr olacaq. Ərazi İnkişaf və İnfrastruktur Nazirliyi fərqli açıqlama yayıb. Bildirilib ki, layihə hələ işlənib hazırlanma mərhələsindədir, əlavə detallar barədə açıqlama verə bilməzlər. Virtualaz.org xəbər verir ki, Ermənistanı işğal altındakı Qarabağla birləşdirən üçüncü yolun çəkilişi ideyası düşmən ölkədə neçə vaxtdır müzakirə olunurdu. Lakin bu ideya Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra reallaşma mərhələsinə daxil olub. İlin əvvəllərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunun ərazisinə gələrək “Arazboyu ərazilərin məskunlaşdırılması” planı haqda danışmışdı. Vanetsyan bildirmişdi ki, onun hazırda dayandığı ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz, əksinə, həmin əraziləri məskunlaşdırmaq planı hazırlanır. Bu baxımdan Qafanı Xocavəndlə birləşdirəcək üçüncü yolun çəkilməsi Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları məskunlaşdırmaq planlarına xidmət edir. Belə görünür ki, İrəvanda “bir qarış da torpaq qaytarmamaq” prinsipindən geri çəkilmirlər və danışıqlar ancaq formal əhəmiyyət daşıyır, vaxt udmağa xidmət edir. Son dövrlərə qədər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yol Gorus-Laçın-Xankəndi yolu idi. Lakin bir neçə il əvvəl Ermənistan Qarabağa ikinci yolu çəkdi, bu yol qədim Göyçə mahalını işğal altındakı Kəlbəcər rayonu ilə birləşdirir. İndi isə üçüncü yol planı açıqlanır.

Yeri gəlmişkən, indiki durumda Qarabağ klanının liderlərindən biri, eks-prezident Serj Sərkisyanın yenidən Qarabağa gələcəyi barədə yayılan xəbər də diqqət çəkir.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev bildirdi ki, son vaxtlar maraq doğuran məsələlərdən biri də Serj Sərkisyanın Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlıdır: “Təbii ki, burada siyasət də ola bilər - baxmayaraq ki, separatçı qurumun rəhbərləri bunu adi gəzinti kimi qələmə verməyə çalışırlar. Məntiqlə Sərkisyanın səfəri 2020-ci ildə keçiriləcək saxta seçkilərlə də bağlı ola bilər və Paşinyanın əleyhinə və ya tərəfdarı olmayan elektoratın təlimatlandırılması da ola bilər. Bundan başqa, Rusiya prezidentinin Ermənistana səfəri öncəsi situasiyanın təhlili üçün materialların toplanması da ola bilər. Yəni hiss olunur ki, Qarabağ klanı heç də öz fəaliyyətini dayandırmır və siyasi arenada fəaliyyətini davam etdirməkdədir. Bu işdə Köçəryanın azad olunacağı da mühüm rol oynaya bilər. Siyasilərin də qeyd etdiyi kimi, Rusiyanın tələblərindən biri də məhz budur. ”Seçkilər"lə bağlı onu demək olar ki, həmişə olduğu kimi, heç bir dövlət tərəfindən legitim sayılmayan bir şou olacaq".

Ermənistandan Qarabağla üçüncü yolun çəkilişi məsələsinə gəldikdə, A.Nağıyev bildirdi ki, burada ermənilər işğal olunan Arazboyu ərazilərdə məskunlaşma həyata keçirmək ideyasını reallaşdırmaqla bərabər, həm də İranla məhz cənub tərəfdən nəqliyyat üçün əlaqələr yaradırlar: “Məlumdur ki, İran və Azərbaycanın işğal olunmuş həmin ərazilərdə 143 km boz zona, yəni nəzarətsiz sərhəd var. Ümumiyyətlə, bu layihə ilə bağlı danışıqlar çoxdan var idi. Sadəcə olaraq, maliyyələşmə məsələsi həll edilməmiş qalırdı. Artıq Nikol Paşinyan hökuməti maliyyənin olacağı anonsunu verib. Yəni siyasi cəhətdən buna işğalçılığın leqallaşması kimi qiymət vermək olar. Çünki bu ərazilər işğal edilən Füzuli, Cəbrayıl, Zəngilan əraziləridir və son vaxtlar səslədirilən torpaqların qaytarılmayacağı kimi absurd bəyanatların davamıdır. Maraqlısı da budur ki, bu bəyanatlar hökumət nümayəndələri tərəfindən deyil, Təhlükəsizlik Şurasının katibi səviyyəsində verilir, yəni guya məqsəd məhz qondarma qurumun qarantı kimi Ermənistanın çıxış etməsidir”.

Politoloq çox mühüm bir məqama diqqət çəkdi: “Təbii ki, buna beynəlxalq don geyindirmək və hətta İran və Rusiyanın adından istifadə etmək bir düşünülmüş planın tərkib hissəsidir. Yəni İrana qarşı sanksiyalar davam edərsə, alternativ variant kimi bu yol da istifadə edilə bilər və burada nəzarət təbii ki, bir az çətindir”.

Ermənistan Qarabağa yol çəkir ile ilgili görsel sonucu

A.Nağıyev məsələyə kəskin reaksiya verilməsini zəruri sayır: “ATƏT-in Minsk Qrupu bütün bu proseslərlə bağlı Azərbaycan tərəfindən xəbərdarlıq edilib. Təbii ki, onlar da bunu sülh proseslərinə mane edəcək bir prizmadan qəbul edib müvafiq qərar və ya bəyanat verməlidirlər”.

Ermənistanın danışıqlara son verəcək, savaşı tətikləyə biləcək həyasız addımı və təxribatına rəsmi Bakıdan sərt reaksiya verilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Ermənistan hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi tərəfindən işğal olunmuş ərazilərimiz boyunca ”cənub istiqaməti" adlandırılan yeni yolun çəkilməsi barədə verilən açıqlama Ermənistanın əsl niyyətinin hərbi işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirmək və münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək olduğunun növbəti nümunəsidir. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlər, o cümlədən infrastruktur dəyişikliyinin aparılması Ermənistanın münaqişənin sülh yolu ilə həll edilməsi barədə iddialarının riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmadığını göstərir. Şimal istiqaməti adlandırılan və işğal olunmuş Kəlbəcər rayonundan çəkilmiş “Vardenis-Ağdərə” avtomobil yolu, eləcə də mərkəzi “Gorus-Laçın” avtomobil yolu təcrübəsi göstərir ki, Qubadlı və Cəbrayıl rayonlarından çəkilməsi nəzərdə tutulan yeni yol işğal altında olan bu ərazilərin təbii və digər resurslarının daha aqressiv formada talan edilməsinə xidmət edəcəkdir. Ümumiyyətlə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişikliyi ilə bərabər maddi-mədəni irsin məhv edilməsi, demoqrafik tərkibin dəyişdirilməsi, mineral resursların talan edilməsi və digər bu kimi qeyri-qanuni fəaliyyətlər həyata keçirir".

Rəsmi Bakı daha sonra bəyan edib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılmış faktaraşdırıcı və qiymətləndirmə missiyalarının nəticəsi olaraq hazırlanmış hesabatlarda qeyri-qanuni fəaliyyətlərin sülh prosesinə ciddi təhlükə yaratdığı təsbit olunur. 2018-ci ildə hazırlanmış ”Azərbaycanın Ermənistanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peyk məlumatları əsasında sübutlar" adlı hesabatda Ermənistanın qeyri-qanuni əməllərinin miqyası tam aydın şəkildə özünü göstərir. Beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il tarixli Cenevrə Konvensiyası və Əlavə Protokollarına əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlərin aparılması qadağandır". XİN bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi işğal olunmuş ərazilərimizdə aparılan və danışıqlar prosesinə ciddi zərbə vuran qeyri-qanuni fəaliyyətləri ciddi şəkildə nəzərə almalıdırlar: “Münaqişənin həlli ilə bağlı münbit şəraitin yaradılmasına baxmayaraq, Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək destruktiv şəkildə qeyri-qanuni fəaliyyətləri davam etdirməsi danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti təxribatçı cəhddir. Buna görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Beynəlxalq öhdəlikləri tapdalayaraq işğal etdiyi ərazilərdə qanunsuz əməlləri davam etdirən Ermənistanın təxribatçı hərəkətlərini kəskin qınayır və təcavüzkardan bölgəmizdə sülh, təhlükəsizlik və rifaha qarşı yönələn əməllərinə son verməyi və işğalçı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağı təkidlə tələb edirik. İşğalçı ölkənin bu kimi təxribatçı əməllərinə müvafiq şəkildə cavab vermək hüququnu Azərbaycan özündə saxlayır”.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik 25 iyulda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub, Xankəndində separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Ancaq çətin ki, “Qafqaz canişini” Bakını narahat edən məsələləri baş separatçıya çatdırsın. Adətən Kasprşikin səfərindən sonra təmas xəttində nələrsə baş verir... (Musavat.com)