“Bakı–Tbilisi xətti təkcə enerji deyil, siyasi sabitlik və etimad xəttidir” - Tural İsmayılov

“Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın dərinləşməsi Cənubi Qafqazda formalaşan yeni geosiyasi arxitekturanın əsas dayaqlarından biridir. Bu iki ölkə arasındakı münasibətlər sadəcə qonşuluq əlaqələri deyil, regionun sabitliyini təmin edən strateji əməkdaşlıq modelidir. Səmərqənddə keçirilən görüş, əslində, Bakı ilə Tbilisinin qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli əməkdaşlığının növbəti mərhələsini nümayiş etdirdi. Azərbaycan və Gürcüstan enerji, nəqliyyat və təhlükəsizlik sahələrində bir-birini tamamlayan tərəfdaşlardır. Xüsusilə Zəngəzur dəhlizi, Orta Dəhliz və Bakı–Tbilisi–Qars layihəsi kontekstində bu əməkdaşlığın dərinləşməsi təkcə ikitərəfli deyil, həm də regional və qlobal səviyyədə strateji əhəmiyyət daşıyır. Gürcüstan üçün Azərbaycan etibarlı enerji və iqtisadi tərəfdaşdır, Azərbaycan üçün isə Gürcüstan Qara dənizə çıxışı təmin edən vacib tranzit qapısıdır. Hər iki ölkə üçün ortaq məqsəd regionda sülh, sabitlik və davamlı inkişafın qorunmasıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, 31 oktyabr 2025-ci ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqəndə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. Tərəflər siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıblar. Görüşdə strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb və regionda sülh və sabitliyin təminində birgə səylərin vacibliyi qeyd edilib.

Siyasi şərhçi bildirib ki, bu görüş 3+3 əməkdaşlıq formatı kontekstində də mühüm mesaj xarakteri daşıyır.

"Bakı və Tbilisi öz milli maraqlarını qorumaqla regionun Qərb və Şərq platformaları arasında balanslı siyasət yürüdürlər. Gürcüstanın bu formata rəsmi qoşulmamasına baxmayaraq, Azərbaycanla münasibətlərin möhkəmlənməsi onu faktiki olaraq regional inteqrasiya proseslərinin mühüm iştirakçısına çevirir. Səmərqənddə aparılan dialoq göstərir ki, Azərbaycan və Gürcüstan qarşıdurma deyil, əməkdaşlıq və birləşdirici kommunikasiya xəttləri üzərində qurulan siyasəti dəstəkləyir. Bu, regionun gələcəyini müəyyən edən yeni modelin — əməkdaşlıq üzərindən təhlükəsizlik konsepsiyasının əsasını təşkil edir. Bu gün Bakı–Tbilisi xətti təkcə enerji deyil, eyni zamanda siyasi sabitlik və etimad xəttidir. Azərbaycanın regional diplomatiyası sabitlik, qarşılıqlı inam və real nəticələr üzərində qurulub, Gürcüstanla strateji yaxınlaşma isə bu siyasətin təbii və məntiqi davamıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az