- Siyasi müzakirə
- 31 Oktyabr 17:55
- 2 177
“Aİ-nin enerji qərarı Şərqi Avropada yeni geosiyasi proseslərin əsasını qoya bilər” - Şəhla Cəlilzadə
 
            “Avropa Komissiyasının son toplantısında Macarıstan və Slovakiya istisna olmaqla, bütün Avropa İttifaqı ölkələri 2028-ci il yanvarın 1-dən etibarən Rusiyadan neft və qaz idxalını tamamilə dayandırmaq barədə yekdil qərar qəbul ediblər. Maraqlıdır ki, ABŞ bu addımı təqdir etməli olduğu halda, NATO tərkibindəki Amerika hərbi qüvvələri Rumıniya və Bolqarıstan da daxil olmaqla, ümumilikdə Alyansın Şərq cinahını tərk etməkdədir. Bu isə Rusiya-Ukrayna müharibəsinin Avropaya yayılması halında həmin dövlətlərin zəif müdafiə ilə Rusiya ilə üz-üzə qalması riskini artırır. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp bir tərəfdən tərəfləri qarşılıqlı güzəştlərlə atəşkəsə çağıraraq müharibənin genişlənməməsini və Amerikanın bundan kənarda qalmasını istəyir, digər tərəfdən isə Rusiyaya təzyiqləri gücləndirmək məqsədilə sanksiyaların tam tətbiqinə çalışır. ABŞ-ın NATO-dakı səfiri bəyan edib ki, Rusiyadan enerji idxal edən Macarıstan, Türkiyə və Slovakiya kimi ölkələr də mümkün qədər tez alternativ mənbələr tapmalı və Moskvanın enerji asılılığından çıxmalıdırlar, əks halda onları da sanksiyalar gözləyir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orbanın noyabrın 7-də Vaşinqtonda görüşəcəyi gözlənilir. Bildirilir ki, tərəflər maliyyə, enerji, iqtisadi və hərbi-sənaye sahələrində əməkdaşlığı əhatə edən geniş sazişlər paketinin imzalanmasını planlaşdırırlar. Bundan bir qədər əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan etmişdi ki, rəsmi Budapeşt ABŞ-dən nüvə yanacağı tədarükü ilə bağlı danışıqlara başlayıb.
Siyasi şərhçi bildirib ki, mövcud təzyiqlər şəraitində Macarıstanın Baş naziri Viktor Orbanın ABŞ səfərinin əsas məqsədi həm ölkəsinə qarşı sanksiyaların yumşaldılmasına nail olmaq, həm də Budapeştdə keçirilməsi planlaşdırılan Tramp–Putin görüşü ilə bağlı danışıqlar aparmaq olub.
“Xatırladaq ki, Tramp və Putin avqustda Alyaskada keçirilən görüşdə konkret nəticə əldə etmədən ayrılmışdılar. Onların Budapeştdə növbəti görüşü oktyabr ayında baş tutmalı idi, lakin tərəflərin mövqelərində dəyişiklik olmadığı, xüsusən Rusiya-Ukrayna müharibəsi ilə bağlı qarşılıqlı güzəştlər edilmədiyi üçün görüş ləğv edildi. Əksinə, ritorikanın sərtləşməsi, ABŞ-ın Ukraynaya hərbi yardımını artırmaq vədləri fonunda Vaşinqton və Moskva nüvə sınaqları keçirmək niyyətində olduqlarını bəyan edərək “təhdid diplomatiyası”na üstünlük verdilər. Gərginliyin artdığı bu mərhələdə həm Tramp–Si Tszinpin, həm də Tramp–Orban görüşlərinin əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin qlobal miqyas almasının qarşısını almaqdır. Bu görüşlərin nəticələrindən asılı olaraq Şərqi Avropada yeni geosiyasi hərəkətlənmələrin baş verəcəyi gözlənilir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            