Prezident: "Ermənistan rəhbərliyi özünü düşük kimi aparır"

"Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq"

"Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, - bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik", - deyə Prezident qeyd edib.