Hərbi qulluqçumuz qeyri-döyüş şəraitində vefat etdi

Hazırda istintaq davam etdirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlunun 27 may 2022-ci il tarixdə Laçın rayonu ərazisində qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində bədən xəsarətləri alaraq ölməsi barədə Qubadlı Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilmişdir.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Aznews.az xəbər verir ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.