Nəsimi haqqında roman yazılır

"Ümid edirəm ki, “Şəms” böyük Nəsiminin 650 illiyinə hədiyyəm olacaq"

Yazıçı Cavi Dan İmadəddin Nəsimi haqqında roman yazır.

Bu barədə AzNews.az-a müəllif özü məlumat verib.

O, bildirib ki, “Məhsəti” romanından sonra taleyi ədəbiyyat tariximizlə bağlı olan daha iki qadın haqqında roman yazmaq qərarına gəlib: “Biri Nizami Gəncəvinin həyat yoldaşı, qıpçaq gözəli Afaq haqqında, digəri isə İmadəddin Nəsiminin Şəmsi haqqındadır. “Afaq” romanı üçün materiallar toplamışam və Bakıya gəlib bəzi arxivlərdə araşdırmalarımı davam etdirəcəyəm. “Şəms”i isə hal-hazırda yazıram. Bildiyimiz kimi, Şəms yazıçı İsa Muğannanın təxəyyülünün məhsulu olan bir obrazdır. Azərbaycan tamaşaçılarına bu obraz İsa Muğannanın ssenari müəllifi olduğu “Nəsimi” filmindən, oxuculara isə yazıçının “Məhşər” romanından tanışdır”.

Cavi Dan romanın postmodern janrda yazıldığını deyib: “Yazıçı, yazı, bədii obraz, tarix, ədəbiyyat, ruh, yaddaş, təxəyyül, eşq mövzularını əhatə edir. Ümid edirəm ki, “Şəms” böyük Nəsiminin 650 illiyinə hədiyyəm olacaq”.

AzNews.az