Milli Kitabxanada 20 Yanvar şəhidləri yad edilib

Tədbirdə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirilib

Yanvarın 17-də Azərbaycan Milli Kitabxanasında “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirilib.

AzNews.az-ın məlumatına görə, tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söyləyib.

O, 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.

Tədbir zamanı vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.

Çıxışlardan sonra Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli və Tərlanə Əliyeva “20 yanvar” faciəsinin qurbanlarına, şəhidlərimizə həsr etdikləri şeirləri oxuyublar.

Sonda tədbir iştirakçıları “20 Yanvar” faciəsinə həsr olunmuş və Azərbaycanda, xarici mətbuatda çap edilmiş, Azərbaycan, rus və digər dillərdə 300-dən artıq nəşri əhatə edən kitab sərgisi ilə tanış olublar.

AzNews.az