Səhər yuxudan ayılanda gözümün qarşısına həmin kadrlar gəldi Səhər yuxudan ayılanda gözümün qarşısına həmin kadrlar gəldi

Prezident mənə dedi ki, Ramiz müəllim, yaxın gəlin - Xalq artisti İlham Əliyevlə görüşündən danışdı

Səhər yuxudan ayılanda gözümün qarşısına həmin kadrlar gəldi

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz dünən Bakıda Mərkəzi Parkın açılışında prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə olan görüşündən danışıb.

Aktyor AzNews.az-a açıqlamasında prezident İlham Əliyevlə görüşünün təsadüfən baş tutduğunu deyib:

“Prezident parkın açılışına gəlmişdi. Mən də kənarda dayanıb adamların prezidentlə görüşünü müşahidə edirdim. Baxıram ki, şəhər sakinləri heç bir maneə olmadan İlham Əliyevə yaxınlaşır, şəkil çəkdirirlər. Açığı mənim həmin yerdə onlara yaxınlaşmaq fikirim yox idi. Çünki məşqdən çıxmışdım, bir sözlə, görkəmim yerində deyildi. Qəfildən eşitdim ki, prezident deyir ki, Ramiz müəllim, yaxın gəlin. Yaxınlaşıb görüşdüm. Prezident soruşdu ki, teatrda vəziyyət necədir? Dedim ki, sağ olun, sizin teatrla bağlı imzaladığınız son sərəncamlarınız aktyorlara yeni nəfəs verib, hamı yüksək ruhla işə gəlir. Aktyorlar əvvəl ayın sonuna çətinliklə çıxırdılar, maliyyə problemləri olurdu. İndi sayənizdə hamı bu əzabdan qurtarıb. Hamının adından minnətdarlığımı bildirdim”.

Xalq artisti hələ prezidentlə olan görüşün təsirindən çıxa bilmədiyini qeyd edib:

“Prezident mənə hər şey verib. Mən ondan özümlə bağlı heç nə istəməzdim. Özüm utanan insanam, çəkinirəm. Amma teatrın dünyaya çıxması iddiaları ilə bağlı bir sıra problemləri var ki, bunlar da müzakirə olunmalıdır. Heç bilməzdim ki, prezident məni adımla tanıyır. Açığı səhərə kimi yatmadım. Səhər yuxudan ayılanda gözümün qarşısına həmin kadrlar gəldi. Şəkil çəkdirəndə də Mehriban xanım mənə dedi ki, Ramiz müəllim, yaxın durun. Qürur duyulası bir mənzərədir. Ölkənin prezidenti və birinci xanımı məni adımla çağırır”.

Qeyd edək ki, mayın 22-də Bakıda Mərkəzi Parkın açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz həmin mərasimdə İlham Əliyevlə görüşərək qısa söhbət edib.

Bahar RÜSTƏMLİ

AzNews.az