Əli Həsənov kimi ziyalının haqqımızda rəy söyləməsi… - Təyyar Bayramov

Ölkənin tanınmış şəxsləri ifaçının əziyyətini qiymətləndirirsə, bundan gözəl nə ola bilər?!

Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı imzaladığı sərəncam əsasında Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin yaradıcılığından bəhs edən çoxlu sayda mədəni tədbirlər, festivallar keçirilib, araşdırmalar aparılır. “Nəsimi ili”ndə böyük rezonans doğuran layihələrdən biri də dünya şöhrətli sənətçi Sami Yusif tərəfindən “Sığmazam” rədifli qəzəli əsasında hazırlanan "Nəsimi" kompozisiyasıdır. Möhtəşəm layihənin ərsəyə gəlməsində Britaniya sənətçisi Sami Yusiflə yanaşı, Azərbaycanın sənət ustaları: xanəndə Təyyar Bayramov, aşıq Samirə və digərlərinin də əməyini qeyd etmək lazımdır.

Əməkdar artist, Opera və Balet Teatrının solisti Təyyar Bayramov AzNews.az-a müsahibəsində həmin layihənin necə ərsəyə gəlməsindən danışıb:

- Təyyar bəy, bu layihə əslində necə yaranıb?

- Konsertdən iki ay öncə mənə Ülviyyə Könül zəng elədi ki, yaxın günlərdə Sami Yusif Azərbaycana gələcək. Onun iştirakı ilə böyük bir layihə həyata keçiriləcək, Sami Yusif həmin konsertdə sizin də iştirak etməyinizi istəyir. Dedim təki konsert olsun, canla-başla oxuyaram. Maraqlananda aydın oldu ki, bu layihə Prezident İlham Əliyevin sərəncamı əsasında “Nəsimi ili”nə həsr olunub. Sami Yusif Bakıya gələndən sonra həmin layihə üzərində məşqlərimiz başladı. Məşqlər həddindən artıq gərgin keçirdi. Layihədə gördüyünüz bütün iştirakçılar hamısı Azərbaycan musiqi sənətinin peşəkar ifaçılarıdır. Xor kollektivi xüsusi ilə seçilib. Gecəni-səhərə qatdıq, bu layihəni hazırladıq. Sonuncu məşq prosesinin 3 gününü isə Heydər Əliyev Mərkəzində keçirdik. Amma həmin konsertin hazırlıqları və ərsəyə gəlməsi üçün ən azı bir ay vaxt lazım idi. Biz isə gecəni-gündüzə qatıb bütün işləri bir həftəyə yekunlaşdırdıq. Sonuncu günü məşq prosesinə isə Mədəniyyət Nazirliyi də başda olmaqla, bir sıra aidiyyatı qurumlardan nümayəndələr gəldi və məşq prosesinə nəzarət etdilər. Konsert isə ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə keçirildi. Konsertdə xarici ölkədən dəvət olunmuş qonaqlarla yanaşı, deputatlar, sənət və elm adamları iştirak edirdi.

- Heydər Əliyev Fondunun diqqət və qayğısından sonra muğam ifaçılarının sayı xeyli çoxalıb. Bu qədər xanəndənin olduğu arenada “Nəsimi” kompozisiyasında məhz siz seçilmisiniz. Layihəyə seçiminiz necə olub?

- Bu mənim özüm üçün də maraqlı idi. Mənə verilən məlumata görə, layihədə bir çox sənət adamlarının adları keçib. Bildiyimə görə həmin sənət adamlarının diskləri Sami Yusifə göndərilib. Amma sonda mənim üstümdə dayanıb. Deyiblər ki, Təyyarın səsi layihəyə tam oturub.

- “Nəsimi” kompozisiyasında Sami Yusiflə eyni səhnəni paylaşacağınızı eşidəndə hansı hisləri keçirdiniz?

- İnanılmaz bir hiss keçirdim. Əvvəla, bu, dövlət səviyyəsində olan bir layihədir. Belə layihədə iştirak etmək hər xanəndəyə nəsib olmur. Eşidəndə ki, Sami Yusif bu layihədə mənim iştirakımı istəyib, sevincimin həddi-hududu olmadı. Yəni o anın sevincini sözlə ifa etmək çətindir. Allah bu böyük sevinci mənə nəsib etdi.

- Bir muğam ifaçısı olaraq, bu layihəni necə dəyərləndirərdiniz?

- Layihə haqqında nə qədər danışsam belə azdır. Nəsiminin adı ilə bağlı olan layihə, əlbəttə ki, belə anşlaqla keçməlidir. Bu layihənin belə gözəl alınmasında Nəsimi yaradıcılığının da mühim rolu var. Sami Yusif müsəlman aləminin ən tanınmış və sevilən ifaçılarındandır. Onu sevməyən azərbaycanlı yoxdur. Nəsimi yaradıcılığı isə onun ifasında misilsiz gözəl görünürdü. Sami Yusifin mənim layihədə ifamı istəməsini evdə deyəndə, oğlum onun yaradıcılığını saymağa başladı. Görün ona Azərbaycanda necə sevgi var? Hər halda Sami Yusifin bu layihəyə gəlişi çox möhtəşəm oldu.

- Konsertdən sonra sizə tamaşaçı zəngləri gəlir. Yəni tamaşaçılar, xüsusi ilə musiqişünasların layihə haqqında fikirləri maraqlı olardı...

- Hədsiz dərəcədə zənglər olunur. Hər kəs layihəni müsbət dəyərləndirir. Bu layihəyə görə mənə zəng edib təbrik edən bütün şəxslərə təşəkkürümü bildirirəm. Bizim bir sənətçi olaraq borcumuzdur. Hamınız sağ olun...Allah bu sənətə diqqət edənləri, onunla maraqlananları qorusun. Nə yaxşı ki, sənətə qiymət, dəyər verən insanlar var.

- Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində “Nəsimi” kompozisiyasından yazıb. O: “Xalq çalğı alətlərimizin müşayiəti ilə, milli, klassik və müasir musiqi elementlərini sintez edərək, xanəndə Təyyar Bayramovun, digər sənət adamlarımızın ifasından, bacarığından uğurla yararlanaraq hazırladığı parçanı internetin verdiyi imkanlar sayəsində işə gələrkən yolda dinlədim. Bir dinləyici kimi zövqümü oxşadı”, - deyə Nəsiminin “Sığmazam” rədifli qəzəlinin bu cür ecazkar, ovsunlayıcı musiqiyə çevirilməsində əməyi olan hər kəsə təşəkkür edib... Bununla bağlı nə deyə bilərsiniz?

- Cənab Əli Həsənova çox təşəkkür edirəm. Əgər ölkənin tanınmış rəhbər şəxsləri bir ifaçının əziyyətini qiymətləndirirsə, ona dəyər verirsə, bundan gözəl nə ola bilər ki... Dövlətimiz hər zaman sənətə, sənətkara layiqli qiymət verib. Sözün həqiqi mənasında muğam sənətinə maraq dövlətin bu sənət və sənətkara diqqətindən sonra yaranıb. Bizim üçün hər cür imkanlar açıb. Muğam müsabiqələri keçirilir. Bunlar dövlətin qayğısıdır. Belə ziyalıların bizim haqqımızda rəy söyləməsi bizim üçün böyük fəxrdir. Belə çıxışlar bizim sənətə olan məsuliyyətimizi bir az da artırır. Çox sağ olun, cənab Əli Həsənov. Şəxsən mənim adımı çəkmisiniz, sizə sonsuz minnətdarlığımı bildirirəm.

- Sami Yusiflə bir həftə məşq prosesində oldunuz, səhnə bölüşdünüz. Onun Azərbaycan musiqisi, xüsusi ilə muğam sənəti barəsində fikirləri Azərbaycan oxucuları üçün maraqlı olardı...

- Aydın məsələdir ki, bir ifaçını hamı sevə bilməz. Amma Sami Yusif elə sənətkardır ki, onu sevməyən şəxs yoxdur. Amma mən 7 gün ərzində Sami Yusifin Azərbaycan musiqisinə olan sevgisinin şahidi oldum. İnanın mənim elə ifalarım olurdu ki, onun gözündən yaş gəlirdi. Bu sevgidən, sənəti sevməkdən yaranan yaşlardır. Azərbaycan musiqisini müzakirə edirdi. Bu onun sənəti sevməsindən və dərindən bələd olmasından xəbər verir. Bizdə elə sənətçilər var ki, bir mahnı oxuyur, bir az populyar olur, vəssalam. Ondan sonra həmin sənətçi əlçatmaz olur. Qəbuluna düşmək olmur, ondan-bundan xahiş edirsən ki, ona əl çatsın. Amma Sami Yusif o qədər sadə insandır ki...Gözəl xasiyyəti var. Ən başlıcası Azərbaycan musiqisini, muğamlarımızı xırdalıqlarına kimi bilən sənətçidir. Bütövlükdə Azərbaycan musiqisinə çox vurğun insandır. Onunla işləmək eyni zamanda Azərbaycanın uğurudur. Sami Yusif deyirdi ki, “"Nəsimi" kompozisiyası çox ağır lahihədir. Əgər bu layihə Azərbaycana məxsus olmasaydı, mən ona razılıq verməzdim”. O, Azərbaycana görə belə ağır yükün altına girib. Əlbəttə, biz ona təşəkkür edirik.

- Təyyar müəllim, layihədə həm də aşıq sənəti yer alıb... Bunu necə şərh edərdiniz?

- Bu, Azərbaycan dövlətinin musiqi siyasətinə uyğun hazırlanıb. Aşıq sənəti Azərbaycan musiqi sənətinin ən baris nümunələrindəndir. Əlbəttə, belə bir sənət layihədən kənar qala bilməz. Bundan əlavə Azərbaycan musiqi alətləri olan tar, kaman, balaban, nağara, kanon və başqa musiqi alətlərinə layihədə yer verilib. Bütün bu alətlərin bir layihədə yer alması dövlətimizin musiqi sahəsində apardığı siyasətdir.

Bahar RÜSTƏMLİ

AzNews.az