"525-ci qəzet"in baş redaktoru: Mən detektiv əsərləri ədəbiyyat saymıram "525-ci qəzet"in baş redaktoru: Mən detektiv əsərləri ədəbiyyat saymıram

Rəşad Məcid Çingiz Abdullayevin bostanına daş atdı: Romanını oxuyursan, yadda qalmır - MÜSAHİBƏ

"525-ci qəzet"in baş redaktoru: Mən detektiv əsərləri ədəbiyyat saymıram

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid APA-ya müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

- Rəşad müəllim, 2019-cu ili geridə qoymaq üzrəyik. Bu il ərzində ədəbiyyat sahəsində Sizcə hansı əlamətdar hadisələr baş verdi? Ümumiyyətlə, bizdəki ədəbi proses Sizi qane edirmi, öz yağımızda qovuruluruq, yoxsa həqiqətən nəsə var?

- Zahiri tərəfdən baxanda indi həddindən artıq çox kitab yazılır, imza günləri keçirilir. Özü də təkcə Yazıçılar Birliyində yox, müxtəlif kitab evlərində bu baş verir. Kəmiyyət həddindən artıq çoxdur. Amma indi keyfiyyətli ədəbiyyat, insanlara təsir edən dəyərli bədii məhsullar nə qədər çap olunur, bununla bağlı diskussiya etmək olar. Yazıçılar Birliyi ədəbi prosesə mümkün qədər təkan verməyə çalışır. Bu il Yazıçılar Birliyi dünyasını dəyişmiş yazıçılarımız - İsi Məlikzadə və Əli Kərimin kitablarını çap elədi. Bunda da məqsəd bizim yeni nəsli İsi Məlikzadə və Əli Kərimin yaradıcılığı ilə yaxından tanış etmək idi. Ümumiyyətlə, bu il dövlət tərəfindən Yazıçılar Birliyinə ayrılan vəsaitdən 50 min manat kitab çapı üçün xərcləndi; bizə müraciət edənlərin, yubileyi olanların, müxtəlif müəlliflərin təxminən 60-70 kitabı çap olundu. Bir çoxu bunu böyük sevinclə qarşıladı.

- Onların arasında gənclər də var idi?

- Şübhəsiz. Bir layihə ilə “Ulduz” jurnalı hardasa 10 kitab çap elədi, eyni zamanda “Ədəbiyyat qəzeti” də gənclərin kitablarını çap elədi. “Qanun” və “Mütərcim” nəşriyyatlarında çoxlu kitab nəşr olundu.

- O gənclərdən biri də Orxan Həsəni idi. Kitabı çıxdı, sonra bəyan elədi ki, kitab keyfiyyətsiz olub və imtina elədi.

- Orxan Həsəni hələ formalaşmamış cavan oğlandı, əsgərlik qabağı Salam Sarvanın təsirinə düşüb, Yazıçılar Birliyindən heyfini almaq üçün belə deyib. Həmişə cavan yazıçıların kitabları o cür nazik çap olunub. Sovet dövründə çıxan kitablara da baxsan, görərsən. Orxan Həsəni istedadlı cavanlardan biridir. Yazıçılar Birliyi ona diqqət göstərib, gələcəkdə də diqqət göstərəcək, o cümlədən başqalarına da. Cəmiyyətdə reaksiya doğuran bədii əsərlərə gəldikdə isə mən Əjdər Olun “Lo” romanının adını çəkə bilərəm. Əsər son 35 ildə Azərbaycanda baş verən hadisələrlə bağlıdır. Gənclərimiz o əsəri mütləq oxumalıdırlar. Əsərin səviyyəsi, dili də normaldır. Elə bilirəm ki, “Lo” romanının çapını 2019-cu ilin ədəbi hadisələrindən saymaq olar. Anar müəllimin “Yaşamaq haqqı” adlı traktatı var, rusca və türkcə çap olunub, artıq azərbaycancası da çap prosesindədir. Elə bilirəm, o da hər bir azərbaycanlının evində vacib və lazımlı bir kitab kimi qalacaq. Onu da ədəbi hadisə saymaq olar. Gənclərlə bağlı isə mənə elə gəlir bu ilin önəmli hadisələrindən biri o oldu ki, 5 gəncə 1000 manat həcmində mükafat verdik. Heç Yazıçılar Birliyinin üzvü deyildilər, sadəcə, onların fəaliyyətini izləyirdik. Stimul olsun deyə, onlara da mükafat verdik. Yazıçılar Birliyi ilk dəfə idi ki, üzv olmayan gənc yazarlara da mükafat verirdi. Bundan başqa, bilirsiniz ki, Prezident təqaüdü də var; hər il 20 gənc, 30 yaşlı yazıçıya təqaüd verilir. Demək olar ki, əksər gənc təqaüd alıb.

- Təqaüdə təqdim olunan gəncləri necə seçirsiniz?

- Təqaüd heç kəsə təkrar verilmir. Demək olar ki, üzdə olan gənclərin əksəriyyəti, Yazıçılar Birliyinin üzvü olanlar bu təqaüdü alıblar. 2007-ci ildən indiyə kimi təxminən 200-ə yaxın gənc təqaüd alıb. Onlardan yalnız iki nəfər - Ayxan Ayvaz ailəsindəki hadisəyə görə, Ruslan Dostəli isə xaricdə təhsil aldığına görə iki dəfə təqaüd alıb. Bəzən bir neçə şeiri çıxan, yaxud hələ ədəbi prosesdə bərkiməmiş, gələcək ədəbi fəaliyyəti sual altında olan gənclərə də təqaüd verilir ki, bu mənim ürəyimcə olmur.

- Təqaüd verilən 200 gəncdən heç olmasa 20-i ümidvericidir?

- Mənə elə gəlir ki, o 200 gəncdən 50-nin adı bu gün ədəbi prosesdə hallanır. Onlar cavan, yeni ədəbi mühitin əsas nümayəndələridirlər. Onların içindən elə bir adamın adını çəkə bilməzsiniz ki, bu gün ədəbi mühitdə aktiv olmasın. Səndən savayı, sən vaxtında Yazıçılar Birliyinin üzvü olmadın və o təqaüdü ala bilmədin. Sənin kimi üzv olmayan gənclərdən savayı demək olar ki, hamı təqaüd alıb.

- Onların arasında elə gənclər də var ki, Yazıçılar Birliyinə yalnız o təqaüdü almaq üçün üzv olub, sonra da çıxıblar.

- Bir neçə belə gənc olub. Orda siyasi amillər də var idi. Tutaq ki, başqa bir yazıçıya görə çıxmışdılar. Çıxmaq məsələsi indi qəhrəmanlıq deyil. O insanın özünün mənəvi göstəricisidir, özü deyir ki, mən pula görə gəldim Yazıçılar Birliyinə üzv oldum, sonra da çıxdım. Birlik heç bir təqaüd verdiyi və ya təqaüd vermədiyi yazıçıya hər hansı göstəriş vermir, təsir etmir. Yazıçılıq azad işdir.

- Həmin 50 nəfər o təqaüdü almasaydı da, yazacaqdı, tanınacaqdı, elə deyil?

- Tanınacaqdı deyəndə ki, təzə-təzə yazmağa başlayanda onları kim tanıyırdı? Onların çoxu “525-ci qəzet”də, Yazıçılar Birliyinin mətbuat orqanlarında çap olunmaqla, Yazıçılar Birliyindən mükafat almaqla, belə-belə hadisələr nəticəsində tanınıb.

- Bəlkə səmərəli olması üçün təqaüdün forması dəyişdirilməlidir?

- Mən o vaxt da demişdim ki, daha istedadlı, ədəbi fəaliyyətlə peşəkar məşğul olanlara təkrar təqaüd verilsin ki, onlarda stimul yaransın. Ancaq bunu kimə sübut edəcəksən? Başqası da gəlib deyəcək ki, mən də istedadlıyam, mənim də kitabım çıxır, mən də dahiyəm. Ona görə bu cür ölçmək də düzgün deyil.

- Belə etmək olmaz ki, yalnız il ərində yaxşı əsər ortaya qoyanlara təqaüd verilsin?

- Biz bu il fərqlənən gənclərə mükafatları elə o qayda ilə verdik. Onlardan biri Sərdar Amin idi. Bu il romanı çıxıb, maraqla da qarşılanıb. Baxmayaraq ki, Yazıçılar Birliyinin üzvü deyildi, ona da mükafat verdik. Hər halda mümkün dərəcədə heç kimin kölgədə qalmamasına çalışırıq.

- Prezident təqaüdünün verilməsi haqqında sərəncamda yazılıb ki, yalnız Yazıçılar Birliyinin üzvü olan gənclərə təqaüd verilsin. Hazırda isə Yazıçılar Birliyindən kənarda da nə qədər yaradıcı gənc var. Olmaz ki, bu qayda dəyişdirilsin və Yazıçılar Birliyinin üzvü olmayanlar da təqaüd ala bilsinlər?

- Yox, Prezident sərəncamında elə bir şey yazılmayıb, sadəcə o vəsait Yazıçılar Birliyinə ayrılır. Birlik də onu yalnız öz üzvlərinə verir. Burda yazılmamış bir qayda var ki, təqaüd yalnız Birliyin üzvlərinə verilir. Mənə elə gəlir ki, heç kəs kənarda qalmır, istəyənlər üzv olur və təqaüd alırlar.

- Ümumiyyətlə, AYB-nin hazırkı fəaliyyəti müasir dövrə adekvatdırmı?

- Yazıçılıq elə bir prosesdir ki, müasir innovasiyaları, kreativliyi, nə bilim daha nələri çox vaxt yazıçılara şamil eləmək olmur. Düzdür, yazıçılar dövrün abı-havasını tutmalıdırlar. İnsanların indi daha çox dinamik, qısa əsərlərə marağı çoxdur. Ona görə yazıçılar da bu prosesi hiss etməlidirlər. Mən özüm “Qələmsiz yazılanlar”ı çap edəndə məqsəd onu görürdüm ki, indi dövr dəyişir, sosial şəbəkələrin təsirində yeni bir ədəbiyyat növü yaranır. Akademik İsa Həbibbəyli də kitaba yazdığı ön sözdə qeyd etmişdi ki, bu, yeni bir ədəbiyyat növüdür. Müasir dövrün ədəbiyyatı, şübhəsiz ki, fərqli olmalıdır. İnsanlara hər vasitə ilə ədəbiyyatın maraqlılığını çatdırmaq lazımdır. Bunun üçün də gərək fərqli istedadın olsun, həm prosesləri biləsən, eyni zamanda savadlı və belə desək, kreativ olasan. Mən əminəm ki, bizim bu cür gənclərimiz var. Bir çox gənclərimiz ədəbiyyat sahəsində də uğur qazanıb. “Gənclərə dəstək göstərilmir” demək olmaz. İndiki kimi heç vaxt gənclərə bu qədər dəstək göstərilməyib. Gənclər Fondundan tutmuş ən müxtəlif fondlara qədər, Mədəniyyət Nazirliyi, Gənclər və Turizm Nazirliyi gənclərə hər cür dəstək göstərir. Ona görə indiki gənclərin şikayətlənməyə haqları yoxdur. Tanınmaq üçün indiki kimi münbit şərait heç zaman olmayıb.

- Uzağa getməyək, qonşu Gürcüstanla müqayisə edək. Orda 30-40 yaşlarında nə qədər gürcü yazıçı artıq dünyada tanınır, müxtəlif beynəlxalq ədəbi dairələrdə əsərləri qəbul olunur, onları tədbirlərə dəvət edir, əsərlərini çevirirlər. Türkiyənin özündə neçə-neçə gənc gürcü yazıçının əsərləri çap olunur. Bəs bizim gənclər niyə çıxa bilmirlər? Nəticədə ədəbi prosesdə nə baş verirsə, ancaq ölkənin içində baş verir, xaricə sıçramır.

- Dövlət tərəfindən dəstəyi götürsək, Azərbaycan Dövlət Tərcümə Mərkəzi ayrıca qurum kimi fəaliyyətə başlayıb. Onun da məqsədi Azərbaycan ədəbiyyatını xaricdə çap eləməkdi. Bununla bağlı bir neçə almanax da nəşr olunub, onların içində gənclərin də yazıları var. Eyni zamanda müxtəlif ölkələrdəki səfirliklərimiz də Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması ilə məşğul olur. Sadəcə olaraq bizim gənc yazarlarımız yaxşı menecer deyillər, öz əsərlərini tanıtmaqda zəifdirlər. Başqa ölkələrdə necədir? Məsələn, Türkiyədə yazarlar kitabdan pul qazana bilirlər. O pulun da müəyyən bir hissəsini ya menecerlər, ya nəşriyyatlar kitabın təbliğatına, çevrilməsinə xərcləyir. Bizdə təəssüf ki, kitaba maraq son 3-4 ildə yarandı. Demək olar ki, normal kitab mağazaları, nəşriyyatlar yox idi. Ona görə kitabdan pul qazanmaq imkanları da yox idi ki, yazıçılar özlərini təbliğ eləsinlər.

- Rəşad müəllim, Yazıçılar Birliyi olmasa, Azərbaycan yazıçılarının həyatında nə dəyişər?

- Yazıçılar Birliyi olmasa, heç nə dəyişməz. Yazıçılar Birliyi dahi yetişdirmir. Yazıçılar Birliyi və başqa yaradıcı birliklər sovetdən qalan qurumlardır. Sovet dövründə Yazıçılar Birliyi ideoloji işin tərkib hissəsi idi. Xarici ölkələrdə o qədər yazıçılar birlikləri, fondlar, vəqflər var, yazıçılar da bunların ətrafında birləşirlər. Onlarda yaradıcı birlikdən bizdəki kimi gözləntilər də yoxdur. Bizdə sovetdən qalma düşüncədir ki, Yazıçılar Birliyi ev, təqaüd, maşın versin. Sovet dövründə Yazıçılar Birliyi nazirlik kimi fəaliyyət göstərirdi. Digər tərəfdən də proses elə gedib ki, ümumiyyətlə, ədəbiyyat əvvəlki nüfuzunu, cəlbediciliyini itirib. Sovet vaxtı Azərbaycanda 15-20 min tirajla şeir-nəsr kitablarının çıxmasına indi nostalji ilə baxırıq.

- O rəqəmlərin də çoxu şişirtmə idi, çünki dövlət həmin kitabları öz hesabına çap edib, sonra təzədən alıb kitabxanalara paylayırdı.

- Şişirtmə deyəndə ki, faktiki belə idi. O vaxt Əlibala Hacızadənin romanları əl-əl gəzirdi, tapılmırdı. Bunun obyektiv səbəbləri də var idi. Məsələn, Zaur, Xoşqədəm kimi aparıcıların verilişləri, seriallar yox idi. Camaat canlı melodramlara baxa bilmirdilər. Ona görə də “İtkin gəlin”, “Yad qızı” kimi romanların oxucuları sonradan həmin verilişlərin, serialların tamaşaçılarına çevrildilər. Ancaq demək olmaz ki, Azərbaycan xalqı oxuyan xalq deyil. Sadəcə olaraq, ədəbiyyatın təbliği lazımi qədər aparılmır.

- Bayaq dediniz ki, AYB olmasaydı heç nə dəyişməyəcəkdi. O zaman hər il büdcədən AYB-nə niyə vəsait ayrılsın?

- Markesin sözü var, deyir ki, ədəbiyyat olmasa, heç nə dəyişməz, ancaq polis olmasa, hər şey bir-birinə qarışardı. Dediyim kimi, tək Yazıçılar Birliyi deyil, digər yaradıcı təşkilatlar da sovet dövründən qalıb, indi də o ənənə davam etdirilir və bu təşkilatların hər halda müəyyən dərəcədə köməyi dəyir. İndi islahatlar gedir, inşallah, sözünü eşidərlər, Yazıçılar Birliyini də ləğv edərlər, sənin də canın dincələr. (gülür)

- Qurultay nə vaxt olacaq?

- Qurultay gələn ilə planlaşdırılır. Gələn il yəqin ki, olacaq.

- Anar yenə namizədliyini verəcək?

- Anar müəllim son intervülərindən birində deyib ki, bir dəfə də sədr olmağı arzulayır. Bilirsiniz ki, Anar müəllimin təklifi ilə Şüvəlanda Səməd Vurğun adına Yaradıcılıq Evi təmir olunur. Fikirləşirik ki, ora təmir olandan sonra həm yazıçılara xeyri dəyəcək, yazıçılar gedib orda əsər yaza biləcək, həm də xaricdən dəvət olunan qonaqların qalmağa yerləri olacaq. Digər tərəfdən, Şabranda da yazıçılar, rəssamlar və bəstəkarlar üçün yaradıcı pansionat tikilir. Hər halda dövlət yazıçılara müəyyən formada dəstək göstərir. Vaxtaşırı Yazıçılar Birliyinin üzvlərinə evlər, mükafatlar verilir, bunlar da stimuldur. Sovet hökuməti ideoloji dövlət idi. O dövrdə yazıçılar çox nüfuzlu idilər. Bu baxımdan indi artıq dövr dəyişib, müstəqillik dövründə yazıçı təkcə ədəbiyyatdan qazana bilmir, onun iş yeri, bəlkə də biznesi olmalıdır. Düzdür, bizdə Çingiz Abdullayev kimi kitablarının çapından qazanan tək-tük yazıçılar da var.

- Çingiz Abdullayev maraqlı yazır?

- Mən onun bircə “Bakı bulvarı” adlı romanını oxumuşam. Maraqlı idi, su kimi oxunurdu, amma sonra özünə sual verdim ki, bunu yazmağın mənası nədir? Oxuyursan, sonra yadda qalmır. Bunun bir alt qatı, ideyası olmalıdır, yoxsa yox? O sualı eyni zamanda Elxan Elatlıya da vermişdim. O da dedi ki, o cür fikirləşsək, gərək bir əsəri iki ilə yazaq, amma biz kommersiya məqsədi güdürük, 3-4 aya bir roman yazırıq, satılır, biz də onunla yaşayırıq.

- Ancaq siz, deyəsən, o tip əsərləri sevmirsiniz.

- Mən detektiv əsərləri ədəbiyyat saymıram.

- Belə deyirsiniz, birdən Çingiz müəllimin xətrinə dəyər.

- Hərdən olur. Mənim də fikrim belədir. Ancaq Çingiz müəllim oxunur, dünyada tanınır. Bu yaxında Qazaxıstan səfiri dedi ki, anamın ən çox oxuduğu yazıçı Çingiz Abdullayevdir. Düzdür, mənim də anam Yunus Oğuzun kitabını oxuyur. Hərdən də deyir ki, nooldu, sənin dostun təzə əsər yazmadı? (gülür)

- Yunus Oğuzu Siz də oxuyursunuz?

- Mən, düzü, Yunus Oğuzun bir romanını oxumuşdum. Hərdən anam oxuyanda soruşuram ki, nə yazıb, necə yazıb?

- AYB haqqında ittihamlardan biri də budur ki, xaricə də daim eyni adamlar gedir, eyni adamlar təbliğ olunur, digərləri kənarda qalır.

- Bu fikirdə müəyyən qədər haqq var. Bir ara imkanlar yarananda mən fərqli-fərqli cavanları göndərmək istəyirdim. Bir dəfə Türkiyədə Türk dünyası yazıçılarının görüşü keçirildi, orda mənim təklifimlə bizim cavan yazarlardan bəziləri getmişdi. Təəssüf ki, Avrasiya Yazarlar Birliyi bu tədbiri növbəti dəfə keçirmədi.

- Bu qaydanı kim tənzimləyir ki, həmişə eyni adamlar gedir?

- Bəzən bunlar şəxsi xətlərlə olur. Kimsə xaricdə kiminsə tanışıdır, o bura deyir ki, filankəs gəlsin. Amma bu da sistemli deyil.

- Rəşad müəllim, Anarı neçə ildir, tənqid edənlər heçmi haqlı deyillər?

- Mən son 16 ildir Anar müəllimlə yaxınam, xarakterini bilirəm, ədəbiyyat zövqünə, ədəbiyyat məhəbbətinə bələdəm. Çox vaxt gənclərlə oturanda görürəm ki, onların Anar müəllim haqqında təsəvvürləri xeyli dərəcədə ifrata uğramış, obyektiv olmayan düşüncələrdir. Belə hesab edirəm ki, Anar müəllimi yaxından tanısalar, onun haqqında fikirləri dəyişəcək. Mənim fikrimcə Yazıçılar Birliyi Anarın nüfuzuna görə qalıb. Anar cəmiyyətdə və hökumətdə ədəbiyyatın simvolu sayılır.

- Sizcə Anar sabah olmasa, nə olacaq?

- Sabah Anar olmasa, mən elə bilirəm ki, nə Yazıçılar Birliyinə, nə onun mətbuat orqanlarına maliyyə ayrılacaq, nə də əvvəlki diqqət göstəriləcək. Azərbaycan Yazıçılar Birliyi dağılıb beş-altı yazıçılar birliyi yaranacaq və xaotik bir vəziyyət əmələ gələcək.

- Keçmiş Sovet ölkələrinin bir çoxunda Yazıçılar Birliyi ənənəvi formasını itirib, amma bunun ədəbi prosesə neqativ təsiri yoxdur. Bəlkə sovetdən qalma bir çox qurum kimi bu da ləğv olunmalıdır?

- Belə nümunələr var. Məsələn, Qırğızıstanda beş-altı yazıçı birlikləri fəaliyyət göstərir, ancaq Qazaxıstanda vahidliyini qoruyub saxlayıb. Bu günlərdə 85 illik yubileyi də çox təntənə ilə keçirildi, mən də iştirak etmişdim. Onlarda yazıçılara daha üstün diqqət göstərilir, Özbəkistanda da o cümlədən. Gürcüstanda isə əvvəldən fərqli olub. Hələ 30 il əvvəl biz Yazıçılar Birliyinin tərkibində Tərcümə Mərkəzini yaradanda məhz gürcülərdəki modeli götürüb onun əsasında təsis etmişdik. Gürcülərdə ədəbiyyat ənənəsi var. Özü də bunu təkcə dövlət eləmir. Müxtəlif oliqarxlar, fondlar ədəbiyyata dəstək olur. Onlarda bu vətənpərvərlik sayılır. Bizdə imkanlı adamlar müğənnilərə pul xərcləyirlər, şadlıq evləri, məscid tikirlər, ancaq ədəbiyyata pul xərcləmək istəmirlər. Bu mənada bir millət kimi ola bilsin bu, bizim imkanlı adamların qüsurudur. Düzdür, dövlət yardım edir, amma dövlət də həmişə yardım edə bilmir. Hər halda mənim fikrimcə, oliqarxlar da, iş adamları da ədəbiyyata diqqət göstərməlidirlər. Mən hələ gənc yaşlarımda fikirləşirdim ki, çoxlu pulum olsaydı, ondan 2 milyon ayırardım, Ramiz Rövşənin şeirlərini bütün dillərə tərcümə etdirərdim və o bundan sonra mütləq Nobel alardı.

- Ola bilsin çoxlu pulunuz yoxdur, amma imkanlı dostlarınız da az deyil. Bəlkə onlara təklif edəsiniz?

- Bilirsən, gərək hər kəsin öz içində istək olsun. İnanasan ki, bu gənc yazıçıya maddi cəhətdən dəstək oluram, gözəl əsər yazmağa sövq edirəm, o da uğur qazanacaq. İş adamları bu cür xeyirxah və vacib işlərlə məşğul olmalıdırlar. Ancaq görürsən ki, mənasız bir müğənniyə, fotoşop qadınlara külli-miqdarda pul xərcləyirlər, sonra qadın onları atır, tarixdə də izləri qalmır.

- Anar niyə hər dəfə onu tənqid edənləri tanımadığını deyir?

- Bəzilərini tanıyır, bəzilərini tanımır.

- Şəhriyar Del Geranini tanımadığını demişdi.

- Sadəcə, unutmuşdu. Mən sonra onun yadına saldım, Şəhriyar Del Geranini tanıyırdı, şeirlər kitabını da vermişdim, oxumuşdu. Sonra Şəhriyar özü də gəldi, görüşdülər. Amma həqiqətən də “Anar bizə vəsiqə verib, amma tanımır” deyən o üç cavan şairi tanımırdı. Hardan tanısın? Vəsiqəni mən təqdim edirəm, Anar müəllim də imza atır, ola bilsin ki, lap vəsiqəni də özü təqdim etsin, amma yadında qalmasın. Bir dəfə də Emin Piri şikayətlənmişdi. Ona dedim ki, Ay Emin, sən elə bilirsən, bir-iki dəfə Anar müəllimlə görüşməklə onun yadında qalansan? Anar müəllimin yadında qalmaq üçün gərək uzun illər fəaliyyətin ola, ədəbi yazılarınla onun diqqətini çəkəsən.

- Bəlkə bu unutqanlıq elə yaşlanmağın əlamətidir?

- Yaşlanıb deyəndə... Anar müəllimin unikal yaddaşı var. 60-70 il əvvəl baş vermiş elə məsələləri yadında saxlayır ki, heyrət edirsən. Ola bilər ki, yaşla bağlı kimisə unutsun. Ancaq hər halda mən Anar müəllimin yaddaşına heyrət edirəm.

- Hazırda islahatlar gedir. Birdən Anar sədr olmaq istəməsə, Siz Yazıçılar Birliyinin sədri olmaq istəyərsiniz?

- Bu sualı mənə 10 il əvvəl də veriblər. Anar müəllimdən də soruşublar. Bəzilərinin belə arzusu olub, bəziləri mənə nifrət edir, heç istəməzlər ki, sədr olum. Yazıçılar Birliyinin sədri olmaq istəyən çox yazıçımız var. Ona görə həmişə məndən bu barədə soruşanda demişəm ki, Anar müəllim istəsə, sədr olaram. Çünki mən Yazıçılar Birliyinə Anar müəllimin istəyinə görə gəlmişəm. Bütün fəaliyyətimdə də istəmişəm ki, Anar müəllimin işini yüngülləşdirim, ona dəstək olum. İndinin özündə də Anar müəllimi böyük şəxsiyyət, böyük yazıçı, böyük ziyalı hesab edirəm. Anara hədsiz sevgim, hörmətim var. O, Azərbaycanın sərvətlərindən biridir. Mən onunla işlədiyim bu 16 ili, ona dəstək olduğum bu illəri həyatımın şərəfli hissəsi sayıram və Anar müəllimə can sağlığı arzulayıram. Onun qədrini bilməyən, uzaqdan tanıyan cavanlar, vaxt gələcək, buna görə məyus olacaq, xəcalət çəkəcəklər. Anar Azərbaycan xalqının nadir ziyalılarından biridir.

AzNews.az