Əsgərlərlə birgə nahar, cəbhə xəttindəki hərbi hissədəki yüksək şərait və... Əsgərlərlə birgə nahar, cəbhə xəttindəki hərbi hissədəki yüksək şərait və...
  • Mahal
  • 9 Noyabr 2019 10:41
  •  2 299

Ağdamdakı möhtəşəm Bayraq yürüşündən yadda qalanlar

Əsgərlərlə birgə nahar, cəbhə xəttindəki hərbi hissədəki yüksək şərait və...

Noyabrın 7-də Təhsil və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Bayraq yürüşü keçirildi.

Ənənəvi olaraq keçirilən yürüşün əsas məqsədi milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yüksək səviyyədə, nizamlı təşkil olunan yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edirdilər.

Görüntünün olası içeriği: 6 kişi, oturan insanlar, masa ve iç mekan

Quzanlıda sanki bir yay havası vardı Bayraq yürüşü keçirilən gün. Baş üzərində aparılan üçrəngli bayrağımızın yaratdığı coşqu isə ürəklərdə hərarəti maksimum yüksəltmişdi. İnsanların vətənpərvər ruhu necə deyərlər, göylərdə idi...

Döyüş əhval-ruhiyyəsi aşılayan musiqi sədaları altında baş tutan yürüşə minlərlə insan qatılmışdı. Təkcə Ağdam sakinləri deyil, digər rayonlardan da insanlar yürüşdə iştirak üçün təşrif buyurmuşdular.

Yürüş Bayraq Meydanınadək davam etdi. Burada bir bayram tədbiri də düzənlənmişdi.

Tədbirin aparıcısı, xalq artisti Nurəddin Mehdixanlının duyğulu kəlmələri emosiyaları daha da yüksəldirdi...

Tədbirdə ilk çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov dedi ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğuladı. Prezident cənab İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına toxunan nazir müavini, həmçinin varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal edilmiş ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə etdi.

Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cəbhə bölgəsində belə tədbirin keçirilməsinin əhəmiyyətini qeyd etdi, Bayraq yürüşünün birliyimizin göstəricisi olduğunu dedi.

Millət vəkili Aydın Mirzəzadə isə bildirdi ki, bu yürüş ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin dəstəkləndiyini, xalqımızın milli dəyərlərimizə bağlılığını göstərir.

Birlik komandirinin müavini, polkovnik-leytenant Babək Səmidli də çıxışında Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını diqqətə çatdırdı.

Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirdilər, ardınca milli vətənpərvərlik ruhunda mahnı və rəqslər ifa olundu.

Bayram konserti yekunlaşdıqdan sonra “N” saylı hərbi hissədə əsgərlərlə birgə nahar edildi.

Cəbhə xəttində yerləşən hərbi hissədə əsgərlərə verilən yeməklərin keyfiyyəti qətiyyən ev yeməklərindən seçilmirdi. Hərbi hissənin əsgər yataqxanası, sanitar qovşağında isə xüsusi təmizlik, əla bir şəraitin şahidi olduq. (Musavat.com)

AzNews.az