Ağalaruşağı, Ağalı, Ağanus, Ağayeri Ağalaruşağı, Ağalı, Ağanus, Ağayeri
  • Mahal
  • 16 Avqust 2021 13:10
  •  13 997

Zəngəzur toponimləri

Ağalaruşağı, Ağalı, Ağanus, Ağayeri

Əvvəli burada

Ağalaruşağı - Laçın rayonunda kənd. Oğuldərə kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Dağlıq ərazidədir. Pənahəli xanın dövründə Qarabağ xanlığının baş sərkərdəsi və Zəngəzur sultanı Qara Murtuza beyin mülklərindən olmuşdur. Sonra Murtuza bəyin böyük oğlu Ağa bəyə və onun nəslinə mənsub olub. Kənd bir zamanlar Ağabəyli, Ağalarlı kimi də adlandırılmışdır. Toponim ağalara, yəni, Ağa bəyin nəslinə məxsus olan kənd mənasındadır.

Ağalı – Zəngilan rayonunda kənd. Ağalı Kənd inzibati ərazi dairasinin mərkəzidir. Nümayəndəlikda olan hər üç kənd: I Ağalı, II Ağalı, III Ağalı Həkəri çayının sol sahilində yerləşir. Kənd rayon mərkəzindən cənub-şərqdə, rayonun 25 km-da, dəniz səviyyəsindən 400-500 m hündürlükdə yerləşir. Ağalı kəndinin 5 km cənubundan Bakı-Mincivan-Naxçıvan və kəndi içhərisində Bakı-Qubadli-Laçın şose yollar keçir. Kəndin 7 km cənubundan Bakı-Naxçıvan dəmir yolu, 8 km cənubundan isə Araz çayı keçirdi. Kənddən 2-3 km şərqdə, 100-150 m. hündürlükdə çayan düzü yerləşir. Ağali kəndi rayonun Babayli kəndi və Qubadlı rayonunun Zilanlı kəndi ilə qonşudur. Ağali kəndində işğala qədər (1993) orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, hamam, ATS, tibb məntəqəsi, 4 mağaza, 2 yerda artezian quyusu, inzibati bina və digər sosial obyektlər var idi. 250 ev, 986 nəfər ahali olmuşdur. Ağalı kəndində Yazı düzü, Narlı dərə, Qaraçourlu, Gilətağ yatağı, Kaftar dərəsi, Sulu dərə, Sulu kaha Kar qaya, Dik daş, Dəlik daş, Muncuqlu dərə, Məşədi arxı, Ərikli bağ, Qovaqlı, Ənbəra, Qobu, Qaraş yeri, Arxaltı, Zalı bağı, Ah bulağı, Gədək təhnə, İncirli dərə, Sarı yarğan ve s. yer adları vardı. Kənddə Dağdağan piri, daşa vurulmuş dəmir mıxlar olan pir, Seyidəbəyim ağanın türbəsi, 2 qədim qəbiristanlıq var idi ki, burada qədim baş daşlarının üzərində atlı döyüşü, müxtəlif fiqurlar təsvir olunmuşdu və ərəb əlifbası ilə yazılar vardı. Yerli sakinlərin verdiyi məlumata görə, kəndin adı onun əsasını qoymuş üç qardaşdan biri olan Ağəli adlı şəxsin adından götürülmüşdür. Kənd əhalisi I Ağalıya baş Ağalı, II Ağalıya orta Ağalı, III Ağalıya böyük Ağalı deyirdilər.Yaşlı nəsil isə kəndlərin əsasını qoymuş üç qardaşın adıyla I Ağalıya Alırzəlli, II Ağalıya Hüseynxanlı, III Ağalıya isə Ağalı deyir.

Ağanus - Laçın rayonunda kənd. Fətəlipəyə kənd inzibati ərazi vahidliyinin tabeliyindədir.

Kənd rayon mərkəzindən şərqdə, rayonun 10 km-də, dəniz səviyyəsindən 1250 m. hündürlükdə yerləşir. Kəndin 3 km qərbində Laçın-Qubadlı-Akara şose yolu və 6 km məsafədən Həkəri çayı keçir. Ağanus kəndi rayonun Unannovu, Ərəb, Turşsu, Karovuz, Fətəlipəyə və Şuşa rayonun Qaladərəsi kəndləri ilə qonşudur. Kənddə işğala qədər

(1992) orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, mağaza və digər sosial obyektlər var idi. 47 ev, 200 nəfər əhali olmuşdur. Ağanus kəndində Armudluq, Xirmanlar, Göllər, Tavanevi, Dəflər, Ağ güney, Cırranın yalı, Korbulaq, Qumlax vəs. mikrotoponimlər vardır. Yaşayış məntəqəsinin adı oradakı qədim məbədin xarabalığından götürülmüşdür. Toponim ağ (rənginə görə) və naus (ərəbcə "məbəd", bəzi alimlərin fikrincə, Sasanilər dövründə zərdüştlüyə sitayiş edənlərin qəbirüstü tikilisi də naus adlanırdı) sözlərinin birləşməsindən əmələ gəlib, "ağ məbəd" mənasındadır.

Ağayeri - Sisyan rayonunda kənd adı. Darabas kəndinin qədim adı. Orta əsrlərdə bölgənin ən böyük kəndlərindən biri olmuşdur. Ağaya məxsus yer (kənd) mənasındadır.

Ardı var...

Mənbə: Musa Urud “Zəngəzur toponimləri”, Bakı-2013