• Mahal
  • 10 İyun 2023 15:10
  •  5 025

Lənkəranda “Eurovillage” mədəniyyət festivalı keçirilir

Lənkəran şəhərindəki Heydər Əliyev parkında “Eurovillage” - Avropa İttifaqı (Aİ) ölkələrinin mədəniyyət festivalı keçirilir.

Aznews.az xəbər verir ki, tədbir Aİ-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

Festivalda Rumıniya, Latviya, Litva, Estoniya, Polşa, İsveç, Bolqarıstan, Almaniya, Belçika, Xorvatiya, Niderland və Çexiya səfirliklərinin stendləri nümayiş etdirilir.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları salamlayaraq qeyd edib ki, festival Aİ ölkələrinə kiçik səyahətdir və tədbirin qonaqları Avropa ölkələrinin mədəniyyəti ilə yaxından tanış ola bilərlər.

“İlham Əliyevin uzaqgörən uğurlu xarici siyasəti sayəsində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələri ildən-ilə möhkəmlənir. Bu tədbir festivalda təmsil olunan Avropa İttifaqı ölkələrinin mədəniyyətini və dəyərlərini öyrənmək üçün yaxşı fürsət olacaq”, - icra başçısı bildirib.

Öz növbəsində Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko çıxışında deyib ki, Lənkəran İttifaqla fəal əməkdaşlıq edən regiondur. Onun sözlərinə görə, ümumilikdə Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq fəal şəkildə inkişaf etməkdə davam edir.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri beynəlxalq təşkilatlarla əlaqələrin inkişafıdır və bu mənada Aİ ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur.

S.Məmmədov Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb.

“Son 10 ildə Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına 20 milyard avro sərmayə qoyub, 640 milyon avro texniki dəstək göstərib, 50-dən çox tvinninq layihəsi həyata keçirib. Həmçinin Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşıdır”, - nazir müavini vurğulayıb.