“15 iyulda bizə dəstək verən dost, qardaş dövlətlərə təşəkkür edirik” - Türkiyənin daxili işlər naziri

Bu gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Azərbaycandan və digər ölkələrdən olan media mənsubları ilə görüşüb.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, görüşdən öncə S. Soylu və jurnalistlər Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsində 15 iyul hərbi çevriliş cəhdi ilə əlaqədar təşkil edilən fotosərgi ilə tanış olublar.

S. Soylu deyib ki, o gecəni yaşayanlar, heç bir şey düşünmədən, etnik və siyasi mənsubiyyətinə baxmayaraq, demokratiya uğrunda mübarizə aparanlar, həyatlarını riskə qoyaraq öz peşə borclarını yerinə yetirənlər böyük fədakarlıqlar etdilər: “Millət olmaq asan deyil. 15 iyul millət olmaq şüurunu bizə yenidən qaytardı. 15 iyul tək bir millətin sınağı deyil, həm də demokratiyanın sınağıdır. Biz demokratiya üçün fədakarlıqlar edə-edə gələn bir millətik. 15 iyulda bu millət böyük bir qəhrəmanlıq dastanı yazıb”.

Nazir bildirib ki, Türkiyəni müxtəlif yollarla zəiflətməyə çalışırlar: “Ancaq biz elə bir millətik ki, hər zaman yenidən ayağa qalxırıq. 15 iyulda Türkiyənin zəifləyəcəyini, parçalayacağını düşündülər. Ancaq bu gün Türkiyə daha da inkişaf edib. 15 iyul böyük bir imtahan oldu. 15 iyulda baş verənləri özümüzə qarşı haqsızlıq sayırıq. 15 iyul çevrilişə cəhd edən, onların arxalarında olanlar kim olursa olsun, buna görə cavab verəcəklər. 15 iyul demokratiyaya nə dərəcədə sadiq olduğumuzu göstərdi. 15 iyulda bizə dəstək verən dost, qardaş dövlətlərə təşəkkür edirik”.

AzNews.az