“Uqo Çavesi ABŞ kəşfiyyatı zəhərləyib” - İddia

"Venesuela prezidenti Uqo Çavesi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) zəhərləyib". APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Meksikadakı sabiq səfiri Məhəmmədhəsən Qədiri Abyanə bildirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton özünə müxalif olan liderləri aradan qaldırmaq üçün onları zəhərləməyi bir vasitə kimi istifadə edir. Latın Amerikası başda olmaqla imperializmə qarşı çıxan ölkə liderlərinin əksəriyyətinin xərçəng xəstəliyinə tutulduğunu deyən M.Q.Abyanə bu cür xəstəliklərin arxasında MKİ-nin durduğunu və U.Çavesin də eyni üsulla zəhərləndiyini iddia edib.

Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad da Uqo Çavesin ölümü ilə bağlı verdiyi başsağlığı müraciətində Venesuela prezidentinin vəfatını "şübhəli" olaraq xarakterizə edib. U.Çaves martın 5-dən 6-na keçən gecə xərçəng xəstəliyindən dünyasını dəyişib.