Hakerlərdən dünyanı silkələyəcək addım

Suriyanın "virtual ordusu" olan "Syrian Electronic Army" haker qrupu "facebook" sosial şəbəkəsinin ad gününü özünəməxsus təbrik edib.

Bəşər Əsəd hakimiyyətini dəstəklədiyini də açıq-aşkar öz veb ünvanlarında yazan hakerlər "twitter" ünvanlarında "facebook"a etdikləri "hədiyyə"nin təfərrüatını da açıqlayıblar.

Hakerlər "twitter" səhifələrində "Happy birthday, Mark! Facebook.com pwned by #SEA" (Ad günün mübarək, Mark) yazıblar.

Hakerlərin yazdıqlarına görə, onlar dünya brendlərinin domen patentini təmin edən "MarkMonitor" şirkətinə qeyri-leqal giriş edərək, Facebook, Yahoo, Google, Amazon kimi nəhənglərin domen qeydiyyatı ilə bağlı informasiyalarda dəyişiklik edib, hesabları ələ keçiriblər.


Lakin domenlərin tam yönlənmə müddəti 4-48 saat ərzində reallaşdığı üçün hücumun qarşısı qısa müddət ərzində alınıb. Buna görə də internet istifadəçilərini şoka salacaq olay baş verməyib.

Ekspertlərin rəyinə görə, əgər domenlərin yönləndirilməsi prosesinin qarşısı vaxtında alınmasaydı, milyonlarla internet istifadəçisi virusa yoluxmuş veb səhifələrə yönləndirilmiş olacaqdı.

Hakerlər domenlərin qeydiyyat informasiyalarını dəyişərək, mövcud elektron ünvanına haker qrupa məxsus ünvanı qeyd ediblər.

Qeyd edək ki, MarkMonitor Google, Yahoo, Amazon, Microsoft kimi dünya brendlərinin domen patentini təmin edən şirkətdir. Bir neçə gün əvvəl Ebay və PayPal brendlərinin də burda saxlanılan hesabları ələ keçirilmişdi. ("APA Holding" İT Departament)