Ukraynaya hərbi müdaxilə ilə bağlı - UMA - nın bəyanatı

Ukrayna Millətlər Assambleyası (UMA) Rusiya silahlı qüvvələrinin rusların Ukraynada təzyiqə məruz qalması səbəbi ilə ölkə ərazisinə qoşun yeritməsi ilə bağlı bəyanat yayıb.

APA-ya UMA – dan verilən məlumata görə, bəyanatda Ukraynada heç bir millətin etnik təzyiqə məruz qalmadığı, Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığı prinsipinin bu bəhanə ilə pozulmasından, Ukrayna Konstitusiyası və beynəlxalq müqavilələrdə əksini tapdığı kimi onun daxili işinə qarışılmaması prinsiplərinin unudulmasından bu ölkədə yaşayan millətlərin narahat olduğu bildirilir.

Bəyanatda deyilir: "Bütün Ukrayna üzrə millətləri təmsil edən təşkilat olaraq biz tam məsuliyyəti ilə bəyan edirik ki, siyasi baxışından, dilindən, milliyyətindən, Krım da daxil olmaqla regionundan asılı olmayaraq heç bir vətəndaşın sıxışdırılması halı yoxdur. Ukrayna Millətlər Assambleyası Ukrayna rəhbərliyini və Ali Radanı silahlı qarşıdurma barədə xəbərdarlıq etmək üçün vaxt itirmədən sivil yol tapmağa və münaqişənin sülh yolu ilə həllinə nail olaraq vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çağırır. Biz həmçinin bütün vətəndaşlarımızı ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağa çağırırıq". Bəyanat beynəlxalq təşkilatların Kiyevdəki nümayəndəliyinə, o cümlədən Rusiya rəhbərliyinə ünvanlanıb.

Qeyd edək ki, UMA-da Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Rus icmaları, Ukrayna Qaqauzları Konqresi və ölkədə yaşayan etnik xalqlara məxsus digər təşkilatlar birləşir. Qeyd edək ki, UMA-nın hazırkı prezidenti Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevdir.


AzNews.az