Noyabrın 21-də Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan dövlət və hökumət başçılarının 27-ci sammiti öz işinə başlayıb. Noyabrın 21-də Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan dövlət və hökumət başçılarının 27-ci sammiti öz işinə başlayıb.

ASEAN ölkələrinin 27-ci sammiti keçirilir - Kuala Lumpurda

Noyabrın 21-də Kuala Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan dövlət və hökumət başçılarının 27-ci sammiti öz işinə başlayıb.


Konfransın 48 illik tarixə malik olan bu regional blokun inkişafında dönüş anı olacağı və onun Vahid ASEAN Cəmiyyətinə çevriləcəyi gözlənilir. ASEAN ölkələri liderlərinin bəyanatla birlikdə qəbul edəcəyi "ASEAN-2025-ci ilə baxış" "yol xəritəsi" isə region dövlətlərinin yaxın 10 ildə inkişafı ilə əlaqədar 27-ci sammitin əsas yekun sənədi olacaq.

ASEAN-ın Nizamnaməsinə və təşkilatın 2009-cu ildə keçirilmiş sammitində qəbul olunmuş "yol xəritəsi"nə uyğun olaraq vahid regional cəmiyyətin formalaşması 2015-ci il dekabrın 31-dək yekunlaşmalıdır. Bu birliyin əsasında Assosiasiyanın daxilində inteqrasiyanın güclənməsinə yönələn üç əsas istiqamət dayanacaq: siyasi sabitliyin və təhlükəsizliyin təmin edilməsi, güclü iqtisadiyyatın qurulması və sosial-mədəni sahənin inkişafı. Qarşıdakı dövrdə əsas diqqət təhlükəsizliyə qeyri-tipik təhdidlərə, terrorizmlə mübarizəyə və dənizdə təhlükəsizliyə vahid mövqedən yanaşmanı və reaksiya verilməsini nəzərdə tutan regional təhlükəsizlik üzrə yeni strukturun yaradılmasına yönəldiləcək.

Bundan əlavə, sammitdə Assosiasiya ilə onun tərəfdaşları arasında dialoqların təşkili də nəzərdə tutulur. Belə ki, ABŞ Prezidenti Barak Obama, Çin Xalq Respublikası Sədrinin birinci müavini Li Keçian, Yaponiyanın Baş naziri Şinzo Abe, Koreya Respublikasının Prezidenti Pak Kın He və Hindistanın Baş naziri Narendrı Modi ilə ayrı-ayrılıqda ASEAN+1 formatında məsləhətləşmələr planlaşdırılıb. Eyni zamanda, Assosiasiyanın dialoq üzrə regional tərəfdaşları Çin, Yaponiya və Koreya Respublikası ilə ASEAN+3 formatında, həmçinin BMT-nin baş katibi Pan Qi Munla ASEAN-BMT formatında görüşlər də keçiriləcək.

Bu məsləhətləşmələrdə Asiya-Sakit okean regionunda qlobal təhdidlərə ümumi yanaşmanın yollarının, həmçinin ASEAN Vahid Cəmiyyətinin yaradılması ilə bağlı yaxın gələcəkdə tərəfdaşlar arasında dialoqun əsas istiqamətlərinin müəyyən olunması məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Gündəlikdə, həmçinin Assosiasiya ilə onun dialoq tərəfdaşları arasında regionun enerji və ərzaq təhlükəsizliyinin təmin olunması, təbii fəlakətlərin nəticələri ilə mübarizə, transmilli və transsərhəd cinayətkarlığın qarşısının alınması ilə bağlı mövzulara toxunulacağı da bildirilir.

Qeyd edək ki, ASEAN-ın tərkibinə Cənub-Şərqi Asiyanın 10 dövləti daxildir – Bruney, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin. Təqribən 4,5 milyon kvadratkilometr ərazidə yerləşən bu ölkələrdə 625 milyondan artıq insan yaşayır. ASEAN ölkələrinin payına dünya ümumi daxili məhsulunun 3,4 faizi, ticarət dövriyyəsinin isə təqribən 7 faizi düşür.

AZƏRTAC.az