Taleh Şahsuvarlı: "İrəvan bu gün varisi olduğumuz dövlətin qərarı ilə ermənilərə verilib" Taleh Şahsuvarlı: "İrəvan bu gün varisi olduğumuz dövlətin qərarı ilə ermənilərə verilib"

“Azərbaycan Xalq Cümhuriyyəti erməniləri qabaqlayaraq elan edilməli idi”

Taleh Şahsuvarlı: "İrəvan bu gün varisi olduğumuz dövlətin qərarı ilə ermənilərə verilib"

AzNews.az analitik informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı Axar.az saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər üçün tikilən “Qobu-3” yaşayış kompleksini açılışındakı çıxışında qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Ancaq bəzi tanınmış sosial şəbəkə istifadəçiləri və müəlliflər, əslində, AXC-nin İrəvanı ermənilərə vermədiyi bildirilir. Həqiqət necədir?

- Çox təəssüflər olsun ki, bizim həm bir çox tarixçilər, həm də siyasətçilər kütlədən qorxur və buna görə də həqiqətləri dilə gətirə bilmirlər. Nəticədə ictimai meydanda faktlar, gerçəkliklər deyil, populist yanaşmalar üstünlük təşkil edir. İlham Əliyev həm yaxşı tarixçi-alim, həm də xalqı öz arxasınca aparmağı bacaran iradəli liderdir, ucuz vasitələrlə xal qazanmağa ehtiyacı yoxdur. İlham Əliyevin ən böyük üstünlüklərindən biri odur ki, tarixə və reallığa dik baxmağı bacarır. Bəli, bu bizim tariximizin ən acı gerçəklərindən biridir ki, 28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi, ertəsi gün- mayın 29-da isə AXC rəhbərliyi toplanaraq İrəvan şəhərinin “üçgünlük” Ermənistan Respublikasına siyasi mərkəz, yəni paytaxt olaraq “güzəştə gedilməsi” barədə qərar çıxardılar.

- Bir çox tarixçilər, o cümlədən Solmaz Tohidi bildirir ki, AXC-nin həmin qərarı zərurətdən irəli gəlirdi.

- Mənim fikrimcə, zərurətdən deyil, təcrübəsizlikdən, AXC liderlərinin dövlət idarəçilik təcrübəsinin olmamasından, əksəriyyətinin Ermənistan Respublikasının qurucusu Aram Manukyan kimi- düşmən olsa da, düz danışmaq lazımdır- döyüş görməməsindən qaynaqlanırdı. Bəli, 1918-ci ilin mayın 28-də AXC-ni elan edənlərin hər biri ehtiramla anılmağa layiqdir, şəxsən mən bir Azərbaycan övladı olaraq onların hər birinin ruhu önündə baş əyirəm. Məmməd Əmin Rəsulzadə, Əlimardan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər cümhuriyyət qurucuları, gerçəkdən böyük kişilərdir, elan etdikləri müstəqillik tariximiz, bugünümüz və gələcəyimiz üçün misilsiz xəzinədir. Onların hər biri ömürlərini bu millətə həsr eləmiş, özləri, ailələri mühacirətlərdə, sürgünlərdə məşəqqətli günlər keçirmiş fədakarlardılar. Xoyski və Yusifbəyli məhz ADR qurucuları olduqları üçün qətlə yetirilib, sözün birbaşa mənasında həyatlarını millətə qurban veriblər. Ancaq bütün bunlar İrəvanın erməni dövlətinə peşkəş edilməsi faktını təkzib etmir. Bu, tarixi faktdır və bir tarixi fakt olaraq bütün təfsilatı ilə öyrənilməli, xalqa çatdırılmalıdır ki, biz öz hədəflərimizə daha sərrast varaq. Nədənsə bu faktı səsləndirən kimi, çoxları bunu ADR-ə qarşı çıxmaq kimi yozur. Yox, əfəndilər, bu ADR-ə qarşı çıxmaq yox, məhz Ermənistana qarşı çıxmaqdır. Onların elan etdiyi dövlətin paytaxtı olan şəhər bizimdir və məhz bizim bu gün varisi olduğumuz dövlətin qərarı ilə onlara verilib. Bəli, yanlış qərar idi, bağışlanmaz səhv idi, amma Azərbaycan parlamentinin ixtiyarı var ki, Şuşaya bayraq sancacağımız gün- hərb həm də bir ideologiya savaşıdır- xələfi olduğu cümhuriyyətin yanlış qərarını ləğv etsin.

- Sizin fikrinizcə, ADR qurucuları bu səhvə nədən yol verdilər?

- Bilirisiniz ki, Birinci Dünya Müharibəsinin gedişində Anadoluda ermənilər Osmanlı düşmənlərinin təhriki, maddi və silah-sursat yardımı ilə kütləvi iğtişaşlar törədirdilər. Nəticədə, Osmanlı dövləti onları köçürməyə başladı, hansı ki, həmin köçürülməni indi ermənilər “genosid” kimi təqdim edirlər. Bu köç dalğasında onminlərlə erməni ailəsi Cənubi Qafqaza üz tutmuşdu. 1918-ci ilin mayında Cənubi Qafqazda iki böyük silahlı güc vardı. Biri Osmanlı ordusu, digəri isə erməni çətələri idi. Həmin erməni çətələri yenə Osmanlının bütün düşmənlərindən yardım alırdılar. Çar Rusiyası süqut etmişdi, Leninin oktyabr inqilabından azacıq vaxt keçmişdi, ingilislər hələ Qafqaza girə bilməmişdilər. O ərəfədə Osmanlı komandanı, əslən arnavut (alban) olan Mehmet Vehib paşa Qars, Ərdahan, Batum kimi şəhərləri öz dövləti adına azad etmişdi, bölgədə əsas söz sahibi idi. Batumda Zaqafqaziya Seymi ilə Osmanlı arasında danışıqlar başlamışdı. Almaniya o danışıqlarda müşahidəçi kimi iştirak edirdi. Həmin görüşlərdə Vehib paşa iki təklif irəli sürmüşdü. Birincisi, ermənilərin ərazi iddialarını qismən tanımaq, ikincisi isə, ermənilərin Qafqazda daha çox ərazi əldə etməsinə imkan yaratmaq üçün müsəlman əhalisini Rusiyanın İrəvan quberniyasının ərazilərindən Anadoluya köçürmək. ADR-in bir dövlət və hökumət olaraq Osmanlı dəstəyinə çox ciddi ehtiyacı vardı, ona görə də bu təklifə qarşı çıxa bilmirdilər. Yanlışlığın əsas kökü burda yatır. Gürcülər və ermənilər onsuz da Osmanlını qəbul etmirdilər, etnik amilə görə, Osmanlı ordusu Qafqazda xalq olaraq bizə arxalanırdı. Yəni etiraz etmək üçün əlimizdə rıçaq vardı. İkincisi isə, 29 mayda ADR rəhbərliyinin gündəminə baxdıqda məlum olur ki, İrəvanın verilməsi barədə qərardan dərhal sonra Ermənistanla konfederasiya yaratmaq barədə qərar çıxarıblar. Həmin konfederasiya ideyası “ölü doğulmuş uşaq” idi, heç bir əhəmiyyəti olmadı. İsrail Oridən üzübəri ermənilər torpaq qazanmaq və dövlət qurmaq üçün kilsənin ideoloqluğu ilə sistemli iş aparırdılar. Prezident Əliyevin doğru buyurduğu kimi, ADR-in bağışlanmaz səhvi o oldu ki, onlar bizim tarixi torpaqlarımızda Ermənistan dövlətinin yaranmasına qarşı çıxmadılar, İrəvanın isə həmin dövlətin paytaxtı olmasına rəsmi sənədlə razılıq verdilər. Ən doğru addım o olardı ki, Azərbaycan Zaqafqaziya Seymini birinci tərk eləsin, özünü Zaqafqaziyanın bütün ərazilərinin hökuməti elan etsin, elan ediləcək Ermənistanın müstəqilliyini isə tanımasın. Bunün üçün də AXC digər respublikalardan sonra yox, öncə, ən azı erməniləri qabaqlayaraq elan edilməli idi.

- Əgər həmin qərar rəsmi şəkildə çıxarılmasaydı, İrəvan Ermənistanın paytaxtı olmayacaqdımı?

- Birincisi, dünən dövlət elan eləmisən, göndərdiyin teleqram heç təsirli dünya dövlətlərinə hələ çatmayıb, ordun yox, paytaxtın yox, büdcən yox, heç nəyin yox... Hər halda, iki daşın arasında belə bir qərar çıxarmamaq olardı. Siyasətdə təsirlər, təzyiqlər nə qədər şiddətli olsa da, həmişə vaxt uzatmağa bir əsas tapılır. Məsələn, demək olmazdımı ki, bizim hələ heç öz paytaxtımız yoxdur, özümüzə bir paytaxt seçək, sonra Ermənistan barədə düşünərik? Çox yox, cəmi bir neçə ay vaxt udmaq lazımdı ki, Bakı kimi, İrəvanın da üstünə hücum təşkil edilsin. İndi bəziləri deyirlər ki, guya İrəvanı verib, Bakını xilas ediblər. Bu kökündən yanlış fikirdir, heç bir əsası olmayan cəfəngiyyatdır. Bakının azad edilməsi başqa situasiya idi. Əvvəla, o dövrdə müəyyən qədər qoşun formalaşdırılmışdı, Nuru paşa təkcə Osmanlı əsgərinin yox, Azərbaycan əsgərlərinin də başında Bakıya girmişdi. İkincisi, Nuru paşa sentyabda Bakıya girəndə, Bakı “Sentrokaspi”diktaturasının əlində idi. Baxın, ADR rəhbərliyi hesab edirdi ki, İrəvanın “güzəştə gedilməsi” müqabilində ermənilər silahlı çatışmaları dayandıracaqlar, onlar da əmin-amanlıqdan yararlanıb dövlət quruculuğunu genişlədəcəklər. Yeri gəlmişkən, ADR-in bu qərarına dərhal protest verən AXC qurucuları da vardı. Onlar da bu yanlışı görürdülər. Bu ehtimal özünü doğrultmadı, doğrulda da bilməzdi. Əksinə, daha doğru addım o olardı ki, bütün mümkün vasitələrlə erməni çətələrinə qarşı partizan savaşı təşkil olunsun. Fikir verin, biz harada döyüşdüksə, o torpaqlar son nəticədə bizdə qaldı. Qarabağda, Naxçıvanda döyüşdük, ermənilər götürə bilmədilər. İrəvanda döyüşmədik, “sülh”lə verdik, həm hüquqi-siyasi baxımdan əlimizdən çıxdı, həm də qısa zamanda azərbaycanlılar şəhərdən və ətraf qəsəbələrdən qovuldu. Torpağı qansız qorumaq mümkün deyil!

- Belə fikirlər də var ki, partizan savaşı təşkil etmək olmazdı, çünki ADR xalq tərəfindən dəstəklənmirdi...

- Bu da kökündən yanlış fikirdir. Bəli, AXC-nin xalq tərəfindən səsvermə ilə qəbul olunan Ana Yasası və birbaşa xalq tərəfindən seçilən parlamenti yox idi. Amma AXC qurucularının hər biri xalq arasında böyük nüfuza malik olan şəxslər idilər. AXC hakimiyyətində Azərbaycanın bütün bölgələri təmsil olunurdu, elitada çox sayda əsilzadə var idi. Məsələn, Xoyski xanzadə idi, ailəsi Şəki zonasında təsirli idi. Əslən alban olan, sonradan türkləşən Məlik Yeqanovlar, Məlik Aslanovlar Tuğdan idilər, Dağlıq Qarabağda nüfuz sahibi idilər. Yusifbəyli Müsavata birləşməzdən öncə Gəncəbasarın bütün sayılıb-seçilən adamlarını öz partiyasında birləşdirmişdi. Həmid bəy Şahtaxtinski Naxçıvan, Behbud xan Cavanşir Qarabağ aristokratiyasını təmsil edirdi. Hacı Səlim Axundzadə Lənkəranda doğulmuşdu. Yaxud Sultanovların bir sözü Zəngəzurda iki olmazdı. Rəsulzadənin başçılıq etdiyi Müsavat partiyası hələ Türk Ədəmi Mərkəziyyət Partiyası ilə birləşənə qədər Bakı quberniyasında yaxşı dayaqlar qurmuşdu, birləşmədən sonra ümummili partiya statusu qazandı. Deməyim odur ki, ADR xalqın bağrından qopmuşdu. Problem başqa yerdə idi.

- Harada?

- AXC-nin qurucuları əllərinə düşən ilk tarixi fürsəti dəyərləndirdilər və müstəqillik elan etdilər. Bu addım doğru və misilsiz olsa da, düzünü desək, fakt qarşısında qalaraq atılmış addım idi. Ermənilər, torpaq əldə etmək və müstəqil dövlət qurmaq üçün bizdən daha yaxşı təşkilatlanmışdılar, daha hazırlıqlı idilər. 1905-06-cı illərdə “erməni-müsəlman davası” dediyimiz qırğınlar baş verdi. Daşnaklar törətmişdi. Bu qırğınlardan sonra millətin nəyə ehtiyacı olduğunu ən dürüst qavrayan Əhməd bəy Ağaoğlu oldu, “Fədai” təşkilatını qurdu. Bu təşkilatın, əslində, çox böyük sosial bazası vardı və həmin bazanı xalqımızın cəsur oğulları təşkil edirdi. Məsələn, bu günlərdə bir rəsmi sənəd oxudum. 1905-ci illərdəki hadisələrdən danışan raportda deyilirdi ki, Zəngəzurun Malibəyli kənd icmasının (indi işğal altında olan Laçın rayonunda) din xadimləri “Cihad” təşkilatı yaradıb və Gorusda daşnaklarla döyüşür. Deməli, xalq parakəndə halında təşkilatlanır, öz gücü ilə müqavimət göstərirdi. Onların mərkəzləşməsinə ehtiyac vardı. Ancaq Əhməd bəy Ağaoğlunun çar Rusiyasının təqibləri üzündən İstanbula köçməsi “Difai”nin gerçək bir lider ətrafında partiyalaşmasına, mütəşəkkil qüvvəyə çevrilməsinə imkan vermədi. Söz düşmüşkən, bir fikir deyəcəm, bu mənim şəxsi fikrimdir, mübahisə açmaq istəmirəm.

- Buyurun...

- Əhməd bəy Azərbaycanı, səhv etmirəmsə, 1908-ci ildə tərk eləmişdi, vətənə bir də 10 il sonra- Nuru paşa ilə birlikdə, onun məsləhətçisi kimi qayıtmışdı. Nuru paşa Gəncəyə daxil olanda orada AXC liderləri ilə görüş olur. Görüş zamanı Nuru paşa bildirir ki, mən hərbiçiyəm, hərbi məsələləri mənimlə, mülki məsələləri Əhməd bəylə müzakirə edin. Eyni zamanda bildirir ki, Osmanlı ordusu AXC-nin daxili işlərinə qarışmayacaq, ancaq yeni hökumət qurulması vacibdir. Nəticədə 17 iyunda AXC-nin ikinci Nazirlər Kabineti formalaşdırılır. Mənə elə gəlir ki, həmin gün son dərəcə böyük bir şans qaçırılır. Dövlət Əhməd bəy Ağaoğluna həvalə edilməli, hərbi hökumət qurulmalı idi. Rəsulzadə kabinetlərdə onsuz da yer almırdı, Xoyski isə ona çox yaxşı yardımçı ola bilərdi. Ağaoğlunun liderlik potensialı, zənnimcə, həmin gün gözdən qaçırılıb, özü isə birinci şəxs kimi önə çıxmağa heç təşəbbüs göstərməyib.

- Bəs, AXC-nin süqutu barədə nə düşünürsünüz?

- AXC-nin süqutunun bir çox obyektiv və subyektiv səbəbləri var. Bütün bunların hamısını məcmu halında götürmək lazımdır. Ancaq əsas səbəbləri 5 kateqoriya üzrə cəmləmək olar.

1) Lenin və bolşeviklər Rusiyada rejimi dəyişsələr də, imperiya maraqlarından çıxış edir, Qafqazı yenidən ələ keçirmək istəyirdilər.

2) Qafqazda Ermənistan dövlətinin qurulması AXC-ni regional konfliktə cəlb etmişdi, pis-yaxşı qurulan ordu ermənilərlə savaş halında idi, XI orduya müqavimət gücü yox dərəcəsində idi.

3) Azərbaycanın müstəqilliyini tanıyan dövlətlər bizə qahmar çıxmadılar, xeyli məsələdə qarant dövlət olan Osmanlı özü can hayında idi. “Mudros müqaviləsi” ilə Osmanlı aşağılanmış, ordusunu isə Qafqazdan çıxarmağa söz vermişdi.

4) AXC 1923-cü ildə Türkiyə kimi konkret bir imperiyanın küllərindən doğmamışdı, ənənə sorunu yaşayırdı, 23 ayda beş dəfə hökumət dəyişmişdi. Bir faktı deyim, yəqin çoxları bilmir. XI bolşevık ordusu Nəriman Nərimanovun “bələdçiliyi” ilə 1920-ci ilin aprelində Azərbaycana girəndə, ölkədə hökumət yox idi. Yusifbəyli kabinetinin buraxılmasından sonra hökumət quruculuğu Məmmədhəsən Hacınskiyə tapşırılmış, o isə üç həftədən sonra- 28 aprel ərəfəsində bildirmişdi ki, bəs, bu işi bacarmır. İşğaldan dərhal sonra bolşeviklər ona bu “xidmət”inə görə vəzifə verdilər.

5) Ölkə daxilində çoxsayda “5-ci kolon” vardı, bu kolonların ən böyüyü Nəriman Nərimanov, Əliheydər Qarayev və digərləri tərəfindən yönəldilən sosialistlər, kommunistlər idi. Onlar öz ideyalarını müstəqil Azərbaycanda gerçəkləşdirmək istiqamətində yox, Azərbaycanı yenidən Rusiyanın vassalına çevirmək yönündə fəaliyyət göstərirdilər.

Axar.az

image description image description image description