Həm baş verən, həm də baş verməyən hadisələrin qısa şərhi Həm baş verən, həm də baş verməyən hadisələrin qısa şərhi

Vətən savaşında tarixi gizli yazanlar!

Həm baş verən, həm də baş verməyən hadisələrin qısa şərhi

Bircə oğlum var, 14 il öncə adını Özgür qoymuşam.

Özgürün gələcəkdə DTX-da çalışmasını istəyirəm, bütün yeniyetmələr kimi “action”a meyilli olduğundan bu seçim özünün də ürəyincədir.

Analitik zəkasını inkişaf etdirmək üçün şahmata, fiziki hazırlığını artırmaq üçün üzgüçülüyə göndərirəm, tarix bilinci aşılayıram.

Bilmirəm DTX-nın akademiyasına qəbul olunmaq üçün gərəkən yüksək balı toplaya, fiziki hazırlıq üzrə təmrinləri yerinə yetirə, müsahibələrdən keçə biləcəkmi?

Sağlıq olsun, gələcək göstərər!

Amma o zamana qədər erməni dilini də öyrənməsini çox istəyirəm.

Bir ata olaraq oğlumun DTX-da çalışmasını arzulamağım heç də çin, rütbə, prestij həvəskarı olmamdan qaynaqlanmır.

Azərbaycanın gələcəyi, müstəqil bir dövlət kimi tərəqqisi, ərazi bütövlüyümüz və xalqımızın rifahı üçün DTX-nın üzərinə çox ciddi yük düşəcək.

Dünən və bu gün olduğundan daha böyük məsuliyyət, daha ağır yük...

Neft pulları Azərbaycana təzə-təzə gəlməyə başlayanda deyirdim ki, çox keçməyəcək, insanlar öz küçələrini, kəndlərini, şəhərlərini tanımayacaqlar- yeni binalar, qəsrlər, xidmət müəssisələri inşa ediləcək.

İndi isə deyirəm ki, II Qarabağ savaşındakı tarixi qələbəmizdən sonra xüsusi xidmət orqanları Azərbaycanın dövlət təşkilatının sözün əsl mənasında qan damarları olacaq.

Qan insan orqanizminin hər yerində dövran etməli, bunun üçün damarlar orqanizmin hər yerində olmalıdır.

Xüsusən “yaralı yerlər”də ki, çürümə baş verməsin!

Dövlət üçün qan- informasiyadır, informasiyaların təhlili və proqnozlaşdırılmasıdır.

Mənim aləmimdə, kəşfiyyatçılıq, ilanın başını yuvada əzmək səriştəsidir, olay çıxmasın, çıxdısa, onu araşdırmaq, polisin, prokurorluğun, məhkəmənin işidir.

Birinci Qarabağ savaşında məğlub olmağımızın, torpaqlarımızın işğal altında düşməsinin əsas səbəblərindən biri milli kəşfiyyatımızın zəifliyi idi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dönəmdə imkanı çatdıqca qurumu azərbaycanlılaşdırmış, amma Moskvada vəzifəsini itirdikdən sonra milli kəşfiyyatçıların yetişdirilməsi Kommunist Partiyasının yerli rəhbərliyi üçün prioritet olmamışdı.

Elə bu səbəbdən də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ortaya çıxana qədər Azərbaycan DTK zəruri addımlar ata, vacib əməliyyatlar keçirə bilməmişdi. Nəticədə erməni seperatizmi vaxtında zərərsizləşdirilməmiş, Qarabağda münaqişədən yayınmaq mümkün olmamışdı.

Ulu Öndər yenidən hakimiyyətə gələr-gəlməz peşəkarlığına yaxşı bələd olduğu Namiq Abbasovu kəşfiyyatın rəhbərliyinə gətirdi, bununla müstəqil Azərbaycanın xüsusi xidmət orqanları üçün “f5” düyməsi basıldı.

İllər öncə MTN-də baş verən məlum olaylardan sonra Azərbaycanın xüsusi xidmət orqanında həm struktur, həm də kadr islahatları aparıldı, DTX-ya rəhbərlik Prezident tərəfindən xəfiyyə cameəsində peşəkar, milli və ləyaqətli kadr kimi xarakterizə olunan, hazırda general-polkovnik rütbəsi daşıyan Əli Nağıyevə həvalə olundu.

Əli Nağıyev Birinci Qarabağ savaşının qazilərindəndir. Onu 44 günlük Vətən savaşının gerçək, amma gizli qəhrəmanlarından biri hesab etsək də mübaliğəyə yol vermərik.

Savaş, sadəcə, orduların üz-üzə gəldiyi, tankdan, topdan, avtomatdan, helikopterdən, qırıcıdan, PUA-lardan atəş açdığı, istehkamların yarıldığı, yeni mövqelərin qazanıldığı bir cəng deyil.

Müasir savaşlar, Prezident İlham Əliyevin sərrast ifadəsi ilə desək, 21-ci yüzilin müharibələri hibrid xarakteri daşıyır, bu cür müharibələrdə qarşı cəmiyyətin mənəvi-psixoloji olaraq çökdürülməsi üçün min yola əl atılır, açıq və gizli informasiya uğrunda, necə deyərlər, qırğın gedir.

Odur ki, general-polkovnik Əli Nağıyevin rəhbərliyi ilə DTX-nın, eləcə də general-polkovnik Orxan Sultanovun başçılıq etdiyi Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətini xronoloji baxımdan üç mərhələyə bölmək olar:

- 27 sentyabr 2020-ci ilə qədər;

- 44 günlük Vətən savaşı;

- 10 noyabr 2020-ci ildə Üçtərəfli bəyanat imzalandıqdan sonrakı zaman.

Birinci mərhələ müharibəyə son hazırlıq dövrü idi. Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Şuşada “Yallı” getməsindən sonra Tərtərdə Olimpiya Kompleksinin açılışında açıq-aşkar müharibə bəyanatı vermişdi. Dövlət başçısının o çıxışı bütün ciddi analitiklərə məlum etmişdi ki, II Qarabağ savaşının başlaması an məsələsidir. Ancaq O AN üçün xüsusi xidmət orqanlarının raportlarının, düşmən cəbhəsində necə işləyəcəyi, hansı müttəfiq qurumlarla məlumat mübadiləsi edəcəyi barədə son dərəcə məxfi planların da Ali Baş Komandanın masası üzərində olması zəruri idi.

İkinci mərhələdə, yəni savaş günlərində Azərbaycan xüsusi xidmət orqanları təkcə düşmən cəbhəsində işləmirdi, eyni zamanda, informasiya savaşının önəmli bir parçası idi, daxildə terror planlarını önləyir, Ermənistanın ənənəvi qaydada ölkəmizdə “suyu bulandırmaq” taktikasının gerçəkləşməsinə imkan vermirdi. Belə bir təhlükə vardımı? Vardı və əgər olmasaydı, vətəndaşlara bu yöndə DTX tərəfindən açıq çağırışlar edilməz, mülki əhalinin ayıq-sayıq olması təşviq edilməzdi.

Bəli, biz nə Vətən savaşına qədər, nə də Vətən savaşı günlərində DTX-nın, XKX-nın keçirdiyi əməliyyatlardan, Ali Baş Komandana verdiyi raportlardan çox böyük ehtimalla heç zaman xəbər tutmayacağıq. Ancaq bircə elə onu biləcəyik ki, Azərbaycan kəşfiyyatının xüsusi təyinatlı bölmələri torpaqlarımızın azadlığı uğrunda hərbiçi kimi də vuruşublar və Zəfər Paradında xüsusi keçid ediblər.

Üçüncü mərhələdə də DTX-nın üzərinə son dərəcə böyük iş düşür. Qarabağda darmadağın olan erməni hərbi birliklərinin qalıqlarının, ASALA kimi təşkilatlarının partizan savaşı çıxarmaq planları uğurla puç edilib. Ancaq bu təhlükə tam aradan qalxmayıb. Bütün yerli və xarici ekspertlər Azərbaycanı Qarabağda anti-terror əməliyyatları aparmağa hər an hazır olmağa səsləyir, di gəl, bu çağırışlara elə bir ehtiyac yoxdur ona görə ki, Azərbaycanda hazırkı DTX nə əvvəlki- ötən əsrin 80-ci illərindəki DTK, nə də MTN-dir.

Bununla belə, heç unutmalı olmadığımız bir məsələ var.

Qarabağda münaqişə bu gün, yaxın zaman üçün bitmiş görsənir. Ermənistanın qəti məğlubiyyətdən sonra özünə gəlməsi, ordusunu bərpa etməsi, yenidən ərazi iddialarına düşməsi müşkül məsələdir. Ancaq erməni cəmiyyətinin siyasi psixikasında sağalmaz sindromlar var. Azərbaycan kəşfiyyatı bu sindromlara qarşı uzun on illikləri əhatə edən planlar hazırlamalı və gerçəkləşdirməlidir.

Şəxsən mənim DTX rəisi Əli Nağıyevə şəxsi ehtiram və inamımın əsasında dayanan amillərdən biri də məhz bununla bağlıdır.

Bizim DTX o işi bacaracaq və ermənilərə Qarabağda bir daha baş qaldırmağa imkan verməyəcək kəşfiyyat ənənəsi formalaşdıracaq!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru