Əli Kərimlinin müavini Elçibəyi “solçu” elan etdi Əli Kərimlinin müavini Elçibəyi “solçu” elan etdi

AXCP yenidən “qanadlanır”, yoxsa sol düşərgəyə keçir? - ŞƏRH

Əli Kərimlinin müavini Elçibəyi “solçu” elan etdi

AXCP sədrinin müavini, marginal və qaragüruh kütlə içərisində az-çox intellektə sahib olan, elə bu səbəbdən həbsxanada olduğu müddətdə mənim də azadlığa çıxmasını arzuladığım və bunu efirdən dilə gətirdiyim Seymur Həzi yazıb:

"Əbülfəz Elçibəy öz nümunələri ilə müasir demokratik düşüncənin, sosial demokrat- xalqçı ideologiyanın lideridir".

Seymur Həzinin Əbülfəz Elçibəyi bir şəxsiyyət və siyasi lider kimi dərindən tanınmamasında elə bir qəbahət yoxdur. Obyektiv baxımdan, o, Əbülfəz Elçibəyi xalq hərəkatı zamanı, prezidentlik dövründə, Kələkidə və Kələkidən Bakıya qayıtdıqdan sonra dərindən tanıya biləcək yaş nəslinin nümayəndəsi deyil. Məsələyə subyektiv yanaşdıqda isə, AXCP sədrinin müavini gənc yaşlarından qoşulduğu ictimai-siyasi proseslərdə heç zaman “Elçibəy tərəfdarı” kimi iştirak etməyib. Bununla belə, Seymur Həzi hazırda AXCP sədrinin müavini postunu tutur və daşıdığı siyasi görəv gərəyi Əbülfəz Elçibəyin ideoloji baxışları barədə ən azından müəyyən təsəvvürlərə malik olmalıdır.

Məsələ burasındadır ki, Əbülfəz Elçibəy heç zaman və heç bir yerdə özünə sosial demokrat deməyib, solçu olmasına kiçicik bir eyham belə vurmayıb.

Eks-prezident deyirdi: "Mən türk millətçisiyəm və bununla fəxr edirəm".

Elçibəyin millətçiliyi şovinizm həddinə çatmırdı, demokratiya ilə sintez olunmuşdu.

Elə bu səbəbdən də istər Əbülfəz Elçibəy, istərsə də onun ideyalarını qəbul edən siyasi fəallar hətta beynəlxalq arenada da “milli demokratlar” kimi tanınır, qəbul edilirdi.

AXCP sədrinin müavini isə, göründüyü kimi Əbülfəz Elçibəyi SOSİAL DEMOKRAT elan edir.

Sosial demokratiya dünyada əsas ideoloji doktrinalardan biridir, amma Elçibəy haçan və harada deyib ki, o, sosial demokratdır?

Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə təsis olunanda İdarə Heyətində ən müxtəlif ideoloji baxışlara malik olan şəxslər cəmlənmişdi. AXC daxilində bu cür qruplardan biri də sonradan Azərbaycan Sosial-Demokrat Partiyasını təsis edən Zərdüşt və Araz Əlizadə qardaşları, Leyla Yunus idi.

Adı çəkilənlər 1989-cu ildən bəri Əbülfəz Elçibəyə qarşı öz kəskin nifrəti ilə seçilib, bu nifrətin bir səbəbi şəxsi antipatiya idisə, digər nədəni də ideoloji baxışlar olub. Sosial demokratlar millətçi, türkçü, turançı- milli demokrat Elçibəyi heç zaman qəbul etməyiblər.

Odur ki, Əbülfəz Elçibəyi “sosial-demokrat” adlandırmaq, onu solçu kimi təqdim etmək, ən yumşaq halda, ideoloji-siyasi blefdən başqa bir şey deyil.

Zira, bu açıqlama siyasi sfera üçün diqqət çəkən bəyanatdır.

Çünki, bu bəyanatla Elçibəydən daha çox, “Elçibəy yolu ilə getdiyini” bəyan edən AXCP və Əli Kərimli sosial-demokrat elan olunub.

AXCP sədri Əli Kərimlinin ideoloji baxımdan Elçibəyin yoluna- hətta o, sosial-demokrat olsa belə,- bağlı olmadığı heç kimə sirr deyil.

Ancaq madam Əli Kərimli “Elçibəy cizgi”sinə iddia edir, o zaman o da sosial yox, “milli demokrat” kimi çıxış etməli, solçu yox, sağçı siyasətçi kimi tanınmalıdır.

İnsafən, siyasətə dünən gəlməmiş Əli Kərimli istər daxili, istərsə də xarici müstəvidə məhz sağçı kimi tanınıb, ancaq baxışlarına görə, demokratiyanın milli yox, liberal platformasına daha yaxın fiqur kimi xarakterizə edilib. Təsadüfi deyil ki, onun başçılıq etdiyi dövrdə AXCP məhz liberal ideologiyanın daşıyıcısı kimi özünü təqdim edib, hətta bu məlumat partiya barədə “Wikipedia” məqaləsində də qeyd olunur. Azərbaycanda liberal demokratiyaya söykənən bir neçə siyasi təşkilat var və bunlardan ən məşhuru Lalə Şövkətin başçılıq etdiyi ALP-dir. Bir neçə il öncə isə, Müsavat Partiyası uzun sürən ideoloji diskussiyalardan sonra özünü “liberal” elan etdi, hətta dünyadakı liberal partiyaları bir araya gətirən beynəlxalq ittifaqa da qatıldı. Vaxtilə ilə Etibar Məmmədovun lideri olduğu AMİP də ideoloji platformasında dəyişiklik etmiş, millətçilikdən mühafizakarlığa keçid etmiş, Beynəlxalq Konservatorlar İttifaqına daxil olmuşdu. AXCP-nin şinelindən çıxan BAXCP Avropa Mühafizakarlar və İslahatçılar Alyansının, ASDP isə Sosialist İnternasionalının üzvüdür. Əbülfəz Elçibəyin dönəmində AXCP Türkiyənin Milliyətçi Hərəkat Partiyası ilə sıx təmaslar qurmuşdu, ancaq onun birinci müavini Əli Kərimli heç zaman özünü “millətçi” kimi görmürdü. Elçibəyin vəfatından sonra isə dəfələrlə parçalanan, ancaq hüquqi rekvizitləri Əli Kərimlinin əlində qalan partiya beynəlxalq açılım gerçəkləşdirə, Qərbin siyasi gələnəkləri içində özünə doğma siyasi xətt tapa bilmədi. Nəticədə bu gün özünü “anarxist” kimi görən şəxslər də bütün şüurlu həyatını “milli dövlət” anlayışına həsr etmiş Əbülfəz Elçibəyin bir zamanlar sədr olduğu partiyada- Əli Kərimlinin yanında özünə yer bula bilir.

Bu xüsusilə maraqlı məqamdır ona görə ki, əgər Əli Kərimlinin yanında anarxistlər, feministlər varsa, sosial-demokratlar da ola bilər və o da ola bilər ki, Seymur Həzi Elçibəyi “solçu” elan etməklə AXCP-də yeni bir ideoloji diskussiya açmaq və son nəticədə təşkilatı yenidən “qanadlandırmaq” istəyir. Əgər bilincaltında belə bir niyyət yoxdursa, deməli, hər zaman özünü sağ partiya kimi təqdim edən AXCP cinah dəyişdirir və sola keçir.

Bu məsələyə isə mütləq AXCP sədri Əli Kərimli özü aydınlıq gətirməlidir.

Ki, AXCP sağdan sola yer dəyişdirir, yoxsa Elçibəyi “sosial-demokrat” elan etmək onun tərəfdarlarının daha bir uğursuz açıqlamasıdır?

Taleh ŞAHSUVARLI