Dövlətin yanında olduğun müddətdə bütün hüsumətimizə son verirəm Dövlətin yanında olduğun müddətdə bütün hüsumətimizə son verirəm

Yanındayam, Xədicə İsmayıl!

Dövlətin yanında olduğun müddətdə bütün hüsumətimizə son verirəm

Xədicə İsmayılı çoxdan, lap çoxdan- uzaq tələbəlik illərindən tanıyıram.

Az qala 30 ildir ki, aramızda hüsumət var, qarşıdurma var, nifaq var.

Bir çoxları hesab edib ki, bu nifaq barışmazdır. Amma iki nəfər xaric- biri özüm, biri Xədicə.

Az qala 20 ildir ki, Xədicənin əleyhinə yazıram.

Az qala 20 ildir ki, onun doğru yolda olmadığını, saleh işlərlə məşğul olmadığını deyirəm.

Bununla belə, bir neçə məsələdə heç zaman Xədicə İsmayıla qarşı haqsızlıq etməmişəm.

Əvvala, onun dərin intellektini heç zaman şübhə altına almamış, əksinə, hər fürsətdə vurğulamışam. Həmçinin həbsdə olduğu müddətdə onun əleyhinə yazmamağa çalışmışam.

İkincisi, Xədicə jurnalist kimi qərəzə qapılmadığı müddətdə peşəkardır.

Üçüncüsü, Xədicə mətin və ardıcıl adamdır.

Danmıram, aramızdan “qara pişik” keçməsinin şəxsi motivləri də olub. Ummadığım yerdə və məqamda əski dostum tərəfindən haqsızlığına uğramışam, həm maddi, həm mənəvi açıdan. Ən çətin anlarımda, ən kasıb vaxtlarımda!

Amma əsl nifaqımız milli məsələlərlə bağlı olub.

Lap kökünə varmaq istəmirəm, çünki Xədicə o məsələ ilə bağlı son nəticədə mənim dediyimə gəlib.

İkinci mərhələdə Xədicənin o qədər intellektin, o qədər ardıcıllığın qarşısında Qərbin əlində alət olmasına, erməni propoqandasına xidmət etməsinə etiraz etmişəm, haqq verməmişəm, başa düşməyə belə çalışmamışam.

Amma təbii intuisiyam hər zaman mənə deyib ki, Xədicə bir gün o sistemə qarşı üsyan edəcək.

Budur, həmin vaxt, həmin məqamdır.

https://www.aznews.az/news/take_a_look/287624.html

Əziz lap köhnə dostum nə deyir bu müsahibədə?

Sitatlar:

- “Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar. Bu barədə əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim”.

“Nəyə görə mənə icazə verilir ki, Ermənistanın yox, təkcə Azərbaycan hökumətinin problemlərini işıqlandırım? Bu, təkcə Əliyevin müharibəsi deyil, bütün Azərbaycan xalqının müharibəsidir.

- “600 min insan öz ölkələrində qaçqın vəziyyətinə düşüb. Mən Əliyevi dəstəkləmirəm, amma o, Qarabağla bağlı haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib”

- “Yenidən sərbəst hərəkət edə bilirəm, lakin görünür ki, daha heç kimə lazım deyiləm. Bu, depressiyaya səbəb olur”.

- “Münaqişə İlham Əliyevlə başlamayıb. Ən şiddətli toqquşmalar onun hakimiyyətə gəlməsindən xeyli müddət əvvəl baş verib. Ona görə də mən bu arqumenti qəbul etmirəm. Əslində, fikirləşsəniz, yalandır”.

İşdə bu!

Bizim keçmiş və ortaq baş redaktorumuz İrfan Sapmaz demiş, gözünü sevəyim, Xədicə!

Bəli, Xədicə hər şeyə rəğmən dilə gəlib.

Demək ki, Qərb təsisatları onu axıra qədər ələ ala, sındıra bilmədi.

Söhbət bu məqamda Qərb, Cənub, Şimal istiqamətlərindən getmir.

Mənim tanıdığım Xədicənin intellekti, vicdanı, ürəyi bir gün, bu gün işə düşdü.

Pul qazanıb?

Lap yaxşı edib.

Pul qazanmaq istəyir?

Lap yaxşı edir.

Ağlı olanın pulu olmalıdır, vətəni satmamaq şərti ilə.

Demək ki, daha doğrusu, əminəm ki, son məqamda Xədicə Vətən uğrunda şəhid olan doğmasının qanından keçmədi Sevinc Osmanqızı kimi.

Bu gündən Xədicəyə qarşı bütün hüsumətimə son verirəm.

Sonda: Xədicənin “depressiya” dediyi hal böyük təzyiqlərdir, əslində.

Bu xarici təzyiqlər qarşısında Xədicəni tək qoymamalı, ona cəmiyyət və dövlət olaraq sahib çıxmalıyıq.

Prezident çox adamı bağışlayıb, Xədicəni də bağışlayar.

İşi “o vaxt filankəs belə deyirdi, mən belə deyirdim” moduna gətirməyə də gərək yoxdur.

Amma bu gün Xədicəyə dəstək olmasaq, VİCDAN BİZİ BAĞIŞLAMAZ!

Adam Qərb institutları ilə bağlı haqqı deyib, dövlət mövqeyindən çıxış edib!

Taleh ŞAHSUVARLI