Qafqazda azərbaycanlıların ikinci respublikası qurula bilər Qafqazda azərbaycanlıların ikinci respublikası qurula bilər

Ermənistan suqsvanq vəziyyətində: Əliyevin İrəvana son xəbərdarlığı

Qafqazda azərbaycanlıların ikinci respublikası qurula bilər

44 günlük müharibədən öncə erməni mediasının və şərhçilərinin Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı çıxışlarına münasibətləri “standart” idi. İlham Əliyev az qala bütün çıxışlarında “danışıqlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, müharibə qaçılmazdır, torpaqlarımızı hərbi əməliyyat keçirərək azad edəcəyik” şəklində mesajlar verir, erməni mediası və şərhçiləri həmin mesajların “daxili auditoriyaya hesablandığını” deyir və “rəsmi Bakının müharibə ritorikası” kimi təqdim edirdilər. Ancaq 44 günlük müharibə göstərdi ki, İlham Əliyev əslində Ermənistana gec-tez reallaşacaq xəbərdarlıqlar edibmiş. Bu nəticə qarşısında II Qarabağ savaşından sonra hətta bir çox erməni analitiklərinin və siyasətçiləri də etiraf etməli oldular ki, Azərbaycan prezidentinin xəbərdarlıqlarını öz cəmiyyətlərinə yanlış təqdim ediblər və İlham Əliyevin açıq danışmasını vaxtında və düzgün qiymətləndirə bilməyiblər.

Prezident Əliyev dünən IX Qlobal Bakı Forumunun açılışında çıxış etdi və yenə də açıq danışdı.

Ümumiyyətlə, təcrübə göstərir ki, dövlət başçımız hər zaman Qarabağ məsələsi ilə bağlı həm bizim cəmiyyəti, həm də beynəlxalq ictimaiyyəti maksimum məlumatlandırmağa çalışıb. Əlbəttə, diplomatik danışıqlar heç də nöqtəsinə, vergülünə qədər açıqlana bilməz, ancaq üzərindən xeyli zaman keçdikdən, necə deyərlər, sənədlərin üzərindəki məxfilik qrifi öz əhəmiyyətini itirdikdən sonra bütün detalları tarixçilər üzə çıxarır. Dövlətlərin və diplomatiyanın bu bəlli qaydasına zidd olmadan Əliyevin yerli və beynəlxalq ictimaiyyəti ümumi mənzərə ilə tanış etməsi bir növ onun üslubudur. Qlobal Bakı Forumunda etdiyi çıxış ilk növbədə Azərbaycan prezidentinin bu ənənəvi üslubunu davam etdirməsi idi.

Çox təəssüf ki, erməni mediası, şərhçiləri və xüsusən də Paşinyanın Paşinyandan başqa hər kəsə xidmət edən xarici işlər naziri Əliyevin xəbərdarlığına yenə də düzgün yanaşa bilmədi, Azərbaycan prezidentinin aydın, prinsipial və qətiyyətli mövqeyi komplekslər içində çabalayan cəmiyyətlərinə “Ermənistanın şantaj edilməsi” kimi təqdim olundu. Doğrusu, 44 günlük müharibənin nəticələri ilə bağlı erməni mediasında gedən qızğın müzakirələrdən sonra məndə belə bir qənaət yaranmışdı ki, erməni elitası Azərbaycan prezidentinin dünyagörüşünü, xarakterini və liderlik keyfiyyətlərini praktiki baxımdan obyektiv qiymətləndirmək imkanını əldən verməyəcək. Ancaq, görünür, erməni xəstəliyi bir çox məsələlərdə olduğu kimi, bu müstəvidə də reallıqdan qaçış mərəzi doğurub.

Əliyev öz çıxışında İrəvana çox səlis və sərrast bir sual ünvanladı: "Ermənistan Qafqazın gələcəyini necə görür"?

Bu konkret sual erməni siyasətçilərindən birmənalı cavab istəyir. İqtidarda, yaxud müxalifətdə olmasından asılı olmayaraq, Ermənistanın hər bir siyasi xadimi, eksperti, ictimai rəy yaradıcısı və o cümlədən sadə vətəndaşı bu sualı özünə verməli, gələcəyə baxışını, mövqeyini müəyyən etməlidir.

Bu baxımdan ermənilər üçün üç mümkün cavab var.

1) Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı sayca dördüncü respublikanın, ikinci erməni dövlətinin təşəkkülü;

2) Hazırda Rusiya sülhməramlılarının nəzarət zonasında olan Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi;

3) Ermənistanın Azərbaycana və digər qonşularına qarşı ərazi iddialarına son qoyub, Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verməsi.

Qarabağ münaqişəsinin 30 illik tarixi göstərir ki, nə Azərbaycan, nə də beynəlxalq geopolitik dəngələr heç bir halda və formada Qafqazda ikinci erməni dövlətinin meydana çıxmasına, yaxud kriminal çətənin dövlət formatında leqallaşmasına imkan verməz. Bu ideya ancaq və ancaq bir halda reallaşa bilər ki, Azərbaycan və Türkiyə həm dövlət, həm də xalq olaraq tarix səhnəsindən silinsin. Bu, əlbəttə absurddan o yana olan bir illüziyadır və xəstə təxəyyüllü erməni ideoloqlarından başqa kimsə Azərbaycan və Türkiyə dövlətlərinin qüdrətli gələcəyini şübhə altına almır. Yada salmaq kifayətdir ki, 44 günlük savaşda Azərbaycanın qazandığı qəti və mübahisəsiz qələbədən sonra Xankəndi Şuşanın ovcuna düşüb, Ermənistandan Qarabağa gələn yolu bir neçə məntəqədə hərbi vasitələrlə bağlamaq isə, Azərbaycan üçün heç bir çətinlik törətmir. Xankəndidəki cinayətkar çətənin liderlərinin başına çuval keçirib Bakıya gətirmək üçün Azərbaycanın xüsusi təyinatlı qüvvələrinə cəmi bir neçə saat vaxt lazımdır.

Eyni şərtlər Xankəndi və çevrəsindəki Azərbaycan yaşayış məntəqələrinin nəinki Ermənistana birləşdirilməsini, hətta 30 il boyunca İrəvanın cəsarət etmədiyi addımı bundan sonra atmasını, yəni qondarma “DQR”-in “müstəqilliyi”ni tanımasını da istisna edir. Qalır üçüncü və daha rasional yol- İrəvan siyasətçilərinin mübtəla olduqları manikal-depressiv psixoza qalib gəlib sülh, əməkdaşlıq və birgə tərəqqi modelini seçməsi. Fəqət Ermənistan bir dövlət olaraq bu seçim üçün müstəqil iradəyə malik deyil, for postdur, ayrı-ayrı geopolitik güclərin əlində istifadə müddəti bitməkdə olan maşadır, cəmiyyətin dövlətçilik identifikasiyası isə yoxdur, heç zaman olmayıb. Məhz elə bu səbəbdən də Ermənistan bir tərəfdən hərbi məğlubiyyətinin ağırlığını anlayır, suqsvanq vəziyyətinə düşdüyünü fərq edir, digər tərəfdən isə, Rusiya sülhməramlılarının bölgədə olmasından yeni “status kvo” yaratmaq üçün istifadə etməyə çalışır. Bu məqsədlə İrəvan iki əsas kartdan istifadə, daha doğrusu, blef edir ki, bu da dərindən baxanda elə Rusiyanın bölgədəki maraqlarına ziddir:

- ATƏT-in Minsk qrupunun dirçəltməyə çalışır;

- Dağlıq Qarabağın statusunu gündəmə gətirmək istəyir.

Əvvəla, ATƏT heç zaman və heç bir formada keçmiş Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olmamasını iddia etməyib. ATƏT-in institutional yaddaşına belə bir yanaşma yoxdur.

İkincisi, ATƏT hərbi birlik deyil, onun heç bir dövlətə silahla təzyiq etmək imkanı yoxdur. Həm də elə bu səbəbdən ATƏT 30 il boyunca Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa sövq edə bilmədi. Əgər Ermənistan 30 il ərzində ATƏT-in Minsk qrupu eşitmək üçün canında isti hiss etməyibsə, Azərbaycan nədən təşvişə düşsün?

Üçüncüsü, ATƏT-in Minsk qrupuna mandat münaqişəni danışıqlar yolu ilə həll etməsi üçün verilmiş və Azərbaycan da həmin mandatı məhz bunun üçün tanımışdı. 27 sentyabr 2020-ci ildə Azərbaycan ordusu ilk düşmən postunu ələ keçirən andan ATƏT-in mandatı da, təklifləri də, danışıqlarda əldə olunmuş razılaşmalar da bənd-bənd öz aktuallığını itirib. Bunu Qərb dövlətləri də başa düşdüyündən Avropa İttifaqı Şurası regiona siyasi təsir rıçağının itirilməməsi üçün Brüsseldə bir neçə danışıq təşkil edib, yeni reallığa uyğun təşəbbüslər irəli sürüb. Məgər Ermənistan Azərbaycanın işğal altında olmuş rayonlarını ATƏT Minsk qrupunun təklifi, təşəbbüsü, həmin formatda keçirilmiş müzakirələrdə üzərinə götürdüyü öhdəliklərə əməl edərək geri qaytarıbmı ki, indi də “status” söhbəti edir? Xeyr! Ermənistan uzun illər ərzində münaqişənin dinc yolla həll olunmasından yayınıb, Azərbaycanı savaşa təhrik edib və işğalçı ordusunun 2/3-i məhv edildiyi üçün kapitulyasiya aktı hesab olunan Üçtərəfli Bəyanata imza atıb. Həmin bəyanatda Qarabağ ermənilərinə status veriləcəyi haqqında hansısa bənd varmı? Yoxdur! Əgər status Ermənistan üçün belə prinsipial məsələ idisə, nədən həmin məsələnin əks olunmadığı Üçtərəfli Bəyanata imza atırdı? Cavab sadədir, əgər imza atmasaydı, Azərbaycan ordusu Xankəndini də götürəcəkdi!

Azərbaycan ordusu Xankəndini götürmək üçün lazım olandan da artıq gücə malikdir və bunu bilən Nikol Paşinyan hakimiyyəti yeni tezis ortaya atıb: “Qarabağ ermənilərinin müqəddəratı hüquq məsələsidir”.

Ancaq məsələnin məğzinə professional şəkildə nəzər saldıqda məlum olur ki, Ermənistan "hüquq məsələsi" dediyi problem etnik separatizm xarakterini itirərsə, ümumiyyətlə, nə məsələ qalar, nə problem, nə də mübahisə.

Bəli, bu dünyada heç bir hüquq proffessoru, konstitusiya bilicisi Azərbaycan Ana Yasasının sayca azlıqda olan sosial qruplara münasibətdə demokratik olmadığını, müasir beynəlxalq hüququn prinsipləri ilə çuğlaşmadığını iddia edə bilməz. Üstəlik, Azərbaycan Ermənistandan fərqli olaraq multikultural bir ölkədir və cəmiyətimizin ənənələrində milli, dini, etnik ayrıseçkilik yoxdur.

Digər yandan, 1648-ci ildə imzalanmış məşhur Vestfal sülhündən sonra dünyanın tərəqqi modeli fərdin, individin dövlət qarşısında dəyər qazanması yönündədir. Azərbaycan Qarabağdakı erməni fərdlərin bütün çağdaş və demokratik hüquqlarını tanımağa hazırdır, o cümlədən onların var olma, kültürlərini yaşatma, iqtisadi təşəbbüs və siyasi iştirakçılıq haqlarına ən zəif halda olsa belə, hər hansı müdaxilə etmək, çərçivə tətbiq etmək niyyətində deyil. Ancaq bunun üçün Azərbaycanda mövcud olan digər etnik, dini, mədəni azlıqlar kimi, Qarabağ ermənilərinin nümayəndələri də ilk növbədə Azərbaycan vətəndaşlığını qəbul etməli, bir vətəndaş topluluğu olan Azərbaycan xalqının bir parçasına çevrilmək üçün dövlətin qurucu etnosuna reinteqrasiya etməlidir. Bunun alternativi azlığın çoxluğu irqi, milli və dini ayrıseçkiliyə məruz qoymasıdır, faşizmdir və belə olan halda da, bəyənmədikləri, vətəndaşı olmaq istəmədikləri dövlətin torpaqlarından üzüsulu getməlidirlər.

Yaxşı söyləyiblər, şər deməsən, xeyir gəlməz, qarşımızda şər topluluğunun olmasını unutmayaraq bir anlıq düşünək ki, Ermənistan Əliyevin xəbərdarlığına yenə məhəl qoymadı, Azərbaycanın ərazi bütövlüyünü tanımadı, sərhədləri müəyyənləşdirilməsi prosesinə əngəl oldu, Zəngəzur dəhlizini açmadı, ATƏT-in Minsk qrupunu dirçəltmək, Azərbaycandan Qarabağ ermənilərinə xüsusi status qoparmaq üçün iki ayağını bir başmağa dirədi, onda nə olacaq?

Bu suala cavab tapmaq üçün prezident Əliyevin dünənki çıxışından iki abzasa nəzər yetirək:

“Biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin, əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu”.

Əliyev daha sonra sözlərinə belə davam edir:

“Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”.

Üçtərəfli bəyanatın 9-cu maddəsində Ermənistan üzərinə öhdəlik götürüb:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Beləliklə, Ermənistanın bu öhdəliyə əməl etməməsi Azərbaycana Qərbi Zəngəzurda hərbi əməliyyat apararaq Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında dəhliz açması üçün tam hüquqi əsas yaradır. Bu hüquqi əsasla həyata keçiriləcək Qərbi Zəngəzur əməliyyatından sonra həmin ərazilərdən zorla deportasiya edilmiş azərbaycanlıların qayıdışı da reallaşacaq ki, bu da Qafqazda azərbaycanlıların ya ikinci dövlətinin, ya da muxtar respublikasının formalaşması deməkdir. Başqa sözlə, regionda disbalans yaratmaq siyasəti Ermənistanın kağız üzərindəki dövlətçiliyi üçün ən böyük təhlükədir.

Zaman dəfələrlə isbat edib ki, İlham Əliyev dediyini bir gün mütləq gerçəkləşdirir!

Taleh ŞAHSUVARLI,
Aznews.az analitik-informasiya portalının baş redaktoru