Solmaz Tohidiyə replika, Nəsiman Yaqubludan rica

Cəmil Həsənlinin Məmməd Əmin Rəsulzadə ilə bağlı araşdırma məqalələrimə spekulyativ cavabından və AXCP qaragüruhunun əleyhimə linç kampaniyası başlamasından cəsarətlənən AMEA-nın Şərqşünaslıq İnstitunun doktoru Solmaz Rüstəmova Tohidi və Cümhuriyyət dövrünün tədqiqatçısı, professor Nəsiman Yaqublu rəy və statuslar paylaşıblar.

Öncə linç kampaniyasından başlayım.

Bu kampaniya intellektual müzakirələrdə nəinki iştirak etməyə, hətta elmi diskussiyaları izləməyə belə “baqaj”ı, səviyyəsi, ədəbi çatmayan marginal və qaragüruh kütlədir. Elmi dünyagörüş heç zaman qaragüruha xitab etmir, ondan təsirlənmir və ümumiyyətlə kütləyə əhəmiyyət vermir.

Odur ki, öz aləmində məni ağ yuyub, qara sərənlərə cavabım olduqca qısadır: umurumda deyilsiniz.

Professor Nəsiman Yaqublu həqiqətən də Cümhuriyyət dövrünün ən görkəmli tədqiqatçılarından biridir.

Həmin dövrlə maraqlanan şəxs kimi çox hörmətli Nəsiman müəllimin tədqiqatlarının, kitablarının çoxu ilə, hətta dissertasiya işi ilə tanışam. Yaqublunun araşdırmalarına çox böyük önəm verir, onu bir alim kimi yüksək dəyərləndirirəm. Bununla belə deməliyəm ki, professorun çalışmalarında müsavatçı tendensiya hiss olunur və bu da onun möhtəşəm tədqiqatlarına tam obyektiv ədəbiyyat kimi müraciət etməyə mane olur. Ancaq bütün hallarda, Nəsiman Yaqublu AXC dönəmi və AXC-nin mühacirət etmiş siyasi xadimlərinin fəaliyyəti ilə bağlı mənbələrin üzə çıxarılmasında böyük payı olan alimdir və sayğıya layiqdir.

İndiki mübahisədə yanlışı odur ki, ona elə gəlir ki, nə Nəsiman müəllimin, nə də digər araşdırmaçıların kitablarını heç kim oxumayıb. Şəxsən öz adımdan deyə bilərəm ki, həmin dövrlə bağlı çap olunmuş ədəbiyyatın əhəmiyyətli bir hissəsini mütaliə etmiş və özümə görə nəticələr çıxarmışam. Çox sevindirici hallardan biri də budur ki, AXC dövrü ilə bağlı əksər sənədlərlə şərhsiz şəkildə tanış olmaq mümkündür.

Solmaz xanıma gəlincə, onunla bir neçə dəfə sosial şəbəkə üzərindən mübahisə etmişəm. Doğrusu, cavablarının intellektual tutumu məni qane etməyib. Məqalələri ilə tanış olanda hiss etmişəm ki, mənim elmi dünyagörüşümü zəninləşdirəcək, maraq dairəmə adekvat tədqiqatçı deyil. Bunu özünə də ifadə etmişəm və bundan sonra xanım Tohidi imkan düşdükcə mənə qarşı öz qəzəbini elmi tituluna uyğun olmayan bir üslubda ifadə edir. Uzun ömür arzulayıram! Onu da arzu edirəm ki, əsas tədqiqat sahəsi İran kommunist mətbuatı olan xanım Tohidi hazırda Tehran mediasında Azərbaycana qarşı aparılan qaralama kampaniyasının qarşısına ciddi elmi məqalələrlə çıxsın, biz də yayımına dəstək verək. AMEA Şərqşünaslıq İnstitutunun doktorlarının işi əlində milçəköldürən tutmaq deyil, dövlətə qarşı təhiddlərin ideoloji əsaslarını darmadağın etməkdir. Əlbəttə, əgər İrandan çəkinmirlərsə!..

Gələk, əsas məsələyə.

Azərbaycan Xalq Cümhuriyyəti necə yarandı?

Bu, olduqca mühüm sualdır və bu sualın cavabı tarixi şüur baxımından cəmiyyətimiz üçün çox böyük aktuallıq kəsb edir. Əgər biz bu suala cavabda tarix elminin prinsip və metodlarına uyğun əsərlər, elmi və elmi-populyar məqalələr ortaya qoymasaq, sovetlər dövründə olduğu kimi bolşevik anti-müsavat, müstəqillik illərimizdə olduğu kimi pro-müsavat təbliğatı aparmaq üçün tarixi gerçəklikləri təhrif etsək, o zaman tarixi şüurumuz doğru paradiqmalar üzərində formalaşmayacaq.

Mən hər iki tendensiyaya- həm bolşevik, həm də pro-müsavat tendensiyalarına qarşıyam.

Hesab edirəm ki, yuxarıda qoyulan suala cavab olaraq uzun illərdir formalaşmış üç əsas paradiqma var.

Birinci paradiqma AXC-nin qurucularından biri, görkəmli publisist və siyasi xadim Məmməd Əmin Rəsulzadənin müəllifi olduğu baxış bucağı, yaxud çərçivədir.

Bu paradiqmaya görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi köklərə malik ictimai fikir müəssisəsinin sayəsində gerçəkləşib və bu müəssisədə ayrı-ayrı şəxslərin rolunun obyektiv qiymətləndirmək xaricində, milli istiqlaliyyəti, dövlət quruculuğunu bir və ya bir neçə adamın adına bağlamaq yanlışdır.

Mən bu paradiqmanı dəstəkləyirəm. Rəsulzadə ideyasından çıxış edən əslində mənəm!

Hesab edirəm ki, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə və “Əqdnamə”ni dəstəkləyən siyasi cərəyanların nümayəndələri bu fikir müəssisəsinin formalaşmasında tarixi rol oynamış babalarımızdırlar. Hər birinə sayğı duyur, hər birinin haqqına ehtiram göstərirəm. Türkmənçay müqaviləsindən sonra başlayan etno-politik hərakatda bu isimlərin hər birinin fəaliyyətinə obyektiv nəzər salaraq bu nəticəyə gəlirəm ki, 20-ci əsrin əvvəllərində Azərbaycanda ən nüfuzlu siyasi lider Əlimərdan bəy Topçubaşov olub. Bu rəy dövrün sənədlərində də əks olunub. Topçubaçov mənim dünyagörüşümə daha yaxın tarixi siyasi fiqurdur. Bu, suçdurmu? AXC-nin bir dövlət olaraq quruculuğu isə, zənnimcə, ilk növbədə Fətəli Xan Xoyskinin çiyninə düşüb. Bu iki nəticə, əlbəttə, Rəsulzadəni Cümhuriyyət qurucuları sırasında sıxışdırmır, onun əleyhinə çıxmaq anlamı daşımır. Bu paradiqmada Məmməd Rəsulzadə istiqlalla nəticələnən ictimai fikir müəssisəsinin içindədir, ancaq başında deyil.

İkinci paradiqmanın əsası mühacirətdə Mirzəbala Məmmədzadə tərəfindən qoyulub. Azərbaycanda Müsavat Partiyasının bərpası ilə ölkəmizə daşınıb. Hazırda Nəsiman Yaqublu, Cəmil Həsənli, Solmaz Tohidi kimi tarixçilərin təqdim etdiyi və mənim fikrimcə, gerçək tarixdən daha çox “ideoloji platforma” səciyyəsi daşıyan bir çərçivədir. Rəsulzadəni çətir kimi başlarına tutub özlərinə siyasi kölgəlik düzəldiblər. Bu paradiqmada Məmməd Əmin Rəsulzadə “istiqlala aparan yolun bayraqdarı”, “istiqlal məfkurəsinin ideoloqu”, “AXC-nin banisi”dir.

Rəsulzadəyə münasibətdə bu iki paradiqma arasında fərq var, amma heç biri ona qarşı deyil. "Anti-Rəsulzadə" xarekterinin olmaması birinci və ikinci paradiqmanın tərəfdarlarını Mirzə Davud Hüseynovun ötən əsrin 20-ci illərində təklif etdiyi üçüncü paradiqmadan kəskin şəkildə ayırır. Məlumat üçün bildirim ki, bolşevik Mirzə Davud Hüseynov Müsavatın ilk araşdırmaçılarından biridir və AXC süqut etdikdən sonra məxsusi kitab nəşr etdirmişdi. Hazırda bu paradiqmanı əsasən Rusiyada Stanislav Tarasov davam etdirir. Çox təəssüf ki, Tarasovun qoyduğu suallara ikinci paradiqmanın elmi titul daşıyıcısı olan dəstəkçiləri cavab verməyə, yumşaq desək, ərinirlər. Bu da onların səmimiyyətinə şübhə doğurur və Rəsulzadəni daha çox daxili auditoriya üçün təbliğ etmələri təəssüratı yaradır. Daxili auditoriya üçün nəzərdə tutulan tezislər isə elmi baxımdan beynəlxalq müstəvidə keçərlilik qazana bilmir. Tarasov əslində AXC-ni deyil, AXC üzərindən çağdaş dövlətimizi hədəfə alır. Bütün hallarda, Mirzə Davud Hüseynov paradiqması bizim müasir dövr tarixçilərinin bir çoxunda kompleks yaradıb.

Tarix elmləri doktoru, professor İradə Bağırovanın ötən əsrin əvvəllərində Azərbaycanda mövcud olan siyasi partiyaların tarixindən bəhs edən çox dəyərli çalışması var. Bu çalışmada həmin kompleksin ən xırda əlamətlər belə hiss olunmur. Mən bu cür tarixçiliyə tərəfdaram. Çox ciddi araşdırmaçılardan biri də, mənə görə, tarixçi Vasif Qafarovdur. Ancaq Vasif Qafarovun necə linç edildiyini və ictimai meydandan təhqir edilərək kənarlaşdırıldığını, məhkəmə ilə hədələndiyini gördük. Bütün bunlar elm və cəmiyyət arasında uçurum yaradır. Bəli, cümhuriyyət tarixinin obyektiv şəkildə araşdırılmasına çağırışlar Rəsulzadəyə qarşı tövr tutmaq anlamına gəlməməlidir. Rəsulzadə İsus Xristos kimi məchul şəxs deyil, həyatı, çıxışları, məqalələri, kitabları, siyasi proqramları ortadadır.

Hüquqda bir qayda var.

Tətbiq edilməli hüquq norması tətbiq edilməyəndə, yaxud tətbiq edilməli olmayan hüquq norması tətbiq ediləndə Ana Yasa ilə ziddiyyət yaranır. Tarix elminin ana yasası onun prinsip və metodları, ilk maddəsi isə budur: “Tarix tədqiqatçısının əsas vəzifəsi faktları üzə çıxarmaqdır. Faktlar mənbələrdə əks olunub. Mənbə yoxdursa, fakt, fakt yoxdursa, tarix yoxdur”!

Mən ikinci paradiqmanın tərəfdarlarının mövqeyini bölüşmürəm ona görə ki, bu günəcən M.Ə.Rəsulzadənin Azərbaycan ictimai fikir müəssisəsinin başında dayandığını və dövlət quruculuğunun məsuliyyətini öz üzərinə götürdüyünü ortaya qoyan heç bir mənbə, heç bir fakt göstərə bilməyiblər. Başqa sözlə, tətbiq edilməli olan metodu tətbiq etməyiblər, tətbiq edilməli olmayan metodu tətbiq ediblər. Fikrimi aydınlatmaq üçün misal çəkim. Çox hörmətli Nəsiman Yaqublu 1911-ci ildə Müsavat partiyasının yaranmasından danışarkən təşkilatın proqramını təsvir edir. Bəlli olduğu kimi, partiya ilk proqramına görə panislamist idi. Ancaq dərhal əlavə edir ki, proqramda milli istiqlal hədəfi ona görə yox idi ki, “hələ tez idi”. Bu zaman digər Zaqafqaziya xalqlarının siyasi təşkilatlarına nəzər salmaq, onların gündəmi ilə anologiya aparmaq lazımdır. Bu anologiyanı aparmadan “hələ tez idi” demək, zənnimcə, real mənzərəyə adekvat deyil. Çünki erməni və gürcü siyasi təşkilatları Müsavat partiyasının yaranmasından illər öncə “müstəqil dövlət olaq, ya olmayaq” sualı ətrafında müzakirələr aparmış, konfranslarda iştirak etmişdilər.

Yaxud başqa bir fakt. Nəsiman Yaqublu yazır: "1923-cü ildə İzmirdə keçirilən kitab festivalında M.Ə.Rəsulzadənin elə həmin ildə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti (keyfiyyət-i təşəkkülü və şimdiki vəziyyəti)” kitabı “Atatürk mükafatı”na layiq görülüb" (Yeni Müsavat.- 2014.- 9 fevral.- S.7.)

Məlum olduğu kimi, Mustafa Kamal paşaya "Atatürk" soyadı 1934-cü ildə, 2587 saylı qanunla verilib. Demək ki, o zaman bu adda mükafat ola bilməzdi. İkincisi, "Atatürk mükafatı" 1986-cı ildə təsis edilib. Ödülün ilk sahibi NATO-nun Baş katibi Cozef Luns olub. Bu qeyri-dəqiqlik nədən qaynaqlanır,əcəba?

Ümumiyyətlə, politologiyada “bayraqdar” o liderə deyirlər ki, o kütlələri təşkilatlandırsın və öncədən elan etdiyi hədəfə doğru aparsın. Əgər AXC-nin elan olunduğu gün Müsavat partiyasının rəsmi adında “Türk Federalistlər Partiyası” ibarəsi də vardısa, sözügedən təşkilatın milli istiqlalçı keçmişindən danışmağa dəymir.

Sözün açığı, dövrlə bağlı zəngin arxivə rəğmən bizim tarixçilərin üzləşdiyi bir obyektiv problem də var. 1918-ci ilin mart hadisələri zamanı Bakıdakı Müsəlman Milli Komitəsinin arxivi yanıb, qızıldan qiymətli sənədlər məhv olub. Fərz edək ki, hansısa təsadüf nəticəsində o sənədlərdən biri və ya bir neçəsi tapıldı. Tapılan sənəddən komitənin iclasında AXC-nin yaranma zərurəti ilə bağlı Rəsulzadənin çıxış etdiyi, yaxud Müsavat partiyasının, deyək ki, 1914-cü ildə AXC-nin yaradılması ilə bağlı proqram sənədi hazırladığı məlum oldu. Bu məni təəssüfləndirəcəkmi? Əsla! Tam əksinə sevindirəcək. Ancaq fərz edək ki, eyni məzmunda Əlimərdan bəy Topçubaşov, yaxud Fətəli xan Xoyski ilə bağlı sənəd üzə çıxdı. Bu zaman ikinci paradiqmanın dəstəkçiləri də mənim kimi sevinəcəklərmi? Düzü bir balaca şübhə edirəm. Çünki “bu məsələdə fakt yoxdur”, “mənbələr belə demir” deyə öz ehkamlarından heç bir halda geri çəkilə bilmirlər. Elm isə öncədən müəyyən edilən bir ehkamı isbatlama sahəsi deyildir.

Digər prinsipial etirazım Zaqafqaziya Müsəlman Federasiyasının bir hüquqi müəssisə kimi nəzərdən qaçırılmasınadır. Zaqafqaziya Federariv Respublikasında üç federasiya mövcud idi. Gürcü, müsəlman və erməni. ZFR dağılanda bu federasiyalar öz suverenliyini saxladı, həmin suverenlik ertəsi günlərdə müstəqil dövlət şəklində ifadə olundu. Bu federativ və müstəqil dövlətə dönüşəcək suverenliyin arxasında dayanan milli iradə bizim açımızdan Qafqaz Müsəlmanları Qurultayında qoyulub. Bu milli iradənin ifadəçiləri Müsəlman Milli Şuraları idilər. Mənim konseptual yanaşmam budur ki, milli şuraların formalaşmasında həm ideoloq, həm də qurucu kimi çıxış edən lider Əlimərdan bəy Topçubaçovdur. Azərbaycanın dövlət müstəqilliyini elan edən Milli Şura da məhz onun yaratmış olduğu müəssisənin davamıdır.

Göründüyü kimi, bütün bunlar ciddi elmi diskussiyadan keçməli olan məsələlərdir. Elmi diskusiyya mühitini Cəmin Həsənli presidentində olduğu kimi siyasi propaqandanın təsiri altında saxlanılması ictimai və milli maraqlara ən böyük zərbədir. Rəsulzadə də, Topçubaşov da, Xan Xoyski də, Yusifbəyli də eyni dərəcədə bizimdir və hamımızındır. Məmməd Əmin bəyin milli istiqlalı ərsəyə gətirən ictimai fikir müəssisəsinin içində, yaxud başında olması barədə mübahisələr heç bir halda ictimai fikir daşıyıcılarının şəxsiyyətinin təhqir olunmasına səıbəb olmalı deyil. Əksinə, bu diskussiyalar vətəndaşlarımızı daha çox oxumağa, öyrənməyə sövq etməlidir.

Elə bu səbəbdən sözümün sonunda çox hörmətli Nəsiman Yaqubludan bir ricada bulunmaq istəyirəm. AXC dövründə V kabinetin istefaya göndərilməsi və bu zaman parlamentdə çoxluq təşkil edən Müsavat Partiyasının lideri kimi Məmməd Əmin bəyin müstəqilliyin bolşevik təhdidi altında olduğu dönəmdə məsuliyyəti öz üzərinə götürüb rəsmi şəxs kimi önə çıxmaması, hökumət qurmaması, partiyasındakı, hökumətdəki və parlamentdəki böhranı həll etməməsi, zənnimcə, bir sual olaraq illərdir açıq qalıb. Çox arzu edərdim ki, Nəsiman müəllim bu mövzuya həsr olunmuş xüsusi məqaləsi ilə AzNews.az oxucularını və ictimaiyyəti məlumatlandırsın.

Taleh ŞAHSUVARLI