- Redaktor masası
- 31 Avqust 14:54
- 10 091
Xankəndidə xuntanın ierarxiyası çökür - ŞƏRH

Şahramanyan "Miatsum"un sönmüş ulduzlarını aldatmaq üçün ortaya atılıb
Xankəndidəki cinayatkar xuntanın özünü "prezident" zənn edən lideri Arayik Arutyunyanın qondarma vəzifəsindən istefa verməsi gözlənilməz deyildi.
44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdərliyi altında qazandığımız parlaq qələbə və savaşdan sonra Azərbaycan diplomatiyasının seperatçıları bəsləyən kanalları qapamaq üçün əldə etdiyi uğurlar, Azərbaycanın bütün hüquq-mühafizə orqanlarının, sərhədçilərimizin, xüsusən də Dövlət Təhlükəsizliyi Xidmətnin peşəkar fəaliyyəti Xankəndidə seperatizmin dayaqlarını sarsıtmış, daxili çəkişmələri alovlandırmışdı.
Azərbaycanın barəsində cinayət işi açdığı, ədalət məhkəməsində cavab verməli olan Arutyunyan Xankəndidəki xuntanın girovluğunda olan mülki ermənilər arasında da nüfuzunu çoxdan itirmiş, Karen Matovesyan kimi narkomanlardan ibarət "milis"lərin ümidinə qalmışdı. Nəhayət, "qurbanın kəsilmə günü" yetişdi və Xankəndidəki qanunsuz rejim rəsmən başsız qaldı. Düzdür, Arayik "istefa" verməzdən öncə "dövlət naziri" adlandırdıqları Qurgen Nersesyanın da sərəncamını verərək Samvel Şahramyanı "küll ixtiyar sahibi" elan etdi, ancaq bu, heç bir halda formalizmdən uzağa getməyəcək. Bu barədə danışacağıq. İndi isə ona diqqət edək ki, çox uzaq vaxtda deyil, elə dünən Arayik Arutyunyan Avropadakı erməni diasporunun qabağına düşüb Gorusa gələn Paris meri ilə onlayn toplantı keçirir, "döyüşəcəyik" mesajı verir, Xankəndidə Fransa bayrağı dalğanandırırdı. Bu gün isə "tərcümeyi-halıma Azərbaycanın münasibəti bəllidir" deyə Xankəndidəki seperatçıların ierarxiyasının dağıdılmasında Bakının roluna eyham vurur. Bəli, bundan sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda heç bir seçki şousu təşkil oluna bilməz. Əgər seperatçılar buna cəhd edərlərsə, həmin seçkidə qutudan səs yox, səssiz canlılar çıxacağını və onların da "Bayraqdar"lar tərəfindən sayılacağını bilməlidirlər.
Mən Arayikin bundan sonra çox yaşayacağına əmin deyiləm. Bir neçə gün öncə Xankəndidəki ofisinə güllə atanlar macal tapıb başına da bir-iki əl atəş edəcəklər. Arayik çox güman ki, Xankəndidən qaçmağa çalışacaq. Ancaq bunun üçün Laçın SNBM-dən keçməlidir. Bu da onun başına çuval keçirilərək Bakıya gətirilməsi deməkdir. Odur ki, Arayikin Xankəndidən qaçması üçün iki variant var. Onu ya RSK öz helikopterlərində Ermənistana aparmalı, ya da diverstant qrupun müşayiəti ilə gizli dağ yolları ilə aradan çıxmalıdır. Odur ki, rəsmi Bakı həm RSK-a belə bir əmələ qol qoymaması üçün dərhal xəbərdarlıq etməli, eyni zamanda, Azərbaycanın xüsusi xidmət orqanları, Silahlı Qüvvələrimizin bölmələri ayıq-sayıq olmalıdırlar. Arayikin tutularaq Bakıya gətirilməsi olduqca mühümdür. O, Ermənistanın müharibə cinayətlərini ifşa etmək üçün zəngin məlumatlı şahiddir.
"Seperatçıların lideri" təyin olunmuş Samvel Şahramanyan, sözün bütün mənalarında gədədir. Bako Saakyanın nüfuz dairəsində olan bu gədə xuntanın təhlıükəsizlik orqanlarında çalışıb və hətta "general mayor" rütbəsi də əldə edib. Xankəndidə müharibə cinayətləri törətmiş mafioz qruplar onu barmaqlarında fırladacaqlar. Bu ilin martında Xocalıda Azərbaycanın rəsmi nümayəndələri ilə keçirilən görüşdə Qarabağdakı erməniləri təmsil etməsi onun hələ Azərbaycanla re inteqrasiyaya mane olmaq istəməyəcəyi anlamına gəlmir. O, bu prosesin ağırlığını və məsuliyyətini çiyninə götürəcək ağıla, səriştəyə və iradəyə malik biri deyil. Yusif Sərrac misalında olduğu kimi, ondan "Miatsum"un sönmüş ulduzlar"ına kələk gəlmək üçün "lider" düzəldiblər. Qarabağdakı xuntanın təhlükəsizlik xidməti Ermənistan müvafiq orqanının rayon şöbəsi statusunda olub. Deməli, Şahramanyan birbaşa və dolayı yolla əməkdaşı olduğu orqanın xətti ilə ilk növbədə Ermənistandan alacağı tapşırıqları yerinə yetirəcək. Ağdam-Xankəndi yolunun açılması ilə bağlı Şahramanyanın Azərbaycan üçün əhəmiyyətli olmayan mövqeyini də məhz bu amil müəyyən edəcək.
Ağdam-Xankəndi yolunun açılması, bundan sonra Laçın SNBM-dən BQXC-nin tibbi yardıma ehtiyacı olanlara, tələbələrə və s. keçid verilməsi əslində məsələnin astar üzüdür. Əsas hədəf Azərbaycanın bir bölgəsinin dövlət nəzarətindən kənarda qalmasının qarşısının alınması, Xankəndi və çevrəsindəki məntəqələrdə olan çətənin likvidasiya edilməsi və qanunsuz silahlı birləşmələrin ləğvidir. Bu gün Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə çox aydın və konkret mesajlar verib. Bu mesajlar, heç şübhəsiz ki, Azərbaycan dövlətinin və dövlət başçısının rəsmi mövqeyidir. Ağdam-Xankəndi yolunun açılması ilə Ermənistanın Qarabağda seperatizmə dəstək kanallarından ən əhəmiyyətlisini kəsir. Xankəndiyə gedəcək yüklər Azərbaycanın nəzarətindən keçəcəyindən ermənilər Azərbaycan ərazilərinə silah-sursat, mina, şəxsi heyət daşıya bilməyəcəklər. Lojistik dəstəyi olmayan işğalçı ordu qalıqları isə uzun müddət səngərdə qala bilməz.
Taleh ŞAHSUVARLI