Azərbaycanın qələbəsini həzm edə bilməyənlər var - Arif Paşa ilə MÜSAHİBƏ

- Arif bəy, Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin açılması ilə bağlı sərəncam verdi. Bu sərəncamı necə qarşıladınız?

- Köç prosesi çox böyük hadisədir və bu bir neçə aspektdən - hərbi , siyasi, iqtisadi - aspektlərdən dəyərləndirilməlidir. Bu zaman ərazi məskunlaşdırılır. Əhalinin yaşayış və iş yerləri ilə təmin edilməsi ilə bu sahədə olan yük müəyyən qədər yüngülləşir. Artıq işğaldan azad edilmiş ərazilər iqtisadi səmərə verən, gəlir gətirən regiona çevrilir. Bütün bunlar külli şəkildə ölkənin müdafiə və təhlükəsizlik məsələlərində önəmli rol oynayır. Ən əsası ölkəmizin ərazi bütövlüyü və işğaldan azad edilmiş ərazilərdə suverenliyi bərpa olunur.
Biz indi möhtəşəm tarixi hadisələr dövrünü yaşayırıq. Prezidentin Xankəndində universitet açmaq barədə sərəncamı təbii ki , yüksək dəyərləndirilməlidir. Ərazinin məskunlaşdırılması, uyğun infrastrukturların yaradılması, şəhərin Azərbaycanın elm mərkəzlərindən birinə çevrilməsi prosesləri baş verəcək. Gələcəkdə diğər ölkələrdən olan insanların da burada təhsil alacağını və bunun siyasi baxımdan əhəmiyyətini də qeyd etmək lazımdır.

- 44 günlük müharibədən sonra "hakimiyyət Laçın şəhərini, Xankəndini ermənilərə peşkəş edib" deyə sosial şəbəkələrdə tarixi Zəfərimizə qarşı təbliğat aparanlar vardı. Siz həmişə belələrinə etiraz edirdiniz. İndi aralarında heç olmazsa, Sizdən üzr istəyənlər varmı?

- 44 günlük müharibədəki qələbəmiz Azərbaycan tarixinin möhtəşəm səhifəsidir və bundan sonrakı bütün dövrlərdə yaşayacaq insanlarımızın qürur və fəxarət yeri olacaq! Antiterror əməliyatı da tariximizin möhtəşəm səhifəsinə döndü. Biz illər boyu dünya güclərinin içimizdə yaradıb, himayə etdikləri qara yaranı kəsib atdıq. Mən həmişə xalqımızın öz haqlı mübarizəsində qalib gələcəyinə inanmışam. Açığı "Xankəndi peşkəş edilib" yanaşması ilə elə də çox rastlaşmamışam. Daha çox, görəsən, "Laçın şəhərindən erməniləri çıxarmaq mümkün olacaqmı?" fikri və narahatçılığı ilə qarşılaşmışam. Əsas odur ki, biz hətta səmimi desək, çoxumuzum gözləmədiyi bir nəticənin şahidi olduq. Bu böyük və möhtəşəm bir nəticə - QƏLƏBƏDİR!

- Hazırda Laçın şəhərində və Zabuxa qayıdış baş verir. Bu prosesi necə görürsünüz?

- Laçına, eləcə də Zabux və digər kəndlərimizə qayıdış bütün parametrləri ilə paralel mənəvi zərurətdir. Neçə illərin vətən həsrəti ilə yaşayanların hansı hiss və həyəcanı keçirdiklərini bu taleyi yaşayanlar bilər... Mən Laçına gedəndə bu rəngarəng, anlaşılmaz və izahedilməz hissləri yaşamışam.

- Özünüz nə zaman qayıdacaqsınız?

- Evim hazır olanda mən də Laçına qayıdacağam!

- İşğaldan sonra Laçına ilk dəfə ayaq basanda... Torpaq sizə nə dedi?

-Torpaq sanki : Mən Sizi sevirəm, siz məni qoyub haraya getmişdiniz? ,- deyirdi.

Torpaq - ANAMIZ- ittiham etmirdi...

ANALAR övladlarının günahlarını bağışlayırlar...

- Bu gün Qarabağa qayıdışı əngəlləmək istəyən müəyyən qüvvələr əsasən xaricdən maliyyələşən sosial şəbəkə kanallarında müxtəlif dezinformasiyalar yayırlar. Belələrinə nə deyərdiniz?

- Azərbaycanın qələbəsini həzm edə bilməyənlər var və bunlar az deyil. Amerika, Fransa, Rusiya, İran kimi ölkələr başda olmaqla üstümüzə yeriyən, 30 il torpaqlarımızın işğalına kar və kor olanlar xalqımızın haqq işinə əngəl törədə bilməyəcəklər.

- Son proseslər göstərir ki, dünyanın bir sıra güc mərkəzləri hələ də Azərbaycanın qələbəsini həzm etmək istəmirlər. Sizcə nədən?

- Azərbaycanda Amerikanın, Rusiya və İranın tör-töküntülərinin də nəyəsə nail olması mümkünsüzdür!
Mən xalqımıza qarşı həm ATƏT-in üzdən iraq Minsk Qrupunun, həm "müsəlman" İranının pərdəarxası (indi açıq oynayırlar) oyunlarına qəzəb ifadə edərək zaman - zaman " Rədd olsun Qərb, rədd olsun Şimal, rədd olsun Cənub! YAŞASIN MİLLİ İRADƏ!!!" demişəm və yazmışam.

- Blinken Azərbaycan prezidentinə zəng vurdu. Bu barədə PA rəsmi məlumat yayıb. Bu telefon danışığını necə şərh edərsiniz?

- Blinkenin telefon zəngi, C. O’Brayenin Azərbaycana gəlişinə imkan yaratmaq xahişi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşılığında irəli sürdüyü şərtləri qəbul etməsi ABŞ-ın da yaranmış reallıqları qəbul etməyə məcbur olacağının təzahürüdür.

Rəfiqə NAMAZƏLİYEVA