QHT-lər Əliməmməd Nuriyevin elan etdiyi "Dürüstlük xartiyası"nı niyə dəstəkləməlidir?

Sabiq millət vəkili, peşəkar hüquqşünas və əlbəttə, vətəndaş cəmiyyətimizin ən təcrübəli isimlərindən olan Əliməmməd Nuriyev Qeyri-Hökumət Təşkilatlarına muraciət ünvanlayıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə qrant müsabiqəsinin nəticələrinin elan edilməsi ərəfəsində Konstitusiya Araşdırmalar Fondunun rəhbərinin yaydığı müraciət son dərəcə aktual olduğundan dərhal AzNews.az saytında yayımladıq.

Ancaq indi həmin müraciətə bir QHT sədri olaraq qoşulmaq, açılan müzakirələrə qatılmaq istəyirəm.

Əvvəlcə, agah olaq ki, Əlimməmməd Nuriyev nədən bəhs edir?

Müraciət ilk növbədə o narahatçılıqla qələmə alınıb ki, müsabiqə nəticələrinin elanı ərəfəsində, dövriyəyə xoş olmayan niyyətdən qaynaqlanan fikirlər, şaiyələr, obyektiv əsası olmayan iddialar buraxlır:

“Bəziləri inandırmağa çalışırlar ki, guya onların "əməyi" sayəsində ayrı-ayrı QHT-lər müsabiqənin qalibləri olacaq. Birmənalı olaraq qeyd etmək istərdim ki, əsla və əsla sizlər belə "işbazlara", arabuluculara və nəhayət dələduzlara etibar etməməlisiniz. Heç bir halda bu böhtançıların, manipulyatorların tələsinə düşməməlisiniz”.

Müraciətin sonunda müəllif QHT-lərə səslənərək rica edir ki, əgər kimdənsə layihəsinin müsabiqədə qalib olması üçün hər hansı ödəniş və s. istənilərsə, onu bu baradə məlumatlandırsınlar.

Əliməmməd Nuriyevin bu müraciətini elə özünün də dediyi kimi QHT sektorunda “dürüstlüyə çağırış xartiyası” kimi dəyərləndirmək olar. Fəqət bu xartiya barədə fikirlərimi bölüşməzdən öncə bir vacib məsələni xüsusi vurğulamaq istəyirəm. Müasir cəmiyyətləri QHT sektoru olmadan təsəvvür etmək mümkün deyil. QHT-lərin nə qədər önəmli institut olduğuna ənənəvi funksiyaları xaricində Şuşa-Laçın yolunda təşkil olunan tarixi ekoloji aksiya zamanı şahid olduq. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edibsə, bu işdə vətəndaş cəmiyyəti quruluşlarının rolu danılmazdır. Zira, Azərbaycan yeni eraya daxil olubsa, yeni dönəmin quruculuğunda QHT-lərin üzərinə düşən vəzifələr barədə düşünməkdə yarar var. Bəli, yeni dönəm cəmiyyət bizdən yeni vətəndaş modeli tələb edir. Qeyri-hökumət təşkilatlarının əsas funksiyalaından biri də iştirakçılıq və konsensus mədəniyyətini mənimsəmiş, idarəçilik təcrübəsi qazanmış vətəndaşlar hazırlamaqdır.

Əliməmməd Nuriyevin müraciətində yer alan neqativ çalarlara istinadən sual edirəm: özünü “vətəndaş cəmiyyəti lideri” kimi təqdim edən dələduzlarla, şantajçılarla, müftəxorlarla Azərbaycanın QHT sektoru bu funksiyanı gerçəkləşdirə bilərmi? Əlbəttə, yox!

QHT sektorunda, necə deyərlər, səliqə-səhman yaratmaq üçün milli donor quruluşu olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin üzərnə çox böyük məsuliyyət düşür. Zənnimcə, agentliyin bu sahədə görəcəyi ilk işlərdən biri müsabiqələrə təqdim olunan layihələri obyektiv şəkildə nəzərdən keçirmək, ancaq və ancaq effektiv projelərə vəsait ayırmaq; digəri isə təsdiqlənmiş layihələri icra etməyən, yaxud alayarımçıq icra edən QHT-lərlə əməkdaşlığı dayandırmaqdır. Bu yöndə verilən qərarlar, əlbəttə, ictimai vəsaiti dədəsinin parası zənn edənləri rahatsız edəcək, onlar hay-küy salacaq, təhqirə, təhdidə, şantaja əl atacaqlar. Ancaq bunlardan qorxmağa, çəkinməyə, narahat olmağa dəyməz.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva haqqında düşüncələrimi bu qurumla əməkdaşlıq etməzdən xeyli öncə yazdığımdan rahatlıqla təkrar edirəm. Aygün xanım püxtələşmiş, hazırlıqlı və kommunikativ fiqurdur. Ona qarşı aparılan kampaniya son dərəcə qərəzli və nadürüstdür. Madam QHT sektorunu canlandırmaq və ictimai birliklərin fəaliyyətində səmərəliliyi artırmaqdan danışırıq, o zaman mühitin, cameənin sağlamlaşmasına göstərilən müqavimətə də qarşı çıxmağı bacarmalıyıq. Yoxsa bu linçi hər kəs bir gün öz dərisində hiss edəcək. Mən artıq etmişəm!

Bu yaxınlarda Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliev ekoloji yönümlü QHT-lərlə görüş keçirdi. Bütün QHT nümayəndələrinə, belə demək olarsa, ürəyini boşaltmaq üçün vaxt verildi, hər kəsin təklifləri diqqətlə dinlənildi. Digər iştirakçılar da təsdiq edər ki, toplantıda qanunvericiliklə bağlı məsələlərə toxundum, Nazirlər Kabinetinin 2008-ci ilin yanvarında təsdiqlədiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərarın dəyişdirilməsi zərurətindən bəhs etdim. Sonradan dostlar göndərdilər, sən demə, tədbirdən məlumat kimi paylaşılan fotonu Agentliklə sorunları olan bir qadın QHT sədri sosial şəbəkədə paylaşaraq yazıb ki, buradakı insanların ekologiyaya heç bir dəxli yoxdur.

Əvvəla, mən QHT sektorunda yeni adam deyiləm. Bu sektorun ilk nümayəndələrindənəm. 1990-cı illərdən bəri ölkəmizdə və xaricdə yüzlərlə tədbirə qatılmış, ABŞ-da ictimai siyasət barədə xüsusi kurs keçmiş, onlarla layihəyə rəhbərlik etmişəm.

İkincisi, Hərbi Ovçuluq İttifaqının üzvüyəm, yəni rəsmi qaydada ovçuyam. Ölkəmizcə ovçuluq hüququnu ən yaxşı bilən insanlardanam. Ovçuluqla bağlı istər hüquqi, istərsə də praktik müstəvidə ciddi problemlər var. Bu problemlərin həlli ilk növbədə bir ovçu kimi mənim bilavasitə marağımdadır.

Üçüncüsü, bu gün-sabah abunəçi sayı 30 mini keçəcək “Ovlaq” səhifəsinin yaradıcısıyam. Heç bir maddi yardım olmadan qurduğumuz bu səhifədə paylaşımlar minimum 10 min dəfədən çox görüntülənir, baxış sayı bəzən bir neçə milyonu keçir. Üst-üstə 10 adamı inandırmaq potensialı olmayanların 10 milyonlarla izləyicisi olan Azərbaycanın 1 nömrəli eko resursunun qurucusunu “ekoloji fəal sertifikatından məhrum etməsi”, idbarlığın təntənəsindən başqa bir şey deyil.

Odur ki, hər kəs səfini müəyyən etməlidir.

Bilinməlidir ki, kim idbarların yanındadır, kim vətəndaş cəmiyyətinin sağlamlaşmasından yanadır?

Kim şəffaflıq və dürüstlük peşində, kim çirkab və qalmaqal sorağındadır?

Kim QHT yaradıb ki, para qazansın, kim ictimai birlik formalaşdırıb ki, tərəqqiyə töhfə versin?

Mənim bu suallara cavabım birmənalı və qətidir. QHT müftəxorlar sektoru olmamalıdır!

Taleh ŞAHSUVARLI,

"Pragma" Sosial inkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri