- Yazarlar
- 11:22
- 2 524
Dilimizin saflığı milli kimliyimizin güzgüsüdür
Azərbaycan elmi dövlətimizin inkişafında və cəmiyyətimizin tərəqqisində mühüm rol oynayan sahələrdən biridir. Prezident İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində etdiyi çıxış, bu sahəyə verilən yüksək dövlət qayğısının, elmə və alimlərə göstərilən diqqətin bariz nümunəsidir. Prezident öz çıxışında vurğuladı ki, Azərbaycan elmi 80 il ərzində zəngin və şərəfli bir yol keçib. Akademiyanın fəaliyyəti ölkəmizin elmi potensialının formalaşmasında, milli kadrların yetişdirilməsində, yeni ideyaların və innovativ yanaşmaların inkişafında mühüm rol oynayıb. Bu 80 il təkcə zaman ölçüsü deyil, həm də Azərbaycan elminin iradəsinin, milli zəkasının və yaradıcı düşüncəsinin təntənəsidir.
Dövlət başçısı xatırlatdı ki, Ulu Öndər Heydər Əliyev elmin inkişafını hər zaman dövlətin prioritet istiqaməti kimi dəyərləndirirdi. 70-ci illərdə onun təşəbbüsü ilə elmi-tədqiqat institutları yaradıldı, gənclər xaricdə təhsil almağa göndərildi, elmin maddi bazası gücləndirildi. Bu gün Prezident İlham Əliyev həmin siyasəti müasir dövrün tələblərinə uyğun olaraq daha da inkişaf etdirir. Prezident qeyd etdi ki, elmin inkişafı olmadan ölkənin müstəqilliyini qorumaq və gücləndirmək mümkün deyil. Bu baxımdan, Azərbaycanda elmi tədqiqatların dəstəklənməsi, alimlərin sosial təminatı, yeni laboratoriyaların və mərkəzlərin yaradılması prioritet istiqamətlərdəndir.
Artıq bir çox sahələrdə - energetika, kənd təsərrüfatı, müdafiə sənayesi, rəqəmsal texnologiyalar və süni intellektdə- yerli elmi potensial mühüm nəticələr verir. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, müasir dövrdə elmin texnologiya ilə inteqrasiyası həyati əhəmiyyət daşıyır. Süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal innovasiyalar gələcəyin əsas istiqamətləridir. Bu səbəbdən alimlər bu sahələrdə daha fəal olmalı, dünya elminə inteqrasiya etməklə yanaşı, milli maraqları da qorumağı bacarmalıdırlar. Eyni zamanda, Prezident Azərbaycanın hərbi-sənaye kompleksinin inkişafını da elmlə əlaqələndirdi. O bildirdi ki, artıq ölkəmiz özünün pilotsuz uçuş aparatlarını istehsal və ixrac edən dövlətə çevrilib.
Bu, bir tərəfdən elmi nailiyyətdirsə, digər tərəfdən dövlət müstəqilliyinin təminatçısıdır. Elm və texnologiya sahəsində milli istehsal imkanlarının genişlənməsi Azərbaycanın strateji gücünü artırır. Prezident çıxışında iqtisadi müstəqilliyin və güclü iqtisadiyyatın dövlətin dayanıqlılığında əsas rol oynadığını da qeyd etdi: “Azərbaycan bu gün regionda ən sabit və güclü iqtisadi sistemə malik dövlətdir. Ölkənin valyuta ehtiyatları 80 milyard dollardan çoxdur, xarici borc isə çox aşağı səviyyədədir.” Bu, Prezidentin uzaqgörən iqtisadi siyasətinin nəticəsidir və eyni zamanda elmin praktiki tətbiqinə geniş imkanlar açır.
Enerji sahəsindəki yeniliklər də çıxışda geniş yer aldı. Prezident vurğuladı ki, artıq Azərbaycan bərpaolunan enerji mənbələrinə, xüsusilə günəş və külək enerjisinə ciddi sərmayə qoyur. Bu layihələr həm iqtisadi sabitlik, həm də ekoloji davamlılıq baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji və ekoloji tədqiqatlar Azərbaycanın gələcək inkişaf xəritəsini müəyyənləşdirir. Çıxışda milli kimlik, dil və mədəniyyət məsələlərinə də xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dili millətimizin varlığının rəmzidir və onun saflığının qorunması hər bir vətəndaşın borcudur. Xarici kəlmələrin həddindən artıq işlədilməsinə yol verməmək, ədəbi dilin təmizliyini qorumaq həm alimlərin, həm müəllimlərin, həm də gənclərin vəzifəsidir. Dilimizin saflığı milli kimliyimizin güzgüsüdür. Prezident həmçinin azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsinə də toxundu və bildirdi ki, bu, təbii və ədalətli proses olacaq. Azərbaycan xalqı artıq öz torpaqlarında qalib və azad xalq kimi yaşayır. Bir neçə gündən sonra biz Zəfərin beş illiyini qeyd edəcəyik. Bu Zəfər Azərbaycan xalqının birliyinin, cəsarətinin və milli iradəsinin təntənəsidir. Sonda Prezident Azərbaycan alimlərinə, gənc tədqiqatçılara və bütün elm ictimaiyyətinə yeni uğurlar arzuladı. O, bir daha vurğuladı ki, elm Azərbaycanın gələcəyinin, müstəqilliyinin və gücünün əsas dayaqlarından biridir.
Zülfiyyə Bayramlı,
YAP Yevlax rayon təşkilatının fəalı