Brüssel toplantısı: Fransa kəşfiyyatçıları müftə maaş alırlarmı?

Azərbaycan 44 günlük müharibə və daha sonra keçirilən qısamüddətli əməliyyatlarla Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edib, Xankəndiya bayraq sancıb, erməni seperatizminə birdəfəlik son qoyub. Lakin bu nə hüquqi, nə də praktiki müstəvidə Ermənistanla aramızdakı müharibə vəziyyətinin bitməsi demək deyil.

Birincisi, günü bu gün də Qarabağdan kənarda işğalda qalan kəndlərimiz var.

İkincisi, torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan qondarma DQR ilə şərti “sərhəd” xəttlərini sovet dövründəki inzibati sərhədlərindən xeyli qabağa çəkib.

Üçüncüsü, İrəvan Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və “Zəngəzur dəhlizi” açılmayıb.

Dördüncüsü, Ermənistan şərti sərhəddə zaman-zaman təxribatlar törədir, lokal döyüşlər baş verir.

Beşincisi, Ermənistan cəmiyyətində Azərbaycana qarşı ərazi iddiaları ümumi ictimai rəyin aparıcı ideyası olaraq qalmaqdadır.

Altıncısı, mina xəritələri, əsir və girovların taleyi və bu kimi məsələlərdə Ermənistan heç də xoş məram nümayiş etdirmir, müharibə və insanlıq əleyhinə suçlar işləməkdə davam edir.

Yeddincisi və ən başlıcası, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmayıb, İrəvan 30 illik işğalçılıq siyasətinə görə Bakıya təzminat ödəməyib.

Bütün bunların fərqində olmaq üçün xüsusi bilik və peşə sahibi olmaq lazım deyil, azacıq, lap azacıq zəka lazımdır.

Azacıq, lap azacıq zəkası olanlar onun da fərqindədirlər ki, yuxarıda sadalanan məsələlər çözülmədən istənilən dövlətin, dövlətlər birliyinin və beynəlxalq təşkilatın İrəvanı himayəsinə alması Azərbaycanın əleyhinə yönəlmiş fəaliyyətdir, regionda yeni və daha qanlı münaqişə ocağı yaratmaq cəhdidir.

ABŞ-ın dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin öz əshabələri ilə birgə aprelin 5-də Brüsseldə Nikol Paşinyana tərtib etdikləri qəbul Ermənistana yal verib Azərbaycanın üstünə qısqırtmaq mərasimi idi. Olayın başqa bir adı, izahı, təqdimatı ən qəti şəkildə yoxdur. Blinken, Ursula və Paşinyanın görüşündən sonra mətbuata açıqlanan bəyanata nəzər salıb “canım, burada Azərbaycanın əleyhinə” nə var ki” deyə filoloji arqument axtarılacaqsa, o zaman tarix, siyasət, diplomatiya, beynəlxalq hüquq barədə cild-cild kitablar oxumağa nə hacət?

Toplantıdan dərhal sonra Brüssel danışıqlarının Azərbaycanın əleyhinə olmama barədə cəmiyyətimizdə rəy yaratmaq üçün düyməyə basıldı. AXCP sədri Əli Kərimli arqumentasiya nəzəriyyəsinin ən elementar qaydalarına belə əhəmiyyət verməyərək siyasi kimyagərliyə başladı. Brüssel müzakirələrini az qala Azərbaycan üçün “həyat suyu” elan etdi və alloqoriyalarında o qədər irəli getdi ki, “Ermənistanda siyasi məhbusların olması dünyaya məlum deyil” şəklində bəyanat verməkdən də çəkinmədi. Kərimlinin yeni mitinq təşkil etmək çağırışlarının eyni düymənin yaydığı siqnal olması da artıq kimsəyə mübhəm deyil. Arif Şahmarlı, Sevinc Osmanıqızı, Ələkbər Raufoğlu, Qənimət Zahid kvartetinin ifa etdiyi musiqilərin sifarişçisi də eynidir- ABŞ və Fransanın maraqlı dairələri.

Hüquqa görə, cinayət törətməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan hər kəs təqsirsizdir. Doğru yanaşmadır və bir müəllif kimi hər zaman təqsirsizlik prezumsiyasına əməl etməyə çalışıram. Ancaq şübhələnmək və ehtimallar irəli sürmək də insan beyninin çalışma yöntəmidir. Gəlin, birlikdə düşünək. Qarabağ savaşında qazandığımız tarixi zəfəri həzm etmək istəməyən Fransa qanımıza yerikləyib. Fransa imperalist və beynəlxalq arenada iddialı dövlətdir. Fransanın DGSE (Baş Xarici Təhlükəsizlik Direktorluğu) adlanan servisi dünyanın ən güclü xüsusi xidmət orqanlarından sayılır. Necə düşünürsünüz, Fransa Azərbaycana qarşı ən azı psixoloji hərəkat başlayıbsa, DGSE əməkdaşlarının vəzifəsi əlini-qolunu sallayaraq hər ayın sonu kartdan maaş çəkməkdirmi? Əlbəttə, əgər DGSE xəfiyyələri müftə maaş almırlarsa və maymaq deyillərsə, rəsmi Bakıya qarşı Fransaya sığınmış azərbaycanlı mühacirlərdən və onların əlaqələrindən faydalanacaqlar. Beləliklə, kimsənin təqsirsizlik prezumsiyasını pozmadan ümumi şəkildə qeyd edə bilərik ki, Paşinyanın Brüssel səfərini Azərbaycan ictimai rəyinə “nəinki zərərsiz, hətta xeyirli” hadisə kimi sırımaq istəyənlər ya birbaşa, ya da dolayı yolla xarici xüsusi xidmət orqanlarının təsirindədirlər. Bu kontaktları şəxslər üzrə konkretləşdirmək bir jurnalist kimi mənim imkanlarım daxilində deyil, məlum. Zira, bu tendensiya artıq ictimai müzakirəyə çıxacaq şəkildə qabarıq görsənirsə, deməli, ölkəmizin təhlükəsizliyinə cavabdeh qurumların da diqqətini çəkməyə bilməz.

Bu məqamda daha bir nüans diqqət çəkir. “Politoloq” kimi təqdim olunan Arif Yunus erməni mediasına istinadən bildirir ki, Brüssel danışıqlarında zamanın ən azı 80 %-i Ermənistanın Azərbaycan və Rusiya ilə münasibətlərinə həsr olunub. Bu, diplomatik dildən sadə dilə çevirəndə o deməkdir ki, “kollektiv Qərb” bağlı qapılar arxasında Ermənistanla hərbi məsələləri müzakirəyə çıxarıb və masada Azərbaycanı hədəf götürüb. Ermənistanın hərbi baxımdan cürətləndirilməsi isə sülh sazişinin imzalanmasına yaradılan ən böyük əngəldir.

Taleh ŞAHSUVARLI