Təhsil bataqlığında çalınan əcəl zəngi

ETN ibtidai sinif müəllimləri üçün keçirdiyi sertifikasiya imtahanlarının suallarını açıqladı.

Əli üzündə qalmayan yoxdur.

Ancaq belə başa düşürəm ki, biz yenə problemin mahiyyətini ya anlamırıq, ya da mahiyyətdən danışmaq istəmirik.

Fikirlərimi qısa yazmağa çalışacam.

Əvəz Səmədov (ad şərtidir) 2018-ci ildə BDU-nu bitirib. Daha sonra DİM-in sınaqlarından keçərək dövlət qulluqçusu kimi işə başlayıb. Üstündən 5 il keçib və dövlət tam haqlıdır ki, onun tutduğu vəzifəyə yarayıb-yaramadığını yoxlasın. Baxmayaraq ki, Ə. Səmədov ali məktəbi yüksək qiymətlərlə bitirib və DİM-dən keçərək tam qanuni şəkildə işə düzəlib, onun vəzifəsinə uyğunsuzluğu yarana bilər. Çünki ötən 5 ildə qanunlar, vəzifəyə dair tələblər və s. dəyişə bilər. Bu dəyişikliyi onun necə mənimsəməsini üzə çıxarmaq üçün dövlət attestasiya keçirir və yekunda qiymət verir ki, Əvəz tutduğu vəzifəyə layiqdir, ya yox.

Müəllimlərlə bağlı vəziyyət isə belə deyil. Çünki, məsələn, "552019" ədədi 10 il qabaq sözlə necə yazılırdısa, indi də elə yazılır. 10 il qabaq 6 saat 25 dəqiqə 47 saniyənin saniyə olaraq toplamı neçə edirdisə, indi də o qədər edir. 10 qabaq Azərbaycan dilndə hansı qalın və incə sait vardısa, onlar yenə yerindədir. Bu sarıdan elmi biliklər çox cüzi dəyişə bilər. Məsələn, AMEA-nın Dilçilik İnstitutu qərar verə bilər ki, bundan sonra "əsgər" yox, "əskər" yazmaq lazımdır. Bu cür məsələlərə görə də müəllimləri attestasiyadan, sertifikasiyadan keçirməyə heç bir ehtiyac yoxdur. Pedoqoji-metodiki üsullar fundamentdal şəkildə tez-tez dəyişə bilməz, müəyyən yeniliklər olarsa da, buna görə müəllimləri savadsız çıxarmaq yanlışdır. Belədə, onları təkmilləşdirən kurslar keçirilməlidir.

Dünən üzə çıxanlar isə yuxarıdakıların heç biri deyil. İmtahanlarda iştirak edənlərdən 23%, yaxud 842 nəfər ibtidai sinif müəlliməsi sadə bir cümlədə feilin hansı zamanda işləndiyini bilmirsə, onlara pedoqoji fəaliyyət hüququ verən diplomun həqiqiliyi şübhə altına düşür. Bunu deyəndə mən diploma saxta möhür vurulmasını, yaxud hansısa mətbəədə qanunsuz print olunduğunu nəzərdə tutmuram. Onu nəzərdə tuturam ki, 11 il orta, 4 il ali məktəbdə, yaxud hansısa orta ixtisas təhsil müəssisəsində oxumuş şəxs necə ola bilər ki, feilin zamanlarını bilməsin? Əgər aşağı-yuxarı 15 il ərzində oxumuş, ən azı 5 il də orta məktəbdə müəllim kimi çalışmış şəxs felin zamanlarını bilmirsə, bunun günahı şəksiz, şübhəsiz, qıvırmadan, burcutmadan Azərbaycanın Elm və Təhsil Nazirliyindədir!!!

Odur ki, sertifikasiyadan keçməyənləri hoydu-hoyduya götürmək yox, nazirlikdən soruşmaq lazımdır ki, niyə 20 ildə bu insanlara felin zamanını belə öyrədə bilməmisən?

İkincisi, felin zamanını bilməyən adamlar necə olub ki, ali və orta ixtisas məktəblərinə qəbul olunublar?

Üçüncüsü, qəbul olunduqları məktəblərdə bunlara dərs keçən, imtahan edən olmayıbmı?

Birinci sualın cavabı budur ki, həmin şəxslərin bir qismi maddi imkansızlıqdan repetitor yanına, hazırlıq kurslarına gedə bilməyib dərs keçilməyən orta məktəbin ümidinə qalanlar, digər hissəsi də məhz repetitor yanına gedib əzbərləməyi yaxşı bacarmayanlardır. Əks halda daha yüksək bal toplayar və heç ibtidai sinif müəlliməsi olmazdılar. Hər iki halda təhsil məktəbdən kənarda olduğundan onlar qrammatik qaydaları heç vaxt öyrənməyiblər, ancaq qısa müddətli əzbərləmə hesabına qəbul prosesindən keçiblər. Üçüncü sualın cavabını məndən daha yaxşı siz bildiyinizdən yenə qayıdıram DİM sisteminə.

Baxın, sertifikasiya suallarında üzə çıxan daha dəhşətli bir məsələ var. Azərbaycan dilindən 21-ci sualda 2 kiçik mətn verilir və tapşırılır ki, mətnlərin ortaq xüsusiyyəti tapılsın. 65%, başqa sözlə, 2381 nəfər bu suala düz cavab verə bilməyib. Bu o deməkdir ki, buraxın müəllimliyi, ən azı 26 yaşı olan şəxslər biri 4, o biri 6 cümlə olan kiçik və sadə mətnləri anlamırlar!!!

Bu anlaqsızlıq, cahillik həm də DİM-in təhsil sistemimizi saldığı bataqlığın təzahürüdür. Təhsilin məktəbdən kənarlaşması və DİM testlərinin "tap tapmaca, gül yapmaca" janrında hazırlanması bizi nadan bir nəsillə üz-üzə qoyub və qoyacaq. Hər kəsi xəbərdar edirəm: bu olduqca təhlükəli tendensiyadır, Azərbaycanı sosial nihilizmlə, kriminal çətələrlə, dini radikalizmlə üz-üzə qalmağa aparan ən kəsə yoldur. Elm və Təhsil Nazirliyinin sertifikasiya sınaqlarında üzə çıxan rəsmi nəticələr gələcəyimiz adına bataqlıqda çalınan əcəl zəngidir!!!

Bu günlərdə DİM-in dövlət qulluğuna hazırlıq imtahanlarına sala biləcəyi məntiq məsələləri ilə tanış olmuşam. İlk baxışdan çox sadə məsələlərdir, azacıq qafası işləyən hər kəs rahatlıqla həll edə bilər. Amma problem nə məsələdə, nə də məntiqdədir. Problem ondadır ki, DİM sualı aydın qoymur və DİM-in nə istədiyini, nə soruşduğunu başa düşmək üçün repetitor yanına getməlisən ki, orada sənə öyrətsinlər: qarşınıza belə bir məsələ çıxacaq, bu məsələni həll etmək üçün bu metoddan istifadə edəcəksiniz, əgər səbrli və diqqətli olsanız çözə bilərsiniz. Buradan çıxan nəticə odur ki, DİM bilik qiymətləndirmir, nəticədə abituriyentlər, məzunlar test texnologiyaları öyrənməyə qaçırlar. Görün iş nə yerə çatıb ki, gənclərimiz ali məktəbi bitirir, amma repetitorlardan, hazırlıq kurslarından can qurtara bilmirlər. Nəticəsi göz qabağındadır və görsənən bataqlığa bələdçi lazım deyil.

Taleh ŞAHSUVARLI