Süni İntellekt çağında ana dilimizin suverenliyi: DİM və AAK elm və təhsili rus dilindən necə asılı saxlayır?

Rus dilinin Azərbaycan cəmiyyətinin real ehtiyaclarına uyğunlaşdırılması yönündəki müzakirələr son dərəcə faydalı oldu. Zənnimcə, bu müzakirələr nəticəsində cəmiyyətin bütün qatları bir daha fərqində oldular ki, rus dilinin yayğınlaşdırılmasının Kreml tərəfindən imperial nüfuz dairəsinin genişləndirilməsi aləti və amili kimi götürülməsi Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. İstər potensial, istərsə də real müstəvidə.

Bu təhdidlərin geniş zolağını müəyyənləşdirmək üçün respublikamızın “Milli təhlükəsizlik haqqında” qanunu ilə tanış olmaq kifayətdir. Qanunu bir məqalədə tam şəkildə şərh etməyə, təbii ki, imkanımız yoxdur. Lakin bir neçə müddəanı xatırlatmağa böyük lüzum var. Sözügedən qanunda həm təhsilin keyfiyyətinin, elmi-texniki və intellektual səviyyənin zəifləməsi, həm də Azərbaycanın tarixinə, dilinə, mədəni irsinə və mənəvi sərvətlərinə qəsd edilməsi, onların xarici və daxili təzyiqlərə məruz qalması milli təhlükəsizliyimizə qarşı təhdidlər olaraq vurğulanır.

Heç kimə sirr deyil ki, Azərbaycan təhsil sistemi uzun illər ərzində rus dilinin güclü təzyiqi altında olub. Bu təzyiq təkcə dil səviyyəsində qalmayıb, həm də təhsilin strukturuna, məzmununa, resurslarına və texnoloji alətlərinə qədər genişlənib. Müstəqillik qazandıqdan sonra Azərbaycan istər təhsil, istərsə də texnoloji müstəvilərdə öz suverenliyini möhkəmləndirmək, rəqəmsal dövrdə ölkənin gələcək innovativ potensialını formalaşdırmaq üçün prinsipial addımlar atıb. Bu addımlar sosial-mədəni sahədə Azərbaycanın dövlət dilini önə çıxarsa da, etiraf edək ki, elmi və texnoloji müstəvidə xeyli ciddi problemlə üz-üzəyik. Düşünürəm ki, söhbət açılmışkən bu problemlərin həlli barədə də bir toplum olaraq birlikdə düşünməkdə fayda var.

Dünya elmi və texniki baxımdan sürətlə dəyişir. Süni İntellekt tamamilə fərqli reallıqlar yaradır. Bu, qaçılmaz, sürətli və qlobal transformasiya önümüzə bir sual çıxardır: biz texnoloji müstəqilliyə malik olmaq, yoxsa digital koloniyaya çevrilmək istəyirik? Əlbəttə, cavab məlumdur və bu məlum cavab Azərbaycan dilinin Süni İntellekt proqramları üçün prioritetə çevrilməyimizi bir nömrəli milli vəzifə kimi qarşımıza məqsəd qoyur. Bu gün dünyada fərdlərin neçə dil bilməsi sosial prestijlə bağlı məsələdir. Əsas məsələ Süni İntellektin dil bilikləri, data bazasıdır.

  • Süni İntellekt nə qədər Azərbaycanca danışır və düşünür?
  • Süni İntellekt Azərbaycan dilində nə qədər dataya malikdir?
  • Süni İntellekt Azərbaycanın texnoloji müstəqilliyinə nə qədər dəstək verir?

Bütün bu sualların cavabı Azərbaycanın təhsil sistemindədir. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın təhsil sistemi qarşıda duran əsas məqsəd və vəzifələrə deyil, formalizmə, sertifikasiyaya, testə-tapmacaya odaqlanıb. Dağa-daşa düşməyə gərək yoxdur: təhsil sektorundan gündəmə çıxan və çıxarılan əsas başlıqlar nədir? İmtahanlar, sertifikasiyalar, testlər, qanunlara və pedaqoji etikaya sığmayan hərəkətlər! Azərbaycanın ali məktəbləri pedaqoji kadrlar hazırlayır, bunu təsdiq edən diplomlar verir. Sonra bizim müvafiq nazirliyimiz deyir ki, mən öz verdiyim, təsdiq etdiyim diploma şübhə edirəm, müəllim kimi çalışmaq üçün məzunları, pedaqoji fəaliyyətə davam etmək üçün təhsilverənləri imtahana çəkirəm. Bu işə xərclənən resursları və enerjini kadrların peşə hazırlığının yüksəldilməsinə, Süni İntellekt əsaslı təhsilə yönəltmək daha doğru olmazmı?

Süni İntellektin Azərbaycan dilində “sərbəst danışması” və “düşünməsi” üçün ilk vacib şərt ana dilimizdə geniş və keyfiyyətli data bazasının formalaşdırılmasıdır. Bu baza yalnız dərsliklər və rəsmi sənədlərlə məhdudlaşmamalı, gündəlik danışıq dili, sosial media yazıları, publisistika, elmi məqalələr, dialoqlar, audio və video transkriptlər kimi müxtəlif mənbələri əhatə etməlidir. Süni İntellekt dil modellərini yalnız struktur deyil, həm də real istifadə nümunələri əsasında öyrəndiyi üçün mətnlərin təbii və müxtəlif olması bu işdə həlledici rol oynayır.

İkinci tələb, təqdim olunan mətnlərin tərcümə deyil, orijinal Azərbaycan dilində yazılmış olmasıdır. Mətndə kontekst, üslub, ifadə tərzi və semantik incəliklər yalnız dilin öz daxilindən çıxarıldıqda düzgün modelləşdirilə bilər. Ədəbi dil, danışıq dili və sahəvi terminologiyanın birlikdə istifadəsi Süni İntellektin dili daha dərindən anlamasına imkan verir və daha təbii cavabların yaranmasını təmin edir.

Üçüncü əsas tələbat isə, bu məlumatlar əsasında dil modelinin yenidən öyrədilməsidir. Yəni toplanmış data üzərində təkrar təlim aparılmalı və Azərbaycan dilinə uyğunlaşdırılmış ayrıca model yaradılmalıdır. Bu proses yalnız texniki deyil, həm də strateji məsələdir. Çünki milli dilin Süni İntellekt sistemlərinə tam inteqrasiyası texnoloji müstəqilliyin əsas şərtlərindən biridir.

Bütün bunları nəzərə alanda rus dilinin imperial təhdid kimi ölkəmizə vurduğu və vura biləcəyi zərərlərin qarşısını almaq üçün diqqət Azərbaycan dilində təhsilin inkişafına, elmi və texnoloji data bazasının genişlənməsinə mane olan iki quruma yönəlir- Ali Attestasiya Komissiyası və DİM!

Qənaətimə görə, Azərbaycanın akademik və texnoloji inkişafı, xüsusən də Süni İntellekt dövründə dil və təhsil suverenliyinin möhkəmləndirilməsi baxımından Ali Attestasiya Komissiyası (AAK) və Dövlət İmtahan Mərkəzi (DİM) kimi qurumların yaratdığı maneələr artıq strateji təhlükəyə çevrilib. Hər iki qurumun fəaliyyəti Azərbaycan dilində elmi və texnoloji data bazasının formalaşmasına, bilik istehsalının genişlənməsinə və milli intellektual potensialın azad inkişafına ciddi şəkildə əngəl törədir.

Sovet nomenklaturasından miras qalmış AAK elmi tədqiqatların məzmununa deyil, prosedurlara köklənərək ölkədə alimlik dərəcəsi əldə etməyi əsl məşəqqətə çevirib. Akademik fəaliyyətlə məşğul olmaq istəyən şəxslər, elmi tədqiqat aparmaq və ya müasir texnoloji sahələrə töhfə vermək niyyətində olan mütəxəssislər çoxsaylı sənəd tələbləri, uzun sürən təsdiqləmə müddətləri, qeyri-şəffaf müdafiə prosedurları və köhnə standartlarla qarşılaşırlar. Bu sistem elmi fəaliyyəti yalnız azsaylı şəxslərin imtiyazına çevirir və nəticədə Azərbaycanda müasir biliklərin cəmiyyətə yayılması, elmin kütləviləşməsi və texnoloji dildə inkişafı iflic olur.

Digər tərəfdən, DİM-in test mərkəzli modeli şagird və tələbələri məktəbdən və tədrisdən ayıraraq repetitor bazarına yönəldir. Burada əsas məqsəd bilik yox, testə uyğun nəticə əldə etmək olduğu üçün yaradıcı düşüncə, analitik bacarıq və Azərbaycan dilində yazılı ifadə qabiliyyəti inkişaf etmir. Bu da gələcəkdə nə orijinal elmi məqalələrin, nə də Süni İntellekt üçün lazım olan keyfiyyətli kontentin formalaşmasına imkan verir. Beləliklə, hər iki qurum - biri elmi bloklayan, digəri təhsili qara bazara sürükləyən strukturlar kimi -Azərbaycan dilinin və Azərbaycan dilində elmi biliklərin rəqəmsal dövrdə inkişafına faktiki olaraq ciddi zərbələr vurur.

Bütün bunlar son nəticədə real sosial ehtiyaclara uyğunlaşdırmaqla məktəblərdə, necə deyərlər, qapıdan qovduğumuz - bu məsələdə tam haqlıyıq - imperial rus dilinin ölkəmizə “baca”dan qayıtmasına gətirib çıxarır. Bu “baca” isə virtual reallıqdır və həmin reallıqda boşluqlarımızın olması birbaşa suverenliyimiz üçün risklidir. Azərbaycanda kreativ və innovativ sektorun kənar dillərə bağlı qalması köhnə geosiyasi asılılıqların rəqəmsal müstəviyə keçməsi deməkdir. Başqa sözlə, bu, o deməkdir ki, rus dili gələcəkdə texnoloji kolonizasiyasının alətinə çevrilə və rus imperiyası üstümüzə tanklarla yox, alqoritmlərlə, məlumat axını və çağdaş dünyaya inteqrasiyamızı məhdudlaşdıran datalarla gələ bilər. Elə bu səbəbdən də, bu təhlükəni vaxtında görməli, institusional, intellektual və rəqəmsal səviyyədə ona qarşı milli strategiyalarla cavab verməliyik.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru