Valideynlər stressdə: Məktəb təhsili qəbul üçün niyə yetmir? - VİDEO ŞƏRH

Buraxılış imtahanları arxada qalıb, qarşıdan ali məktəblərə qəbul imtahanları gəlir.
Məleykə xanım Abbaszadə 30 ildir qəbul sisteminə rəhbərlik etdiyi halda, Dövlət İmtahan Mərkəzi bu dar macalda özünün 10 illiyini qeyd edir. Təntənəli tədbirlər, adında “etimad”, “şəffaflıq”, “innovasiya” kimi cəlbedici kəlimələr keçən konfranslar təşkil olunur. Cəmiyyətin üzdə olan simalarına təşəkkürnamələr paylanılır.

Beləcə, sanki bir daş DİM-in Azərbaycan cəmiyyəti üçün yaratdığı cari və strateji problemlərin altına, bir daş da üstünə qoyulur.
Valideynlər isə tikan üstündədir.
Az qala hər evdə nigarançılıq, həyacan, stress var.
Görəsən, bu qədər, el təbirincə desək, xərcin-xəsarətin qarşısında uşaq ali məktəbə qəbul olunacaqmı? “Əgər qəbul olunacaqsa, hansı universitetə, hansı ixtisasa düşəcək” kimi suallar abituriyentlərin doğmalarına rahatlıq vermir.
Əlbəttə, dünyanın bütün ölkələrində ali məktəbə qəbul olunmaq üçün müəyyən şərtlər, prosedurlar var. Ancaq dünyanın heç bir inkişaf etmiş və etməkdə olan ölkəsində təhsilin pillələri arasında keçid belə mürəkkəb, belə müşkül, belə məşəqqətli mexanizmlərlə təmin olunmur.
Azərbaycan təhsil sistemində şagird-müəllim etimadı konfliktlə əvəzlənməsi tendensiyası son dərəcə risklidir. Bunun fəsadlarını əks etdirən xəbərlərin ardı-arası kəsilmir.
Ötən il DİM-in elə özünün yaydığı statistikaya görə, 11-ci sinif məzunlarının ən azı yarısı orta məktəb proqramının 50 faizini mənimsəyə bilmir. Ekspertlərin bir çoxu bunun əsas səbəbini təhsilin məktəbdən kənarlaşmasında görürlər. Azərbaycanda şagirdlər kütləvi şəkildə məktəbdən uzaqlaşır, çöllərə salınır. Özünə “testoloq” deyənlərin hazırladığı suallara cavab verə bilmək üçün məktəbdə öyrədilənlər kəskin fərqlə kifayət etmir. Uşaqlarımız dövlətin rəsmi məktəblərində bilik qazanmaq əvəzinə, zirzəmilərdə, evlərdə, hazırlıq kurslarında test texnologiyaları mənimsəməyə çalışırlar. Təsəvvür edin, bu gün məktəblə üz-üzə tikilmiş elə hazırlıq mərkəzləri var ki, məktəbin özündən az qala böyükdür.
Elm və Təhsil Nazirliyinin dövlətin adından verdiyi və qanunlarımıza əsasən, ali təhsili təsdiq edən yeganə sənəd olan diplomların saysız-hesabsız imtahanlara buraxılış qəbzindən ziyadə heç bir funksiyası qalmayıb.
Problemlər o qədər çoxdur ki, hər birini ayrıca qeyd etmək uzun çəkər. Özü də bu problemlər barədə cəmiyyətimizdə susqunluq yoxdur: media yazır, QHT rəhbərləri açıqlama verir, təhsil sahəsində təcrübəli mütəxəssislər həyəcan təbili çalır, deputatlar məsələyə qarışır, hətta Elm və Təhsil Naziri Emin Əmrullayev özü də şəxsən bir çox problemləri, o cümlədən testlərlə bağlı nöqsanları açıq şəkildə vurğulayır. Amma enində-sonunda DİM-ə ünvanlanan haqlı suallara, müşahidələrimə və qənaətimə görə, əsaslandırılmış cavablar verilmir.
Məsələn, o sual hələ də cavabsız qalır ki, əgər Azərbaycanda təhsil pulsuzdursa, dövlət hər bir şagirdin orta məktəbdə keyfiyyətli təhsil almaq hüququnun ÖDƏNİŞSİZ gerçəkləşdirilməsini öz üzərinə öhdəlik kimi kimi götürübsə, valideynlər qara təhsil bazarında repetitorlara bu qədər pul xərcləməyə niyə məcburdur?
Eynşteynin ən məşhur formullarına baxın, son dərəcə sadədirlər. Bir də DİM-in qiymətləndirmə düsturlarına nəzər salın. Heç uzaq qalaktikalarda termo-dinamik prosesləri ölçən NASA alimləri də belə mürəkkəb düsturlarla hesablama aparmırlar. Axı 17 yaşlı gəncin beynində orta məktəb səviyyəsində öyrədilməli olan ümumi biliklərdən başqa nə ola bilər ki, onları ölçmək üçün bu qədər çoxməchullu tənliklər qurulsun? Şagirdlərimiz orta məktəbi, tələbələrimiz universitetləri bitirir, amma repetitorlardan qurtula bilmirlər.
Öyrənənlərin bu şəkildə test texnologiyalarından asılı saxlanılması nəticəsində formalaşan kütləvi savadsızlıq ictimai münasibətlərin nizamını risk altında qoyur. Aqressiya, kriminal, radikal dini cərəyanlara meyil kimi aktuallaşan sosial problemlərin arxasında məktəbin qara bazarın əlavəsinə çevrilməsini görməmək çoxdan mümkünsüzdür.
Qara təhsil bazarı işıqlı insanlar yetişdirə bilməz!
Qara təhsil bazarı rəqabətə davamlı kadrlar yetişdirə bilməz!
Qara təhsil bazarı gənclərimizi, olsa-olsa "imtahan verə bilən" varlığa çevirə bilər.
İmtahanlarda, deyək ki, magistr olmaq istəyən, amma bakalavr pilləsində məntiq keçməmiş tələbələrin qarşısına “məntiqi dünyagörüş” adı altında tapmacalar qoyulur. Süni İntellektin hər kəsə yüzlərlə dildə peşəkar tərcüməçilik etdiyi çağda doktoranturaya qəbulda C1 səviyyəsində ingilis dili yoxlanılır. Dövlət qulluğuna qəbul üçün az qala BDU-nun hüquq fakültəsinin tam proqramını mənimsəmək tələb edilir. Həm də… tələbələrə əksər hallarda Konstitusiya, “Hüququn əsasları” ali məktəblərdə tədris olunmadan!
Bütün bunları DİM rəsmilərinin nəzərinə çatdırdıqda, deyirlər ki, proqramı sayta yükləmişik, gedib müstəqil hazırlaşsınlar. Halbuki vətəndaşı kadr kimi hazırlamaq təhsil sisteminin, məktəblərin, universitetlərin işidir, özfəaliyyət dərnəklərinin yox!
Bu məqam çox önəmlidir… Lütfən, diqqət edin, əgər zəhmət deyilsə, yayımımızı bəyənin, paylaşın və məsələyə siz də münasibət bildirin. Bizim ölkəmizdə hakimlərin sayı dünya standartlarına görə azdır. III ixtisas qrupuna ən yüksək keçid balı hüquq fakültələrindədir, özü də ancaq ölkənin öncül universitetlərdə hüquq fakültələri var. Ölkəmizin göz bəbəyi olan universitetlərin məzunları hüquq sahəsində bir neçə il staj qazandıqdan sonra belə, DİM-in imtahanlarından keçib hakim vəzifəsinə təyin oluna bilmirlər. Hər il eşidirik ki, bəs, magistraturaya bu qədər plan yeri boş qalıb. Ay qardaşlar, ay bacılar, Allah xatirinə, heç düşünə bilirsiniz ki, magistratura nədir, boş qalmaq nədir, plan nədir???
Sizin hər biriniz məndən də yaxşı bilirsiniz ki, Azərbaycan post sovet ölkəsidir və tarixi baxımdan biz keçid mərhələsindəyik. Bu mərhələni uğurla adlamağımız üçün Azərbaycan insanı PLAN QURMAQ qabiliyyətinə malik olmalıdır. Necə düşünürsünüz, bu ölkənin parlaq zəkalarının plan qurmaq sərbəstliyi və imkanları gündən günə artır, ya azalır? Bu, olduqca ciddi problemdir, lakin deyəsən, çoxları bu problemin fərqində deyil.
Fərqinə varsaq, görəcəyik ki, tərəqqi- iqtisadi artım və texnoloji inkişafdan ibarət deyil, həm də fərdin və cəmiyyətin gələcəklə bağlı strateji düşünmə bacarığıdır. Bu çərçivədə plan qurma, yəni qarşıya məqsəd qoyma və ona doğru sistemli şəkildə hərəkət etmə, şəxsi inkişafın və ictimai yüksəlişin əsas şərtlərindən biridir. Plan quran insan hər addımda DİM-lə qarşılaşa bilməz, onun həyatı testlərdən ibarət ola bilməz, o, prioritet müəyyənləşdirməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev uzun illərdir ki, ölkəmizin insan kapitalının inkişafı üçün çalışır, bunu bir milli vəzifə sayır. İnsan kapitalının inkişafı istehlakçı cəmiyyətdən istehsalçı cəmiyyətə keçid deməkdir. İstehsalçı cəmiyyət modelində həm dövlət, həm də vətəndaş plan qura bilməlidir. Qarşılıqlı məsuliyyət və qarşılıqlı proqnozlaşdırma ilə ictimai müqavilədə təsbit olunan hüquqlar reallaşmalıdır.
Məmurlar, qurumlar, sosial sistemlər məhz dövlətin bu siyasətinin reallaşmasına töhfə verməlidirlər. Bəs, bu necə töhfədir ki, bir-birindən ağır imtahan silsilələri ilə bütün sahələrdə daimi qiymətləndirməyə məruz qoyulan vətəndaş yaşadığı cəmiyyətin içində sabitləşə və öz gələcəyindən arxayın ola bilmir, “macəradırsa, macəra” deyib xaricə üz tutmalı olur?!.
Problemləri palazın altına doldurmaqla, bir yerə vara bilməyəcəyik. Çıxış yolları tapmalıyıq.
Doğrusu, mən Dövlət İmtahan Mərkəzinin ləğvini arzulamıram. Əksinə, DİM-in bir qurum kimi qorunub saxlanılmasını vacib sayıram. Çünki bu qurum uzun illər ərzində qəbul imtahanlarına subyektiv müdaxilələri əngəlləyib. B Ancaq nədən biz həmişə geriyə, keçmişə, sovet dövrünün neqativlərinə baxmalıyıq?
Düşünürəm ki, ancaq imtahanların sayını azaltmaqla və ya sualları sadələşdirməklə də mövcud problemləri həll edə bilmərik.
Yanaşma dəyişməlidir.
Bu gün Dövlət İmtahan Mərkəzi həm təhsil sistemində qayda qoyan, həm bilik ölçən, həm də gənclərimizin və ölkəmizin taleyinə qərar verən quruma çevrilib. Bu isə sistemi sərtləşdirir, insanları sıxışdırır. Əgər biz doğrudan da repetitorlardan asılılığı azaltmaq, məktəbi yenidən təhsilin mərkəzinə çevirmək və gənclərə plan qurmaq imkanı vermək istəyiriksə, bax, bu model dəyişməlidir.
DİM ən qısa zamanda “vahid pəncərə” prinsipi ilə işləyən, təhsilin pillələri arasında effektiv keçidi təmin edən, amma cəmiyyətə, təhsil sektoruna diktə etməyən platformaya çevrilməlidir.
Çünki təhsilin hədəfi imtahan deyil, düşünən fərd yetişməkdir.
Gəlin, bu barədə birlikdə düşünək!

Taleh ŞAHSUVARLI