"Mənim üçün seçim olsa, çempion olmağı seçərəm" "Mənim üçün seçim olsa, çempion olmağı seçərəm"
  • Fanat
  • 1 Aprel 2019 22:19
  •  1 728

Rəşad Sadıqov: Bu, "Neftçi"nin yeganə üstünlüyüdür

"Mənim üçün seçim olsa, çempion olmağı seçərəm"

"Sumqayıtda əldə etdiyimiz 6:0 hesablı qələbə bizim üçün gözlənilməz oldu. Razıydıq ki, 1:0 olsun, 3 xal qazanaq".

Bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Sumqayıt"ı 6 cavabsız qolla məğlub etdikləri oyunu şərh edərkən deyib.

37 yaşlı müdafiəçi bildirib ki, rəqib ilk hissədə daha yaxşı təsir bağışlayıb: "Bu cür qələbənin çempionluq yolunda motivasiyanın göstəricisi olub-olmadığını deyə bilmərəm. "Sumqayıt" çox ciddi yanaşdı. İlk hissədə 3 top vursaq da bizim üçün çətin keçdi. Rəqibin də qol epizodları, dirəkdən dönən zərbələri vardı. Fasilədən sonra daha rahat oldu. İlk yarıda bizə təzyiq göstərə bilirdilər. Amma qollar ard-arda gəldikdən sonra onlar da ruhdan düşdülər. Hesab 6:0 və ya 1:0 olsun, nəticə eynidir. Növbəti turda "Qəbələ" ilə oyuna çıxacağıq. Bu 6:0 hesablı qələbə bizə heç bir üstünlük vermir. Hər şey sıfırdan başlayacaq. Abdullah Zubirin baxımlı qoluna gəlincə, əsas odur ki, qol olsun. Necə vurulmasının fərqi yoxdur".

R.Sadıqov hazırda 48 xalla şərikli lider olan "Neftçi" və "Qarabağ"ın çempionluq şanslarını bərabər gördüyünü söyləyib: "Neftçi"nin yeganə üstünlüyü odur ki, son turda oyun onların meydançasındadır. Biz iki cəbhədə, həm çempionatda, həm də kubokda mübarizə aparırıq. Qarşıda yarımfinal oyunları var. Ardıcıl 5 matç 3-4 gündən bir olacaq. Bu da "Neftçi" üçün üstünlükdür. "Qarabağ"ın kuboku ikinci plana atması kimi söhbət yoxdur. Hər ikisinə ciddi hazırlaşırıq. Mənim üçün seçim olsa, çempion olmağı seçərəm. Növbəti oyunumuz "Qəbələ" ilə olacaq. Bu komanda ilə görüşlərimiz ağır keçir. Bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. Gərgin və maraqlı görüş keçəcək".

Kapitan matça şəhid övladları ilə çıxmalarına da toxunub: "Çox təsirli bir məqam idi. Hər iki komandanın iştirakı ilə yaxşı aksiya keçirildi. Bütün şəhidlərimizə allahdan rəhmət diləyirəm, ailələrinə baş sağlığı verirəm". (report)

AzNews.az