Azad Rəhimov "Qarabağ" - “Persepolis” yoldaşlıq görüşünün keçirilməsini təklif etdi - FOTO

"“Dostluq həftələri” təşkil etmək və təcrübə mübadiləsi aparmaq lazımdır"

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov mayın 13-də İrana səfəri çərçivəsində bu ölkənin idman və gənclər naziri Məsud Soltanifər ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və idman sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

A.Rəhimov bildirib ki, hər iki ölkənin siyasi rəhbərliyi arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir: "Bu fakt idman və gənclər sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ən müasir idman kompleksləri tikilib istifadəyə verilib. Təsadüfi deyil ki, Azərbaycan 2015-ci ildə I Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına, həmçinin ardıcıl dörd il ərzində "Formula 1" yarışına uğurla ev sahibliyi edib".

Nazir İranın Azərbaycan üçün yaxın qonşu və dost ölkə olduğunu deyib: "Buna görə də idmançılarımızın iştirak etdikləri turnirlərin keçirilməsinin bu sahədə əməkdaşlığın genişlənməsinə xüsusi töhfəsi var. Dövlətlərimizin həmsərhəd olması idmançıların səfərləri üçün heç bir çətinlik yaratmır".

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasının Bakıda keçiriləcəyini xatırladan nazir vurğulayıb ki, bu mötəbər idman hadisəsi ilə əlaqədar Azərbaycana 40 mindən çox avropalı futbol azarkeşi gələcək. Eləcə də İrandan min nəfər bu qarşılaşmanı izləmək üçün Azərbaycana səfər edəcək.

A.Rəhimov Azərbaycanın idman infrastrukturu haqqında məlumat verərək qeyd edib ki, Gənclər və İdman Nazirliyinin nəzdində idmançıların reabilitasiyası üçün müasir standartlara cavab verən klinika yaradılıb. İranlı idmançılar da bu klinikada reabilitasiya kurslarına cəlb oluna bilərlər.

Müasir idmanda dopinq problemindən danışan nazir Bakıda Azərbaycan Milli Antidopinq Agentliyinin təsis olunduğunu bildirib və bu sahədə də əməkdaşlıq əlaqələrinin qurulmasını təklif edib. Bununla yanaşı, iranlı tələbələrin də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almaları üçün lazımi şəraitin olduğu da diqqətə çatdırılıb.

Nazir İranın “Persepolis” futbol komandası ilə Azərbaycanın “Qarabağ” komandası arasında yoldaşlıq görüşünün keçirilməsi təklifini irəli sürüb. Qeyd olunub ki, hər iki ölkənin futbol komandalarının birgə təlim-məşq toplanışının keçirilməsi üçün Azərbaycanda əlverişli şərait var.

Dövlət gənclər siyasəti haqqında məlumat verən A.Rəhimov bildirib ki, gənclərlə iş sahəsində əməkdaşlıq zəruridir. Bu əməkdaşlıq üçün gənclər təşkilatlarının qarşılıqlı səfərlərini, “Dostluq həftələri” təşkil etmək və təcrübə mübadiləsi aparmaq lazımdır.

İranın idman və gənclər naziri Məsud Soltanifər təkliflərə görə təşəkkürünü bildirib, 2008-ci ildə Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumunun müddətinin 2021-ci ilədək uzadılmasının önəmini vurğulayıb. O, 15 il əvvəl vitse-prezident vəzifəsində çalışdığı dövrdə və 2018-ci ildə Azərbaycana etdiyi səfərləri xatırlayıb. Azərbaycanın sürətlə inkişaf etdiyini, Bakının simasının dəyişdiyini və ölkəmizdə çoxlu sayda turistin üz tutduğunu vurğulayan M.Soltanifər bildirib ki, paytaxtla yanaşı, Gəncə və Qəbələ şəhərləri də inkişaf edib. Bu inkişaf bizi sevindirir. Futbol üzrə UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinin böyük uğur və tarixi hadisə olduğunu vurğulayan M.Soltanifər bu münasibətlə Azərbaycan xalqını və dövlətini təbrik edib.

O, rəhbərlik etdiyi Nazirliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, hər iki xalq ortaq tarixə, mədəniyyətə və adət-ənənəyə malikdir. Buna görə də tarixi idman oyunları üzrə turnirin keçirilməsi zəruridir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Sonra hər iki nazir mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Həmin gün A.Rəhimov İranın Milli Olimpiya Komitəsinin sədri Salehi Əmiri ilə də görüşüb. Görüşdə əməkdaşlıq əlaqələrinin perspektivləri, birgə tədbirlərin və layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

A.Rəhimov İran Milli Olimpiya Komitəsinin Paralimpiya Akademiyası və “Azadi” İdman Kompleksi ilə tanış olub.

Görüşlərdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib. (report)

AzNews.az

image description image description image description image description image description image description image description