• Fanat
  • 9 Sentyabr 2019 09:16
  •  1 146

Serbiya voleybolçuları Avropa çempionu oldu - Türklər finalda uduzdu

Qrup mərhələsini adladıqdan sonra 1/8 finalda dayanan Azərbaycan yığması yekun sıralamada 10-cu olub

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi başa çatıb.

İlk dəfə dörd ölkədə və ilk dəfə 24 komandanın qatıldığı yarışın son günündə həlledici qarşılaşmalar baş tutub.

Türkiyə, Macarıstan, Slovakiya və Polşanın ev sahibliyi etdiyi çempionatı bürünc və qızıl medal uğrunda qarşılaşmalarla yekunlaşıb. Çempionun taleyi Serbiya və Türkiyə arasında matçda müəyyənləşib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyinə tay-brekdə aydınlıq gəlib. 3:2 (21:25, 25:21, 25:21, 22:25, 15:13) hesabı ilə qalib gələn Serbiya iki ilk öncə Azərbaycanda qazandığı titulunu qoruyub və ikisi ardıcıl olmaqla 3-cü dəfə çempionluğu bayram edib. Türkiyə Bakıdakı bürüncü gümüşə dəyişib.

Bu dəfə bürünc medala isə İtaliya yiyələnib. Apenninlilər Polşanı üç setdə məğlub ediblər – 3:0 (25:23, 25:20, 26:24).

Qeyd edək ki, final mərhələsinin daimi iştirakçılarından birinə çevrilən Azərbaycan yığması bu dəfə də turnirdə qüvvəsini sınayıb. Qrup mərhələsini adladıqdan sonra 1/8 finalda dayanan Covanni Kapraranın yetirmələri yekun sıralamada 10-cu olublar.