Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti, Onun böyük quruculuq fəaliyyəti ilə birbaşa bağlıdır. Heydər Əliyev müasir Azərbaycanın qurucusudur

Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, 1969-ci il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamız inkişaf yoluna qədəm qoydu. O dövrdə - Azərbaycanda həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi:

"Bununla da Azərbaycanın tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Ulu öndər Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. Dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Beləliklə, Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başladı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından, geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxardı və bütün ömrünü doğma xalqına həsr etdi. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək ulu öndərin əsas məqsədi idi. Respublikamızın müstəqilliyə gələn yolunu hələ o zamandan başlayan Heydər Əliyev uzaqgörən, proqmatik siyasəti ilə Azərbaycanı Sovet İttifaqında ən qabaqcıl respublikalardan birinə çevridi".

Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun oyanması, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına vəsilə olmaq idi:

"Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidməti demək idi. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər müstəqil Azərbaycanı qurdu. Bu gün də müstəqil dövlətimiz məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir. Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasətini uğurla inkişaf etdirərək Azərbaycanın davamlı yüksəlişini təmin edib və ölkəmizi dünyanın söz sahibi olan dövlətlərindən birinə çevirib". (Trend)