Türk iş adamı və azərbaycanlı sevgilisi şantaj edildi

İstanbulda türkiyəli iş adamı H.A. ilə Azərbaycan əsilli sevgilisi şantaja məruz qalıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, H.A. İstanbulun Arnavutköy rayonunda sevgilisi üçün mənzil kirayələyib, zaman-zaman onunla birlikdə bu mənzildə qalıb. Mənzil sahibi Abidə Ş. və qonşuları Əli D., Əminə D., Bişar D. isə H.A.-nı şantaj edərək böyük miqdarda pul qoparmaq niyyətinə düşüblər.

Evə oğru kimi girən bu şəxslər Azərbaycanlı qadının noutbuku və fotoaparatını götürüblər. Onlar H.A.-nın Azərbaycanlı sevgilisi ilə çəkdirdiyi fotoşəkilləri bir CD-yə yükləyərək iş adamına göndəriblər. Cib telefonuna isə mesaj göndərərək yazıblar ki, əgər 180 min dollar verməzsə, bu fotoşəkillər iş yerinə və ailəsinə göndəriləcək. Ancaq iş adamının məsələni uzatmasını görəndən sonra H.A. və sevgilisinin foto-şəklini bir məscidin divarına yapışdırıblar.

Bununla belə, iş adamından heç cür 180 min dollar ala bilməyən cinayətkar şəbəkə bu rəqəmi 24 min dollara qədər endirib. H.A.-nın şikayəti ilə hərəkətə keçən polislər Əli D. və həyat yoldaşı Əminə D. ilə qardaşı Bişar D.-nin evlərində axtarış aparıblar. Evdə iş adamının Azərbaycan əsilli sevgilisinin noutbuku və fotoaparatı tapılıb. Mənzil sahibi Abidə Ş. də saxlanılıb. Onları 6 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

AzNews.az