Tıxac həyatını xilas etdi - İstanbul terrorundan qurtulan şanslı adam

İstanbulda baş verən Reina qətliamında adı ölənlərin siyahısında yer alan iş adamı Mustafa Barının sağ qaldığı məlum olub.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, terrordan sonra Ədliyyə Tibb Qurumunun açıqladığı ölən və yaralananların siyahısında Mustafa Barının da adı olub. Televiziyadan iş adamının öldüyü xəbərini alan Barının qohumları cənazəni almaq üçün oraya yollanıblar. Ancaq bir müddət sonra qohumlarına zəng vuran Mustafa Barın ölmədiyini, həmin gün tıxaca görə Reinaya çata bilmədiyini deyib.

Hadisədən sonra mətbuata danışan iş adamı bir müddət tıxacda qaldıqdan sonra evə gəlib yatdığını bildirib:

"Reinaya getmək üçün yola çıxmışdıq. Amma yolların tıxac olduğunu gördük. İki seçimimiz var idi: ya 20-25 dəqiqə tıxacda qalmaq, ya da geri qayıtmaq. Biz ikincini seçdik. Saat 00:45 idi. Əgər getsəydik, çox böyük ehtimal qurbanlardan olacaqdıq".

İş adamı ölümü ilə bağlı xəbərlərin yayıldığını da səhər bilib:

"Səhər oyananda telefonuma yüzlərlə zəng və mesaj gəldiyini gördüm. Tez zəng vurub yaşadığımı dedim. Anam xəstədir, yaxşı ki, o görməyib".

İş adamı son olaraq hər zaman şikayət etdiyi İstanbul tıxacının bu dəfə həyatını qurtardığını vurğulayıb.