Hüquq müdafiəçisi etiraz aksiyalarında saxlanılan şəxslərlə görüşüb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov köməkçisi Elçin Şirinovla birlikdə Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan İnzibati Qaydada Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib. Bu barədə APA-ya E. Behbudov özü məlumat verib.

E. Behbudov bildirib ki, orada 26 yanvar tarixində Bakıda bir qrup gəncin keçirdiyi etiraz aksiyası zamanı saxlanılan 5 nəfərlə görüşüb: "Həmin şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Daha sonra orada saxlanılan AXCP-nin Binəqədi rayon Təşkilatının sədr müavini Paşa Dadaşovla görüşdüm. Həmin şəxs yanvarın 21-də Bakıda təbliğat vərəqələri payladığına görə 7 gün müddətinə inzibati qaydada həbs olunub. Hər hansı şikayəti yoxdur".

E. Behbudov, həmçinin yanvarın 19-da "Binə" ticarət mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanılan şəxslərlə də görüşdüyünü deyib: "Orada həmin aksiya zamanı saxlanılan 10 nəfərlə görüşdüm. Onlara qarşı münasibətdən şikayətləri olmasa da özlərini təqsirli bilmədiklərini dedilər. Bildirdilər ki, polisə daş atmayıblar. Hər hansı zorakılığa yol verməyiblər".

AzNews.az