- Köhnə - Hadisə
- 6 Yanvar 2018 18:46
- 2 820
Səudiyyə Ərəbistanında 11 şahzadə həbs olunub

Səudiyyə Ərəbistanında hökumətin zadəganlara qarşı tədbirlərinə etirazını bildirmək üçün kral saraylarından birinə gələn 11 şahzadə həbs edilib.
AzNews.az Interfax-a istinadən xəbər verir ki, şahzadələr saraydan çıxmaq barədə tələbi rədd etdikdən sonra Milli Qvardiyanın əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunanların adları açıqlanmır.
Associated Press agentliyinin məlumatına görə, şahzadələr hökumətdən kral ailəsinin elektrik və su üçün hesablarının ödənilməsinin bərpasını və həmçinin qohumlarının birinə verilən ölüm hökmünə görə hökumətin kompensasiya ödəməsini istəyiblər.
Şahzadələrin Ər-Riyaddan cənubda yerləşən və qanunsuz silahlı qruplaşma üzvlərinin saxlandığı Əl-Hair həbsxanasına aparıldığı bildirilir.
Noyabrın 5-də Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə kampaniya çərçivəsində hakim ailəyə mənsub 11 şahzadə, 4 nazir, həmçinin onlarla sabiq məmur və biznesmen saxlanılıb. Onların arasında dünyanın ən zəngin insanlarından biri şahzadə əl-Valid bin Talal da var.