“Nida”çının şikayəti təmin edilmədi

"Nida" Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizovun apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya M. Əzizovun vəkili Fariz Namazlı məlumat verib.

F. Namazlı qeyd edib ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Musaqulovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan edilib. Qərara əsasən, M. Əzizovun apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya şikayəti M. Əzizovun barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərarın ləğv edilməsi ilə bağlı olub.

Qeyd edək ki, Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il təvəllüdlü, "Odlar Yurdu" Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd "Molotov kokteyli", 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində "təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan" sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulublar.

AzNews.az