Dubaydan qanunsuz telefonların gətirilməsi aşkarlandı

Gömrükçülər Bakı Beynəlxalq Hava Limanında Azərbaycana qanunsuz mobil telefonlar gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Elşən Dəmirova məxsus əl yükünə və baqajlara gömrük nəzarəti həyata keçirilib. "X-Ray" markalı rentgen aparatı ilə aparılan baxış zamanı monitorda mobil telefonların təsvirləri görünüb və bununla əlaqədar vətəndaş şifahi sorğu-sual edilib.

Elşən Dəmirov çantasında yalnız 4 ədəd mobil telefonun olduğunu bildirərək oradan 1 ədəd "Samsung Galaxy SIII" və 3 ədəd "İphone 4S" markalı mobil telefonları çıxarıb gömrük əməkdaşına təqdim edib. Sonra o, gömrük orqanına təqdim etdiyi 4 ədəd mobil telefondan başqa bəyan olunası və gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların olmadığını bildirib.

Lakin vətəndaşın çantasına təkrar gömrük baxışı keçirilərkən oradan əlavə olaraq, 1 ədəd "Samsung Galaxy SIII" və 2 ədəd " İphone 4S" markalı mobil telefonlar aşkar edilib. Elşən Dəmirovun digər baqajına gömrük baxışı zamanı isə oradan 1 ədəd "Samsung Galaxy SIII", 1 ədəd "Samsung Galaxy S4 Zoom" markalı mobil telefonlar və 8 ədəd mobil telefon aksessuarı aşkar olunub.

Bundan başqa, vətəndaşın üzərində yoxlama zamanı ondan 3 ədəd "İphone 5" markalı mobil telefon aşkar edilib. Daha sonra E.Dəmirova məxsus sellofan paketə baxış keçirilərkən oradan da 8 ədəd mobil telefon üçün boş qutu aşkar edilib.

AzNews.az