- Siyasi müzakirə
- 21:12
- 1 001
"Mövcud dünya düzəni artıq funksional deyil" – Əli Mustafayev
"Dünya hazırda olduqca ciddi gərginlik, hətta müəyyən mənada böhran mərhələsindədir. Ümumilikdə, qeyri-ənənəvi proseslər baş verir, gözlənilməz hadisələr yaşanır. Sabit hesab olunan beynəlxalq sistem getdikcə gərginlik və qarşıdurma fazasına daxil olur. Demək olar ki, hər an və müxtəlif regionlarda kiçik və böyük münaqişələr, iki və ya daha çox dövlət arasında toqquşmalar və müharibə riskləri yaranır. Bütün bunları sadə şəkildə izah etmək çətindir. Daha əsaslı izah ondan ibarətdir ki, mövcud dünya düzəni artıq funksional deyil və öz aktuallığını itirib. Yeni dünya düzəninin formalaşması zərurətə çevrilib. Lakin bu proses ciddi kataklizmlər, qarşıdurmalar və qeyri-standart yanaşmalarla müşayiət olunur. Eyni zamanda, bəzi ənənəvi ittifaqlar zəifləyir və ya dağılır, onların yerində yeni birliklər formalaşır. Bu mərhələdə qeyri-ənənəvi metodlardan da geniş istifadə olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, 2026-cı ilin mart–aprel ayları beynəlxalq siyasətdə həm regional, həm də qlobal səviyyədə gərginliyin nəzərəçarpacaq dərəcədə artdığı dövr kimi xarakterizə olundu. Avropa İttifaqı, Böyük Britaniya, Asiya və Yaxın Şərq kimi müxtəlif coğrafiyalarda siyasi və iqtisadi maraqların toqquşması diplomatik münasibətlərin daha da çətinləşməsinə səbəb oldu. Bu vəziyyət qlobal güclər arasında rəqabətin intensivləşməsi, strateji ittifaqların yenidən qurulması və beynəlxalq təşkilatların rolunun daha çox müzakirə predmetinə çevrilməsi ilə nəticələndi. Paralel olaraq, ortaya çıxan böhranlar yeni əməkdaşlıq formatlarına ehtiyacın aktuallaşdığını göstərdi. Bu da beynəlxalq münasibətlər sistemində daha çevik yanaşmaların və yeni idarəetmə mexanizmlərinin formalaşmasının vacibliyini ön plana çıxardı.
Siyasi şərhçi qeyd edib ki, ümumilikdə aydın görünən odur ki, yeni dünya düzəni məhz ciddi ziddiyyətlər və münaqişələr fonunda formalaşır.
"Belə bir şəraitdə normalda beynəlxalq təşkilatlar daha aktiv rol oynamalı, prosesləri nəzarətdə saxlamalı, münaqişələrin həllinə və böhranların aradan qaldırılmasına töhfə verməlidir. Lakin müşahidə olunan mənzərə fərqlidir – bu qurumlar daha çox passiv mövqe sərgiləyir, hadisələri izləməklə kifayətlənir. Bunun müxtəlif izahları mümkündür. Əsas səbəblərdən biri isə odur ki, bu təşkilatları yaradan və onlara səlahiyyət verən böyük güclər artıq həmin mexanizmlərin aktiv rol oynamasını məqsədəuyğun hesab etmirlər. Nəticədə, əsas qərarlar yenidən böyük dövlətlər tərəfindən birbaşa qəbul olunur və proseslər onların nəzarəti altında idarə edilir. Məsələn, Rusiyanın Ukraynada apardığı müharibə, ABŞ-nin İranla münasibətlərində artan gərginlik, həmçinin Venesuela və Kuba ilə bağlı siyasətlər bu tendensiyanı açıq şəkildə göstərir. Halbuki, İkinci Dünya müharibəsindən sonra məhz bu böyük güclər beynəlxalq təşkilatları yaradaraq müəyyən səlahiyyətləri onlara həvalə etmişdilər. Bu qurumlar əslində bir növ qlobal konsensus və razılaşma mexanizmi kimi formalaşmışdı. Hazırda isə həmin konsensus zəifləyir, əvvəlki razılaşmalar faktiki olaraq qüvvəsini itirir. Yeni dünya düzəninin hansı model əsasında qurulacağı, hansı təhlükəsizlik arxitekturasının formalaşacağı isə hələlik aydın deyil. Belə bir şəraitdə beynəlxalq təşkilatların mövcud reallığa uyğunlaşmaq imkanları da məhduddur. Hətta uyğunlaşmaq istəsələr belə, əsas güclərin buna imkan verməməsi ehtimalı yüksəkdir. Bu səbəbdən də onlar passiv mövqedə qalmaqda davam edirlər. Görünən odur ki, yeni dünya düzəni formalaşdıqca beynəlxalq mexanizmlər də ya yenidən qurulacaq, ya da mövcud qurumlar modernləşdirilərək yeni şərtlərə uyğunlaşdırılacaq. Hazırda isə proses davam edir və hələ yekun nəticə barədə danışmaq tezdir. Zaman keçdikcə beynəlxalq təşkilatların yeni dünya düzənində rolu daha aydın şəkildə müəyyənləşəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az