Bakıdakı məşhur restoranlardan birində zəhərlənmə

Bakı şəhərində olan məşhur restoranda şam yeməyi müştəriyə həyatı bahasına başa gələ bilərdi. Vaxtında görülmüş tədbir və həkim müdaxiləsi gənc qızın ölümünün qarşısını alıb. Təxminən iki həftə əvvəl Fəvvarələr meydanında yerləşən məşhur "İl Patio" restoranında başlarına gələn hadisəni Fərəh adlı oxucu olduğu kimi milli.az a yazıb:

"Sentyabrın 21-də saat 22:10 radələrindən etibarən "İl Patio" restoranında həyat yoldaşım və bacımla suşi sifariş verdik. Suşini yedikdən sonra evə getdik və yolda bacım yeməyin boğazında olduğunu dedi. Fikirləşdim, yəqin çox yeyib. Yollarımız ayrıldı, ancaq gecə saat 2 radələrindən bacım qusub, qarın ağrısı başlayıb. Atam bacımın vəziyyətinin ağır olduğunu görüb təcili yardım çağırıb. Dərhal xəstəxanaya çatdırılan bacımın mədə və bağırsağını yudular. Beş gün 1 saylı Şəhər Xəstəxanasında müalicə olunduqdan sonra evə buraxıldı, ancaq 3 ay pəhriz saxlamalıdır".

Oxucu yazır ki, hadisədən sonra restoranın inzibatçısı ilə əlaqə saxlasa da, onlardan aldığı cavab ürəkaçan olmayıb: "Dedilər ki, çox qonağımız olub, heç kim zəhərlənməyib sizdən başqa. Üçünüz də yemisiniz, amma bir nəfər zəhərlənib, ona görə də bizlik deyil dedilər. Həkimlər isə deyir ki, şərt o deyil ki balıqdan hamı zəhərlənsin. Balığın zəhərli hissəsi ola bilər. Analizin cavabları ilə hər yerə müraciət edəcəm. İnsanların həyatı ilə oynamazlar. Biz çox restorana gedirdik, amma artıq söz vermişik ki, bir də çaydan başqa heç bir sifariş verməyək".

Məsələ ilə bağlı restoranın meneceri Fuad Umarov Milli.Az-a bildirdi ki, "İl Patio"-da bütün ərzaqlar təzə olur.

Menecerin sözlərinə görə, restoranda verilən yeməyə cavabdehdir: "Əgər restoranda zəhərlənsəydi, bir neçə nəfər olardı. Bizim müştərilər çoxdur, əgər həmin gün balıqda problem olsaydı, bir neçə nəfər zəhərlənərdi. Aldığımız balıq bir gün ərzində qurtarır, yəni köhnə ola bilməz. Yəqin ki suşidən yox, başqa yeməkdən olub".

F.Umarov qeyd etdi ki, suşini hər adamın mədəsi götürmür: "Ola bilər ki, suşi yeyəndən sonra üstündən nəsə yeyib və zəhərlənib. Şuşi də yad mətbəxdir. Ona görə də zəhərlənən kimi ağıla ilk gələn suşi olur".

AzNews.az