Bakıda əl qumbarası tapıldı- FOTO

Bakıda partlayıcı qurğu aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX) APA-ya verilən məlumata görə, oktyabr 8-i saat 11:32-də Nərimanov rayonu Əliyar Əliyev küçəsi, 19 ünvanında partlayıcı qurğunun olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən XRXX-nin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə çıxıblar.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, vətəndaş zibil yeşiyinin yanında şübhəli əşya görüb və yaxınlıqda xidmət aparan polis əməkdaşına məlumat verib. Polis əməkdaşları əşyaya baxış zamanı partlayıcı qurğu olduğunu aşkar ediblər.

Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatına başlayıblar.

Xidmətin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd "RQ-5" əl qumbarası, AK avtomat silahın 1 ədəd darağı və 23 ədəd 7,62 millimetr çaplı patronu aşkar olunub.

Xidmətin mütəxəssisləri tərəfindən müəyyən olunub ki, əl qumbarası təlim üçündür və döyüş tətbiqinə yararsızdır. Aşkar edilmiş AK avtomat silahın darağı və patronlar aidiyyəti üzrə təhvil verilib.

Adıçəkilən ərazidə mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra digər partlayış təhlükəli əşya aşkar olunmayıb.

AzNews.az