Bakı sakini su kanalına düşərək boğuldu - Göyçayda

Oktyabrın 18-də Göyçay rayonuna qonaq gələn Bakı sakini su kanalına düşərək boğulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini 1946-cı il təvəllüdlü Kamil Qəhrəmanov Göyçayın Cəyirli kənd sakini, yenicə qohum olduğu qudası Ağmusa İsmayılovun ailəsinə qonaq gəlib. Gəzinti üçün bu gün səhər saat 12:00 radələrində Yuxarı Şirvan kanalının kənarına çıxan K.Qəhrəmanov suya düşüb.

Məlumata görə, 67 yaşlı kişi rayonun Potu kəndi ərazisində nar yedikdən sonra su ilə əlini yumaq üçün kanalın kənarına düşmək istəyib və ehtiyatsızlıq etdiyindən ayağı sürüşərək kanala düşüb.

Qohumlar və hadisə şahidləri dərhal FHN-nin "112" qaynar telefon xəttinə müraciət edib. Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki "Aran" dalğıc qrupu cəlb olunub. Xilasediclər tərəfindən həmin şəxsin meyitinin tapılması istiqamətində bu gün axşamadək həyata keçirilən axtarışlar nəticəsiz qalıb. Sabah su kanalında axtarış işləri davam etdiriləcək.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


AzNews.az