Şirkət rəhbəri və əməkdaşı həbs edildi

Bakıda söküntü işlərini həyata keçirən şirkətin rəhbəri və əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, yanvarın 25-də paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı.
Aparılmış istintaqla söküntü işlərini həyata keçirən "Araz-2011A" MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları" və "Tikintidə təhlükəsizlik texnikası" norma və qaydalarının tələblərini pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.


AzNews.az