“Azəriqaz”dan AXCP-dəki partlayışla bağlı açıqlama

"Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ofisinin yerləşdiyi qeyri-yaşayış sahəsində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

İstehsalat Birliyindən AzNews.az- axil olan məlumatda bildirilir ki, martın 3-də Bakı şəhəri Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğınla müşayiət olunan partlayışın təbii qazla heç bir bağlılığı yoxdur.

Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd edildiyi kimi, hadisə yerinə ilkin baxış zamanı biri tam dağılmış, digəri isə yanğının təsirinə məruz qalmış 2 ədəd propan qaz balonu aşkar edilmiş, təmizləmə işləri aparılmaqla hadisə yerinə baxışın keçirilməsi davam etdirildiyi zaman isə qeyri-yaşayış sahəsinin alqı-satqı üçün icarəyə götürülmüş hissəsində, qapıdan sol tərəfdə olan yanğından sonrakı qalıqların arasından masa üstü tipli bir gözlü qaz plitəsi, ona qoşulmuş rezin qaz borusu, rezin qaz borusunun əlavə hissəsi, otağın təxminən orta hissəsində qaz balonunun parçalanmış gövdəsinin bir hissəsi, qapı ilə üzbəüz olan divarın yanında qaz balonunun gövdəsinin altlığı və qaz plitəsinin üzərinə qoyulan metal barmaqlıq, eləcə də müxtəlif növ elektrik naqilləri, üçlüklər və bir ədəd elektrik açarı aşkar olunaraq götürülüb.

Baxış zamanı qeyri-yaşayış sahəsinin alqı-satqı ofisi kimi icarəyə götürülmüş otağının arakəsmə divarlarının dağılma və uçma əlamətlərinə əsasən, partlayışın (yanğının) mənbə zonasının məhz həmin otağın içərisində yerləşməsi müəyyən edilib.

Həmin otağın içərisində qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istismar edilməməsi nəticəsində baş verməsinə xarakterikdir.

"Azəriqaz" İB bir daha bütün abonentlərə qazdan istifadə edərkən ehtiyatlı olmağı tövsiyə edir.

AzNews.az